Astarada Xocalı qurbanları xatirəsi yad edildi

11

 

Astara rayonunda Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar ümumrayon tədbiri keçirilmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, ərazi icra nümayəndələri, rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri tərəfindən Şəhidlərin Xatirə Kompleksinin önünə əklil qoyulmuş, tər qərənfillər düzülmüş, şəhidlərin xatirəsi ehtiramla yad edilmişdir.

Tədbir rayon Mərkəzi mədəniyyət evində davam etdirilmişdir. Burada iştirakçılar Xocalı soyqırımından bəhs edən foto-sərgi ilə tanış olmuş, “Xocalı qətliamı” sənədli filminə tamaşa etmiş, kompozisiyaya baxmışlar.

Rayon İcra hakimiyyətinin məsul işçisi Mərasim Hacızadə Xocalı faciəsi barədə iştirakçılara məlumat verərək qeyd etmişdir ki, dünyada misli görünməmiş bu faciə əslində Azərbaycan xalqının azadlıq istəyini qırmaq, dövlət müstəqilliyini sarsıtmaq niyyətini güdürdü. Rus imperiyasının və erməni vandalizminin birgə həyata keçirdiyi bu qətliamda yüzlərlə vətəndaşımız qətlə yetirildi. XX əsrin ən ağır müsibətlərindən biri olan Xocalı faciəsi bəşər tarixində analoqu olmayan qanlı soyqırımı, Azərbaycan xalqının qan yaddaşına həkk olunmuş acı bir kədər, dərin bir üzüntüdür.

22 il öncə, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə tarixdə ən böyük faciələrdən biri olan Xocalı soyqırımının baş verdiyi qanlı gecədə azğınlaşmış ermənilərin keçmiş SSRİ-yə məxsus və o dövrdə Xankəndində yerləşən, tərkibi erməni zabitlərindən və əsgərlərindən ibarət olan 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinə 11 istiqamətdən güclü hücum etdiyini və dəhşətli terror aktı törətdiyini qeyd edən natiq, cəmi 5 saat ərzində qədim Xocalının yer üzündən silindiyini, əhalisinin dəhşətli soyqırımına məruz qaldığını vurğulamışdır. Qeyd olunmuşdur ki, həmin qanlı gecədə Xocalının yatmış sakinlərinə amansız divan tutularaq 613 nəfər qətlə yetirilmiş, 1275 nəfər əsir götürülmüş, 487 nəfər ömürlük şikəst olmuş, 6 ailə bütövlüklə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 135 uşaq valideynlərindən birini itirmişdir. Bunların xüsusi qəddarlıqla törədilməsinə baxmayaraq, Azərbaycan xalqı bu dəhşətlərə dözərək, yenidən dirçələ bildi.

Bu faciə 1992-ci ildə baş versə də, Xocalı dəhşətinə hüquqi-siyasi qiymət ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildə verildi. Faciənin beynəlxalq miqyasda tanınması üçün 1994-cü il fevralın 24-də Xocalı soyqırımı ilə bağlı qərar və bəyanat qəbul edilərək dünya parlamentlərinə, beynəlxalq təşkilatlara göndərildi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq dünya və beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıyır. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımları Heydər Əliyev Fondu uğurla davam etdirir. Məhz fondun gərgin əməyi nəticəsində indi dünya ölkələri erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırılır. Bir sıra ölkələrdə Heydər Əliyev fondunun Vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə təsis edilmiş, “Xocalıya ədalət” beynəlxalq informasiya və təşviqat kompaniyasının məqsədi dünya ictimaiyyətini Xocalı faciəsi ilə bağlı məlumatlandırmaq, qətliama hüquqi-siyasi qiymət verilməsinə və bu qanlı qırğının qurbanlarının xatirəsinin anılmasına nail olmaqdır. Bu xeyirxah əməl uğurla davam etdirilir.

Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində aparılan işlərin getdikcə geniş miqyas alması və Azərbaycanın gündən-günə beynəlxalq miqyasda artan nüfuzu sayəsində ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xocalı və Azərbaycanın işğal altında olan bütün torpaqlarının geri alınacağı günün uzaqda olmadığı qeyd olunmuşdur.

Saat 17:00 -da rayon ərazisində bayraqlar endirilmiş, nəqliyyatın hərəkəti dayandırılaraq Xocalı faciəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.