Astarada hesabat

84

 

Astara rayon icra Hakimiyyətində 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir. Rayon İcra Hakimiyyəti aparatının işçiləri, Şura üzvləri, hüquq mühafizə orqanları, idarə və təşkilat rəhbərləri, ərazi inzibati dairə üzrə nümayəndələr, qeyri hökumət təşkilatların nümayəndələri, bələdiyyə sədrləri yığıncaqda iştirak etmişlər.

Yığıncağı giriş sözü ilə açan Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev yanvar ayının 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunları və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının nitqində qeyd olunan əsas məqamlara toxunmuş, ölkəmizin sosial-iqtisadi mənzərəsini əks etdirən konkret rəqəmləri bir daha diqqətə çatdırmışdır.

Natiq 2013-c üilin yekunları barədə məruzəsində qeyd etmişdir ki, ötən il makroiqtisadi göstəricilərin müsbət dinamik templə, o cümlədən ümumi daxili məhsulun göstəricisinin, ümumi daxili məhsulda sənayenin payının orta aylıq əmək haqqı və pullu xidmətlərin həcminin artması, qeyri-neft sektorunun inkişaf etməsi, eyni zamanda inflyasiyanın həcminin əhalinin pul gəlirlərinin artım hissəsindən aşağı olması ölkə iqtisadiyyatının şaxələnməsinə yönəlmiş strateji iqtisadi kursun uğurla icra olunmasını nümayiş etdirir.

Əhalinin maddi və sosial rifah halının daha da yaxşılaşdırılması məqsədilə qəbul edilən bütün dövlət proqramlarının və layihələrin uğurla icrasına, o cümlədən elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət və idman obyektlərini özündə birləşdirən sosial layihələrin, elektrik enerjisi və təbii qaz təchizatı, içməli su və kanalizasiya sistemlərinin yaradılması, magistral yolların çəkilişi, kənd yollarının yenidən qurulması və yeni yolların inşası, meliorasiya və irriqasiya tədbirlərinin genişləndirilməsi işlərinin həyata keçirilməsinə 2013-cü ildə nail olunmuşdur.

Azərbaycan Respublikasının hər yerində olduğu kimi, rayonumuzda da sosial-iqtisadi inkişaf sahəsində yüksək nailiyyətlərin, əlamətdar hadisələrin zəngin olduğu vurğulanmış, 4 sentyabr 2013-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev rayona səfəri zamanı Mərkəzi Xəstəxananın əsas korpusunun, sərhədçilər üçün 75 mənzilli yaşayış binasının, Astara Boks Mərkəzinin və Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə avtomobil yolunun açılışlarında iştirak edərək ictimaiyyət nümayəndələri ilə görüşü xatırlanmışdır.

Astaraya səfərindən sonra Möhtərəm Prezidentimiz 12 sentyabr 2013-cü il tarixli Sərəncamları ilə Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 2 milyon, Deqədi-Pəlikəş avtomobil yolunun tikintisi məqsədi ilə ilkin olaraq 2 milyon manat maliyyə vəsaiti ayırmışdır. Təkcə bir il ərzində cənab Prezident Astara rayonunun sosial-iqtisadi inkişafı ilə əlaqədar 3 sərəncam imzalamışdır. Bu sərəncamlarla ümumilikdə rayona 7,3 milyon manat vəsait ayrılmışdır.

Bu da rayonun sosial-iqtisadi inkişafı, tikinti-quruculuq və abadlıq işlərinin ardıcıl inkişafını daha da sürətləndirmişdir.

2013-cü ildə rayonun yerli gəlirləri 4 milyon 623 min manata qarşı 4 milyon 915 min manat icra olunmuş, bu da 106 % təşkil edir.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul buraxılışı və xidmətlərin həcmi 11,7 % və ya müqayisəli qiymətlərlə 15 milyon 750 min artaraq 151 milyon 390 min manata çatmışdır. Orta hesabla bir nəfərə düşən ümumi məhsul buraxılışının həcmi 1486 manat təşkil etmişdir.

İnşaat işlərinin aparılması üçün 2013-cü ildə bütün maliyyə mənbələrindən əsas kapitala 31 milyon 352 min manat məbləğində vəsait yönəldilmişdir. Bu da keçən illə müqayisədə 38 faiz artım deməkdir.

İkinci Dövlət Proqramının icrası rayonda uğurla başa çatmışdır. Dövlət Proqramlarının icrası tikinti-quruculuq və abadlıq işlərinin geniş vüsət almasına, infrastrukturun yaradılmasına səbəb olmuşdur. Yeni məktəb binaları tikilmiş, körpülər salınmış, yollar asfaltlaşdırılmış, yaşayış məntəqələrinin qazlaşdırılması sürətləndirilmiş, küçə və meydanlar abadlaşdırılmışdır. Beləliklə, 5464-ü daimi olmaqla 5873 yeni iş yeri yaradılmışdır.

İcra başçısı il ərzində rayonda abadlıq və quruculuq işlərinin daha geniş vüsət aldığını qeyd etmiş, Heydər Əliyev prospektinin hər iki tərəfində yeni hasarların hörüldüyünü, 9 min 500 m2 travertin materialından üzlüklər çəkildiyini diqqətə çatdırmışdır. Şəhər 1 saylı tam orta məktəbin qarşısında yeni dizaynda bağ salınmışdır. Astara Uşaq Musiqi məktəbinin,14 ictimai yaşayış binasının dam örtükləri dəyişdirilmiş və 4 ictimai binanın fasadı yenidən qurulmuşdur. Nizami və Qum küçələrindəki hasarlar yenidən hörülmüş, Bayraq Meydanının ətrafında geniş abadlıq işləri aparılmış, küçələrdə küvetlər təmir edilmişdir. Şəhərin küçə və meydanlarının işıqlandırılmasını daha da yaxşılaşdırmaq məqsədilə Heydər Əliyev prospektində və digər küçələrdə elektrik dirəkləri yenisi ilə əvəz edilmiş, müasir işıqlandırma sistemləri quraşdırılmışdır.

Tikinti-quruculuq, abadlıq işləri qəsəbə və kəndlərimizdə də sürətlə davam etdirilmişdir. Dövlət Proqramının icrası ilə əlaqədar Telman, Sağlazüzə, Motlayataq, Şuvi, Vaqo, Siyaku, Hamoşam, Rudəkənar və Asxanakəran kəndlərində yeni məktəb binaları tikilib istifadəyə verilmişdir. Suparibağ, Əzərud və Anboba kəndlərində məktəb binalarının tikintisi davam etdirilir.

Ərçivan qəsəbəsində Astara Boks Mərkəzinin tikintisi, yeni parkın salınması və qəsəbədən keçən magistral yolun işıqlandırılması başa çatdırılmışdır. Siyaku-Rinə yolu 5 km, Ərçivan qəsəbəsində 1 km, Pensər kəndində 1,4 km, Şiyəkəran kəndində 1,6 km, Seləkəran kəndində 1,3 km kənd ara yolları və şəhər 4 saylı orta məktəbinə gedən yol asfaltlaşdırılmışdır.

Daxili imkanlar hesabına Hamoşam, Asxanakəran və Pəlikəş ərazi nümayəndəliklərinə və Ojakəran-Pəlikəş-Şəvqo kəndləri istiqamətinə gedən yolların təmiri başa çatdırılmışdır. Pəlikəş ərazi nümayəndəliyinin Çükəş və Şümrüd çayları üzərində yeni körpülər inşa edilmiş, Doli kəndinə elektrik enerjisi verilməsi təmin olunmuşdur.

2013-cü ildə əhalinin qaz təchizatının daha da yaxşılaşdırılması məqsədi ilə Astara Qaz İstismarı Sahəsi tərəfindən 2 min 584 evin qazlaşdırılmasını həyata keçirilmişdir. Şuvi, Sərək, Vəznəş və Şahağacı kəndlərinin qazlaşdırılması başa çatdırılmış, rayonda qazlaşmanın səviyyəsi 73 %-i keçmişdir. Astara şəhərinin və Ərçivan qəsəbəsinin qaz şəbəkəsi yenidən qurulmuşdur.

Astara Elektrik Şəbəkəsi əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatı sahəsində müəyyən işlər görmüşdür. Xətt təsərrüfatında naqillərin, dirəklərin, transformatorların təmiri və yenisi ilə əvəz edilməsi sahəsində görülən işlərlə yanaşı əhalinin normal elektrik enerjisi ilə təminatı üçün daha çox iş görülməlidir. Müəssisənin rəhbərliyi enerji təminatının daha da yaxşılaşdırılması üçün əməli tədbirlər həyata keçirməlidir.

Suvarma Sistemləri İdarəsi tərəfindən rayonun əkin sahələrinin, yaşayış məntəqələrinin sel sularından mühafizəsi üçün bir sıra tədbirlər həyata keçirilmiş, ümumilikdə 70 min p/m suvarma və suötürücü kanallar təmizlənmiş, sel sularının normal axıdılması təmin edilmişdir. Rayon ərazisindən keçən çaylarda sel təhlükəsini aradan qaldırmaq üçün qabaqlayıcı tədbirlər görülmüşdür. Pensər çayında 662 p/m məsafədə sahil bərkitmə işləri aparılmışdır.

Rayonda kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində də uğurlarun qazanıldığı vurğulanmışdır. Çay plantasiyalarından, tərəvəz, taxıl, kartof sahələrindən bol məhsul yığılmışdır. Bu il 45 min ton tərəvəz, 11 min 600 ton kartof, 379 ton yaşıl çay yarpağı, 3358 ton dənli-paxlalı məhsul, o cümlədən 674 ton çəltik istehsal edilmişdir. Heyvandarlıq sahəsində mal-qaranın baş sayı və heyvandarlıq məhsulları istehsalı artmışdır. Diri çəkidə 3546 ton ət, 30 min ton süd, 6 milyon ədəd yumurta istehsal olunmuşdur. Ötən illə müqayisədə iri və xırda buynuzlu mal-qaranın sayı artaraq cəmi 75 min başa çatmışdır.

2013-cü ildə taxıl əkininə və məhsul istehsalında sərf olunan yanacaq və motor yağlarına görə 869 fermer və fiziki şəxslərə ümumilikdə 98 min manat subsidiya verilmişdir. Bu da əkin sahələrinin genişlənməsinə, heyvandarlığın daha da inkişaf etdirilməsinə səbəb olmuşdur.

Sahibkarlığın inkişaf etdirilməsi ilə əlaqədar Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 19 nəfər sahibkara 267 min manat məbləğində güzəştli kredit verilmişdir. Bu da sahibkarların məhsul istehsalına olan marağını artırmış və yeni iş yerləri yaradılmışdır.

Əhalinin Sosial Müdafiəsi Mərkəzi və Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi pensiya və müavinətlərin vaxtında verilməsini təmin etmişdir. Bununla yanaşı ünvanlı sosial yardımın təyinatı zamanı yol verilmiş nöqsanlar əhalinin haqlı narazılığına səbəb olmuşdur. Təyinatın düzgün aparılmaması, süründürməçilik hallarına yol verilməsi, eyni zamanda vətəndaşlara vaxtında təminedici cavablar verilmədiyindən onlar rayon icra hakimiyyətinə və yuxarı təşkilatlara müraciətlər etmişlər. Yol verilmiş nöqsanların aradan qaldırılması üçün Əhalinin Sosial Müdafiəsi Mərkəzinin rəhbərliyi əməli tədbirlər görməlidir.

2013-cü il İnformasiya Kommunikasiya Texnologiyaları ili kimi tarixə düşmüşdür. Bu sahədə ölkəmizdə qazanılan nailiyyətlər hamımızı fərəhləndirir.

Rabitə və poçt sahəsində rayonda müəyyən işlər görülmüşdür. Bununla yanaşı Telekommunikasiya qovşağının fəaliyyəti yaşayış məntəqələrini tam əhatə edə bilməmişdir. Hələ də bəzi yaşayış məntəqələrdə stasionar telefon xətləri olmadığından burada internet xidmətindən istifadə etmək olmur. Telekommunikasiya qovşağının rəhbərliyi bütün kəndlərə telefon xətlərinin çəkilməsinə səy göstərməlidir.

Ötən il həyata keçirilən vacib tədbirlərdən biri də rayon əhalisinə səyyar “Asan” xidmətin təşkili olmuşdur. Həftə ərzində 13 xidmət növü üzrə 1212 nəfər vətəndaşa xidmət göstərilmişdir. Bu da rayon əhalisinin böyük razılığına səbəb olmuşdur.

Rayon Təhsil şöbəsinin 2013-cü ildə əldə etdiyi nəticələr uğurlu olmuşdur. 172 məzunumuz respublikanın müxtəlif ali məktəblərinə daxil olmuş, onlardan 6-sı 600-dən yuxarı, 20-si 500-dən yuxarı bal toplamışdır. Ümumtəhsil məktəblərinin maddi-texniki bazası möhkəmləndirilmiş, təhsil müəssisələri lazımi avadanlıqlarla təmin edilmişdir.

2013-cü il səhiyyə işçiləri üçün daha əlamətdar olmuşdur. Mərkəzi Xəstəxananın yenidən qurulması və əsaslı təmirdən sonra açılışında Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin iştirakı, səhiyyə işçiləri və ictimaiyyət nümayəndələri ilə görüşü, verdiyi tövsiyə və tapşırıqları rayon əhalisinin sağlamlığına göstərilən yüksək diqqət və qayğının əyani təzahürüdür. Artıq sakinlərimiz müalicə və müayinədən ötrü başqa rayonlara və xarici ölkələrə getmədən müasir tibbi avadanlıqlarla təchiz olunmuş xəstəxanada tibbi xidmətlərdən yararlana biləcəklər.

Onu da qeyd etmək vacibdir ki, ən müasir avadanlıqlarla təchiz olunmuş xəstəxanada ixtisaslı həkim kadrlarına ciddi ehtiyac vardır. Mərkəzi Xəstəxananın rəhbərliyi zəruri ehtiyac olan mütəxəssislərin cəlb olunmasına səy göstərməli, əhaliyə təcili tibbi yardımın göstərilməsi işini daha da yaxşılaşdırmasına nail olmalıdır.

Icra başçısı daha sonra qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq Ulu Öndərimiz Heydər Əliyevin 90 illik yubileyləri ilə əlaqədar rayon icra hakimiyyətinin tədbirlər planına uyğun şəhər, qəsəbə və kənd ərazi nümayəndəliklərində, idarə, müəssisə və təşkilatlarda tədbirlər keçirilmişdir. Kijəbə qəsəbəsində Heydər Əliyev parkı tikilib istifadəyə verilmiş, orada Ulu Öndərin büstü qoyulmuşdur. Fərəhli haldır ki, rayonumuzda ilk dəfə olaraq Rusiya, Türkiyə, Özbəkistan və Hindistandan gəlmiş tanınmış alimlərin və Azərbaycanın görkəmli elm xadimlərinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan “İKT və Qloballaşma” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

Mədəniyyət müəssisələrində, mədəniyyət evi, muzey, klub və kitabxanalarda əlamətdar və tarixi günlərlə əlaqədar mədəni-kütləvi tədbirlər həyata keçirilmişdir. Heydər Əliyev Mərkəzində Ulu öndərin irsinin öyrənilməsi ilə əlaqədar tarix dərsləri, elmi praktiki konfranslar, məktəblilərin iştirakı ilə sərgilər təşkil olunmuş, açıq qapı günləri keçirilmişdir.

Bununla yanaşı mədəniyyət müəssisələrinin fəaliyyəti, keçirilən mədəni-kütləvi tədbirlərin keyfiyyəti, tarixi və mədəni abidələrin mühafizəsi günün tələblərinə cavab vermir. Tarix diyarşünaslıq muzeyinin fəaliyyəti hiss olunmur. Rayonda Turizmin inkişafı üçün əlverişli şəraitin olmasına baxmayaraq iş adamlarının turizm və istirahət obyektlərinin yaradılmasına cəlb olunması sahəsində Mədəniyyət və Turizm şöbəsinin fəaliyyəti qənaətbəxş olmamışdır. İş adamlarına müraciət edərək demək istəyirəm ki, turizmin inkişafı ilə əlaqədar təqdim olunacaq bütün təkliflər dəstəklənəcəkdir. Rayon mədəniyyət və turizm şöbəsinin rəhbərliyi turizmin inkişafı təşəbbüskarlığı artırmalı, intizamı möhkəmləndirilməsi və xidmətin səviyyəsinin yaxşılaşdırılması üçün əməli tədbirlər həyata keçirməlidir.

İdmançılarımız respublika birinciliklərində, çempionatlarında və beynəlxalq turnirlərdə 225 medal qazanmışlar. Onlardan 81-i qızıl, 99-u gümüş və 45-i bürünc medallar olmuşdur. Bu medalların 20-si beynəlxalq yarışların payına düşür.

Rayon Gənclər və İdman idarəsinin rəhbərliyi gənclərin asudə vaxtının təşkili, onların fiziki, mənəvi və hərbi vətənpərvərlik ruhunda tərbiyəsi ilə bağlı mədəni-kütləvi, idman tədbirlərinin keçirilməsinə və idman klublarının yaradılmasına nail olmalı, gənclərin fiziki hazırlığını yaxşılaşdırmaq məqsədilə şəhər, qəsəbə və kəndlərdə idman yarışlarının təşkilinə, bütövlükdə idmanın kütləviliyinin genişləndirilməsinə diqqəti artırmalıdır.

Rayon İcra Hakimiyyəti müstəqil respublikamızın müdafiə qüdrətinin möhkəmləndirilməsi istiqamətində bütün tədbirləri həyata keçirmişdir. 2013-cü il ərzində 596 nəfər gənc həqiqi hərbi xidmətə yola salınmışdır.

Rayonda ictimai təhlükəsizliyin və sabitliyin təmin olunması sahəsində müəyyən işlər görülsə də nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi sahəsində nöqsanlar narahatlığa səbəb olur. Hərəkətin təhlükəsizliyinə əməl etməyən, yol hərəkəti qaydalarını pozan sürücülər barəsində bir sıra tədbirlər görülməsinə baxmayaraq bu sahədə nöqsanlar tam aradan qaldırılmamışdır. Dövlət Yol Polisi əməkdaşları hərəkətinin təhlükəsizliyini təmin olunması üçün sürücülərə qarşı tələbkarlığı artırmalıdırlar.

Rayonda 14 siyasi partiya, 16 ictimai birlik və qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. 6137 nəfər üzvü olan Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatı keçirilən bütün tədbirlərdə yaxından iştirak edir, rayonun ictimai-siyasi həyatında fəallıq göstərir.

Ojakəran, Şuvi, Səncərədi, Şahağacı, Pəlikəş, Asxanakəran və Hamoşam bələdiyyələrinin yerli əhəmiyyətli məsələlərin həllində ərazi nümayəndəlikləri ilə qarşılıqlı əlaqəli fəaliyyəti qənaətbəxş olmuşdur.

Bələdiyyələrin ərazi nümayəndəlikləri ilə birgə işi nəticəsində Ərçivan çayının lildən və tullantılardan təmizlənərək genişləndirilməsi, Pəlikəş-Dolu-Şəvqo kəndlərinə yeni avtomobil yolunun çəkilişi, Pensər-Telman, Burzubənd-Pəlikəş yolunun təmiri vətəndaşlar tərəfindən böyük razılıqla qarşılanmışdır.

Respublikada, o cümlədən rayonda görülən tikinti-abadlıq işləri, sosial-iqtisadi inkişaf sahəsində əldə edilən uğurlar, ictimai-siyasi tədbirlər yerli “Astara” qəzetində mütəmadi işıqlandırılmışdır.

2013-cü ildə rayon İcra Hakimiyyətinə 1438 ərizə, şikayət və müraciət daxil olmuş, 2012-ci illə müqayisədə 34 ərizə və şikayət azalmışdır. 2013-cü ildə rayon icra hakimiyyəti başçısının qəbulunda 970 vətəndaş olmuşdur. Keçirilən 43 səyyar görüş-qəbullarda 2750 nəfərdən çox vətəndaş iştirak etmişdir.

Ərizə və şikayətlərin azalmasının əsas səbəblərindən biri rayon icra hakimiyyəti başçısının yaşayış məntəqələrində səyyar qəbul-görüşlərin keçirilməsi olmuşdur. Qrafik əsasında rayon icra hakimiyyətinin başçısı ayda 4-5 dəfə ayrı-ayrı kəndlərdə səyyar qəbul-görüşlər keçirmiş, həmin qəbullar zamanı edilən müraciətlər əsasında yerində aidiyyəti üzrə tapşırıqlar verilmiş, icrası təmin olunmuş, həlli mümkün olmayan məsələlərə aydınlıq gətirilmiş, nəticəsi barədə vətəndaşlara cavablar verilmişdir.

Ötən il vətəndaşların müraciətləri əsasında rayonda qaz xətlərinin yenidən qurulması, əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatı, kənd ara yollarının təmiri və asfaltlaşdırılması, körpülərin salınması, kanalların təmizlənməsi, sahilbərkitmə işlərinin aparılması, ictimai yaşayış binalarının təmiri və digər məsələlərlə əlaqədar xeyli iş görülmüşdür.

Hesabat ilində “Dövlət qulluğu haqqında” Qanuna uyğun olaraq Astara Rayon İcra Hakimiyyəti Başçısı aparatında və ərazi nümayəndəliklərində dövlət qulluğunun vəzifələrinə gənc kadrların seçilib yerləşdirilməsi diqqət mərkəzində saxlanılmışdır.

Şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə 2013-cü ildə görülmüş işlər və 2014-cü ildə qarşıda duran vəzifələrlə əlaqədar hesabat yığıncaqlarında verilmiş təkliflərlə əlaqədar müvafiq tədbirlər görülmüş, qaldırılan digər mühüm problemlər isə ümumiləşdirilərək aidiyyəti təşkilatlara göndərilmişdir.

2013-cü ildə əldə etdiyimiz uğurlara baxmayaraq yeni ildə görüləsi işlərimiz çoxdur. Astara şəhərində abadlıq işlərinin və rayonda qazlaşdırma prosesinin başa çatdırılması, mövcud elektrik xətt təsərrüfatının əsaslı təmiri, şəhərdə kanalizasiya sisteminin qurulması, mərkəzləşdirilmiş istilik sisteminin yaradılması, şəhər, qəsəbə və kəndlərimizə yeni içməli su xəttinin çəkilməsi, şəhərdaxili və kəndarası yolların əsaslı təmir və asfaltlaşdırılması, Deqədi-Pəlikəş, Rinə-Toradi avtomobil yollarının yenidən qurulması, körpülərin, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin tikintisi və digər məsələlərin 2014-cü ildə həll edilməsi qarşımızda duran əsas vəzifələrdəndir.

Bu gün respublikamızda həyata keçirilən əsaslı islahatlar, sosial-iqtisadi inkişafın təmin olunması məqsədi ilə qəbul olunmuş proqramlar bizim hər birimizdən böyük məsuliyyət, çeviklik, operativlik və əzmkarlıq tələb edir.

2013-cü ildə respublikamızın bütün sahələrində olduğu kimi, ordu quruculuğu sahəsində də misilsiz inkişaf dövrü olmuşdur. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan ordusu daha qüdrətli, bölgədə ən güclü ordu kimi tanınır. Bütün bunlar onu göstərir ki, işğal olunmuş torpaqlarımızın azad olunacağı gün heç də uzaqda deyildir. Hamımız inanırıq ki, ən yaxın zamanda üçrəngli bayrağımız Şuşada və Xankəndində dalğalanacaqdır.

İcazə verin bütün astaralılar adından Möhtərəm cənab Prezident İlham Əliyevi bir daha əmin edim ki, xalqımızın xoşbəxt gələcəyi naminə həyata keçirdiyi bütün işlərdə ona daim dəstək olacaq, doğma vətənimiz Azərbaycanın gündə-günə çiçəklənməsi üçün bütün qüvvələrimizi səfərbər edəcəyik.

İcra başçısı rayonun bütün məsul işçilərinə, idarə, müəssisə və təşkilat rəhbərlərinə bir vəzifə olaraq tapşırmışdır ki, əhali arasında tez-tez olsunlar, onların qayğı və problemlərinə ilə yerində və həssaslıqla yanaşsınlar, qaldırılan məsələlərin, haqlı tələblərin aidiyyəti təşkilatlara operativ çatdırılmasını təmin etsinlər.

Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Habil Manafov, Qaz İstismar İdarəsinin rəis əvəzi Füzuli Məmmədov, rayon Polis Şöbəsinin rəisi Rəşid Səfərov, Siyaku inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xanəhməd Zahirov, Telekommunikasiya Qovşağının rəisi Ələkbər Həmzəyev tğdbirdə çıxış etmiş, ölkə prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə gündən günə inkişaf edən, abadlaşan, müstəqil dövlətimizin, qazandığı nailiyyətlərindən qürur duyduqlarını vurğulamış, ölkəmizin daha da çiçəklənməsi naminə ölkə rəhbəri ətrafında hər an sıx birləşdiklərini söyləmişlər. Astara şəhər sakini Ağagül Qasımov kənd təsərrüfatının inkişaf etdirilməsi, Kijəbə qəsəbə sakini Azər Kişiyev qəsəbənin içməli su probleminin həlli, Sım kənd sakini Nəbi Xalıqov elektrik təsərrüfatının əsaslı təmiri, Hamoşam kənd sakini Ağarəhim Abdulov Rinə-Hamoşam avtomobil yolunun yenidən tikilməsi barədə təkliflər söyləmişlər.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Vəfadar Bağırov çıxış edərək ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 2013-cü ildə Azərbaycanda böyük işlər görüldüyünü, ölkəmizin dinamik inkişafının təmin edildiyini vurğulamış, ölkəmizin gələcək inkişafı ilə əlaqədar cənab prezidentin tövsiyə və tapşırıqları barədə iştirakçıları məlumatlandırmışdır.

Sonda yığıncağın qətnaməsi qəbul edilmiş, iştirakçılar adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlanmış müraciətin mətni oxunmuşdur.