Astarada novbəti görüş

58

 

 

Rayonumuzun ən iri yaşayış məntəqələrindən sayılan Pensər kəndində 5141 nəfər əhali, 1597 təsərrüfat vardır. Ərazidə 3 tam orta məktəb, xəstəxana, mədəniyyət evi və klublar, uşaq bağçaları, digər sosial obyektlər fəaliyyət göstərir.
Kənd sakinləri ilə görüşə gələn rayon İcra Hakimiyyətinin başçısı Q.Ağayev tədbir iştirakçılarını salamlamış, 9 oktyabr prezident seçkilərində fəal iştirak etdiklərinə görə onlara təşəkkür və minnətdarlığını bildirmişdir.
Rayon İcra Hakimiyyəti başçısının Pensər kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Rəqibə Fərzullayeva ötən ilki görüşdən keçən müddət ərzində ərazidə görülən işlər barədə məlumat vermiş, kənddə mövcud problemləri diqqətə çatdırmışdır. Sonra söz səyyar qəbul iştirakçılarına verilmişdir.
Kənd sakinlərindən Mirzəməmməd Ağayev, Arif Əliyev, Asif Əsədullayev, Əhliman Qulamov, Şair Ujanov və başqaları çıxış edərək vaxt tapıb kənd sakinləri ilə görüşə gəldiyinə görə icra başçısına təşəkkürlərini bildirmiş, ötən qəbuldan keçən dövr ərzində kənddəki 1 saylı tam orta məktəbə gedən yolun asfaltlaşdırıldığını, Pensər çayında 500 metrə yaxın ərazidə sahilbərkitmə işlərinin aparıldığını, Pensər-Telman yolunda 3 kilometrdən çox məsafənin təmir edildiyini və digər mühüm tədbirlərin görüldüyünü, onları narahat edən məsələlər barədə rəy, təklif və iradlarını qeyd etmişlər. Bildirilmişdir ki, 1986-cı ildə istifadəyə verilən Pensər kənd 1 saylı tam orta məktəbdə əsaslı təmir işlərinə, Pensər çayı kənarında yerləşən bir sıra evlərin təhlükəli vəziyyətdə olduğunu nəzərə alaraq sahilbərkitmə işlərinin davam etdirilməsinə, kənddə elektrik təsərrüfatında yenidənqurma işlərinin aparılmasına, xüsusən istifadəyə yararsız dirəklərin dəyişdirilməsinə, məhəlləarası yolların, xüsusən Pensər kənd uşaq bağçasına gedən yolun qaydaya salınmasına, yeni istifadəyə verilmiş 2 saylı kənd lisey-məktəbinin transformatorunun işə salınmasına, təbii qazla təmin olunmasına, istirahət günləri kənddəki bazarətrafı ərazidə yaranan nəqliyyat sıxlığının tənzimlənməsinə ehtiyac vardır.
İcra başçısı Q.Ağayev çıxış edərək ötən müddət ərzində Pensər və Telman kəndlərində aparılan yol-abadlıq işləri ilə əlaqədar ərazidə tez-tez olduğunu, kənd sakinləri ilə sıx ünsiyyət saxladığını bildirmiş, qaldırılan məsələlərin operativ həllindən ötrü konkret tədbirlər görüldüyünü bildirmişdir. Mövcud problemlərdən də məlumatlı olduğunu qeyd edən icra başçısı onların həlli istiqamətində aidiyyəti təşkilatlar tərəfindən imkan daxilində əməli işlərin həyata keçiriləcəyini, bununla bağlı konkret tapşırıqlar verdiyini diqqətə çatdırmışdır. Pensər çayında sahilbərkitmə işlərinin geniş miqyasda aparılması müstəsna əhəmiyyət malikdir, bununla əlaqədar aidiyyəti nazirliklər qarşısında məsələlər qaldırılmış, müvafiq komissiyalar yerlərdə mövcud vəziyyəti ətraflı öyrənmiş, bu barədə geniş təhlili arayışlar hazırlamışlar. Bu məsələnin həlli diqqət mərkəzimizdədir. Yeni hazırlanan Dövlət Proqramında digər vacib məsələlərlə yanaşı sahilbərkitmə işlərinin davam etdirilməsi nəzərdə tutulmuşdur.
İcra başçısı müstəqil Azərbaycan Respublikasının iqtisadi qüdrətini ilbəil artdığını, ölkəmizin dünya miqyasında özünəməxsus layiqli mövqe qazandığını bildirərək, bu nailiyyətlərin ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən möhtərəm Prezident İlham Əliyevin müdrik fəaliyyətinin parlaq nəticəsi olduğunu qeyd etmişdir. Bu gün Azərbaycan Avropaya inteqrasiya olunur, dünyanın aparıcı dövlətlərinin rəhbərləri müstəqil dövlətimizin yeritdiyi siyasəti yüksək qiymətləndirirlər. Biz inanırıq ki, müstəqil Azərbaycan Respublikası bundan sonra daha da inkişaf edəcək, hər bir vətəndaşımız bu yolda var qüvvəsini sərf edəcəkdir. Bu işdə sizin hər birinizə uğurlar arzulayıram.