Ata Abdullayev yenidən məhkəməyə müraciət edəcək: “Təzəxan Mirələmli həbs olunmalıdır”

“Təzəxan Mirələmlinin barəsində çıxarılan məhkəmə qərarı adekvat deyil və bununla bağlı Apellyasiya Məhkəməsinə müraciət edəcəyəm”.

Bu sözləri Xalq.az-a açıqlamasında video-blogger Ata Abdullayev Xətai rayon məhkəməsinin qərarına münasibət bildirərkən belə deyib. Onun sözlərinə görə, Təzəxan Mirələmli həbs olunmalıdır:

“Bilirsiniz ki, mən Təzəxan Mirələmlinin həbs olunmasını tələb edirdim. Lakin məhkəmə onun barəsində şərti qərar çıxardı. Əminəm ki, o qərarda qeyd edildiyi kimi, elektron bilərziklə gəzmək və Bakını tərk etməklə bağlı məhkəmə qərarına tabe olmayacaq. Çünki Təzəxan kimi adamlar heç zaman qanuna riayət etməyiblər”.

Xatırladaq ki, video-blogger Ata Abdullayevin iddiası əsasında Xətai rayon məhkəməsinin qərarı Təzəxan Mirələmlinin 1 il müddətinə azadlıqdan məhrum edilməsi ilə qərar çıxarıb. Qərara əsasən T.Mirələmli elektron bilərziklə gəzməli, Bakını tərk etməməli, gecə saat 23.00-dan səhər saat 07.00-a qədər isə ümumiyyətlə, evdən çıxmamalıdır.