“Atabank”ın idarəetməsində yaranan problemlər gəlirlərinə təsir etdi

Ölkədə nağdsız ödənişlərin artırılmasına səy göstərildiyi bir vaxtda bu bankın plastik kartları aktuallığını itirməkdədir. Söhbət “Atabank”ın təqdim etdiyi debet kartlardan gedir.

XALQ.AZ xəbər verir ki, bankın müştərilərindən AFN-ə daxil olan məlumatlara görə, son 3 ayda bankın bankomatlarından debet kartlardakı vəsaitlərin nağdlaşdırmasında ciddi problemlər yaranıb.

Müştərilər bankomatdan pul çıxara bilmədiklərini bildiriblər: “İlk dəfə avqust ayında bu problemlə rastlaşdıq. “Atabank”ın “Koroğlu” metrostansiyasının çıxışındakı bankomata yaxınlaşaraq pul çıxarmaq istədik. Ancaq bankomatda manat əskinaslarının olmadığı məlum oldu. Ardınca “Qara Qarayev” metrostansiyasında və bankın Nərimanov filialında yerləşən bankomalara baş çəkdik, ancaq pul çıxara bilmədik. Məcbur alıb başqa bankın bankomatına yaxınlaşdıq. 200 manat vəsaiti nağdlaşdırmaq üçün 3 manat xidmət haqqı ödəməli olduq. Axı niyə bu xidməti biz öz bankımızdan ala bilməyək?”


Öz vəsaitini nağdlaşdırmaq üçün əlavə pul itkisi yaşayan müştərilər növbəti aylarda da eyni halla qarşılaşıblar. Ancaq nə baş verdiyini anlamadan “Atabank”ın bir çox bankomatlarına baş çəkiblər. Nəticədə məyus halda pulsuz geri dönüblər: “Son 2 ayda maaşımızı gedib bankın filiallarından POS terminal vasitəsilə almışıq. Oradan problemin səbəbini soruşanda işçilər dəqiq cavab vermirlər. Kassirlərdən biri sadəcə bankomatda pulun bitdiyini bəhanə gətirdi. Ancaq eyni vaxtda bir neçə bankomatda pulun qurtarması inandırcı görünmür. Həm də bu haldan bnakın xəbəri olduğu halda 2 ay ərzində heç bir tədbir görməməsi də problemin ciddiliyindən xəbər verir”.


Müştərilər “Atabank”da debet kartlardakı vəsaitlərin nağdlaşdırılması ilə bağlı ciddi problemlərin yaşandığını iddia ediblər. Əks halda son aylarda bankomatların boş qalmamalı olduğunu deyiblər. Eyni zamanda bu banka məxsus olan ödəmə terminalları da nağd pulları qəbul etməkdən imtina edir. Eləcə də kartla həmin aparatlarda ödəniş etmək müşkülə çevrilib.
Müştərilərinin sözlərinə görə, bankın “Mobil banking” xidməti olan “Atanet”in işində də çətinliklər yaranır. Belə ki, şənbə və bazar günləri mobil tətbiq vasitəsilə hesablara daxil olmaq, oradan hər hansı ödəniş etmək mümkün olmur. Bu da bankın təqdim etdiyi kartların əhəmiyyətini daha da azaldır. Artıq müştərilər “Atabank” plastik kartlarının faydasız olduğunu düşünərək ondan imtina etmək barədə düşünürlər.
Bank rəsmiləri isə hələlik bu barədə açıqlama verməyərək susmağa üstünlük verirlər. Əldə etdiyimiz digər məlumata görə, “Atabank”ın idarəetməsində yaranan problemlərə qurumun təsisçisi də reaksiya verib. Onun tapşırığına uyğun olaraq, zərərlə işləyən filialların bağlanmasına qərar verilib. Artıq bankın Heydər Əliyev prospektindəki filialı fəaliyyətini dayandırıb. “Atabank”ın Müşahidə Şurası və İdarə Heyətində dəyişikliklərin edilməsinə qərar verilib.


Xatırladaq ki, ötən həftə “AtaBank” mediada səsələnən fikirlərə çox aqressiv reaksiya verərək açıqlama paylaşıb. Yazıda bankın stabil fəaliyyətini davam etdirdyi vurğulanb. Həmçinin, nağd vəsaitlərin çıxarılması kimi əməliyyatların növbəli şəkildə təmin olunduğu qeyd edilib. Ancaq bunun bankomatlar vasitəslə, yoxsa kassalarda reallaşdırıldığı aydın deyil. Çox güman ki, bankda nağdlaşdırma ilə bağlı ciddi problemlər yaşanır.

Yeri gəlmişkən, “Atabank” III rüb üzrə hesabatını açıqlayıb. Məlum olub ki, 137 milyon 466 min manat məcmu kapitalı olan “AtaBank” gəlirini artıra bilmir. Bankın əməliyyat zərəri 3,2 dəfə artıb. Ötən ilin 9 ayında 1 milyon 545 min manat təşkil etmiş əməliyyat zərəri 2019-cu ilin 9 ayında 4 milyon 969 min manat təşkil edib. Zərərin artması müştərilərə verilən kreditlərin azalması fonunda Bankın gəlirlərinin də azalması ilə bağlıdır.


Hesabata sasən, 2019-cu ilin yanvar-sentyabr aylarında “AtaBank”ın cəmi gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 28 milyon 340 min manat, cəmi xərcləri isə (faiz və qeyri-faiz xərcləri) 33 milyon 309 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən 4 milyon 969 min manat əməliyyat zərəri yaranıb.
“AtaBank” ASC bu ilin 9 ayını cəmi 22 min manat xalis mənfəətlə başa vurub. Xalis mənfəət əvvəlki dövrlərdə ehtimal olunan kredit itkiləri üçün yaradılmış ehtiyatdan qaynaqlanır. Ehtiyatdan 4 milyon 991 min manatın azad olması həm əməliyyat zərərini bağlayıb, həm də cüzi xalis mənfəət qalıb.


Xatırladaq ki, II rübdə bankın mənfəəti 148 min manat olub.
2019-cu il 30 sentyabradək “AtaBank”ın cəmi aktivləri 532 milyon 74 min manat təşkil edib. Aktivlərin 374 milyon 712 min manatını müştərilərə verilən kreditlər təşkil edib. 2018-ci ilin sonuna bankın 581 milyon 110 min manat cəmi aktivləri olub. Aktivlərin 428 milyon 565 min manatını müştərilərə verilən kreditlər təşkil edib. Beləliklə, 9 ay ərzində bankın aktivləri 49 milyon 36 min manat, kredit portfeli isə 53 milyon 853 min manat azalıb.


30 Sentaybr 2019-cu il tarixində “AtaBank” 137 milyon 466 min manat məcmu kapitala malik olub.