Astarada görüş

69

 

Hər bir yaşayış məntəqəsində əhali ilə keçirilən səyyar qəbul və görüşlər razılıqla qarşılanır, vətəndaşların arzu və təklifləri dinlənərək həlli üçün tapşırıqlar verilir, icrası nəzarətə götürülür.

Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin əhali ilə növbəti səyyar qəbul və görüşü aprelin 9-da Deqədi kəndində olmuşdur.

207 təsərrüfatı, 1171 nəfər əhalisi olan kənddə ümumi orta məktəb, klub və digər mədəni-maarif müəssisələri vardır. Əhalinin əsas məşğuliyyəti əkinçilik, çayçılıq, sitrusçuluq və maldarlıqdır.

Kijəbə qəsəbə ərazi icra nümayəndəsi Rafael Babayev icra başçısının ötən görüşündən sonra vətəndaşların təklif və müraciətlərinin yerinə yetirilməsi ilə əlaqədar görülən işlər barədə məlumat vermişdir.

Kənd sakinlərindən Mehdi Məmmədov, Şairağa Qasımov, Zikrulla Salayev, İbrahimxəlil Fərziyev və başqaları çıxış edərək ölkə Prezidentinin diqqət və qayğısı ilə ölkəmizdə, o cümlədən rayonumuzda görülən genişmiqyaslı işlərdən razılıqla danışmışlar. Əhali ilə mütəmadi görüşlərinə görə İcra Hakimiyyətinin başçısı Q.Ağayevə minnətdarlıq edən sakinlər ötən görüşdə qaldırılan bir sıra məsələlərin operativ şəkildə yerinə yetirildiyini diqqətə çatdırmışlar. Onlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Deqədi-Pəlikəş avtomobil yolunun çəkilişi ilə əlaqədar Sərəncam imzalaması və bu sərəncama uyğun olaraq həmin yolun tikintisinin sürətlə davam etdirilməsinə görə həmin ərazidə yaşayan bütün sakinlər adından dərin təşəkkür və minnətdarlıqlarını bildirmişlər.

Çıxış edənlər Deqədi kəndinə qaz çəkilməsi, tibb məntəqəsinin bərpa edilməsi, mövcud elektrik təsərrüfatının yenidən qurulması, istifadəyə yararsız dirəklərin və naqillərin dəyişdirilməsi barədə arzu və təkliflərini vermişlər.

Rayon İcra hakimiyyətinin başçısı Q.Ağayev kənd sakinlərini salamlamış, ötən görüşdən sonra ərazidə görülən işlərdən razılığını bildirmişdir.

Son illərdə respublikamızda, o cümlədən rayonumuzda aparılan geniş abadlıq və quruculuq işləri barədə ətraflı məlumat verən Q.Ağayev hətta ən ucqar ərazidə yerləşən yaşayış məntəqələrində bu sahədə genişmiqyaslı işlərin görüldüyünü diqqətə çatdırmışdır. Uzun illər Deqədi kəndindən Pəlikəş icra nümayəndəliyinə qədər olan avtomobil yolu bərbad halda olduğundan əhali həmişə ciddi çətinliklərlə üzləşirdi. Bu gün böyük fərəh hissi ilə deyə bilərik ki, 12 min əhalinin rahat gediş-gəlişi üçün Deqədi-Pəlikəş avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. 21 kilometr məsafəni əhatə edəcək bu yolda nəqliyyatın təhlükəsiz və rahat hərəkəti üçün hər cür şərait yaradılacaqdır.

İcra başçısı kənd sakinlərinin qaldırdıqları məsələlərə münasibət bildirərək kəndin qazlaşdırılması, istifadəyə yararsız elektrik dirəkləri və naqillərinin dəyişdirilməsi, əhaliyə fasiləsiz elektrik enerjisinin verilməsinin təmin olunması barədə tapşırıqlar vermişdir.

Deqədi kəndində tibb məntəqəsinin bərpası ilə əlaqədar aidiyyəti üzrə müraciət edildiyini diqqətə çatdıran icra başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən bütün ölkədə əhalinin tibbi müayinədən keçirilməsi ilə əlaqədar görülən tədbirlər barədə məlumat vermişdir.

İcra başçısı məlumat üçün bildirdi ki, ümumilikdə rayonumuzun bütün yaşayış məntəqələrində həlli vacib olan məsələlər “Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na salınmışdır.

Rayon İcra hakimiyyətinin başçısı Q.Ağayev respublikamızda bugünkü inkişafın təməlində ulu öndər Heydər Əliyevin uzaqgörən və müdrik siyasətinin olduğunu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu siyasəti layiqincə davam etdirdiyini bildirmişdir.

Sonra rayon İcra Hakimiyyətinin başçısı Q.Ağayev Deqədi-Pəlikəş avtomobil yolunun tikintisinin gedişi ilə maraqlanmış, tövsiyə və tapşırıqlarını vermişdir.