Atakişili kəndində səyyar görüş-qəbul keçirilib

XALQ.AZ xəbər verir ki, Sentyabrın 6-da Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun  Atakişili kənd inzibati ərazi dairəsinə daxil olan Atakişili və Şıxımlı kəndlərinin sakinləri ilə növbəti səyyar görüş-qəbulu keçirilib.
Möhübbət Əzimov adına Kürdəmir rayon Atakişili kənd tam orta məktəbində keçirilən görüşdə rayon icra hakimiyyətinin məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.
Görüşdə giriş nitqi ilə çıxış edən rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, mövcud ictimai-siyasi sabitliyindən, həmçinin ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına uyğun olaraq son illər Kürdəmirdə həyata keçirilən sosial infrastruktur layihələrdən, aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərindən ətraflı danışdı.
Səyyar qəbulda iştirak edən kənd sakinləri çıxış edərək  Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətini yekdilliklə bəyəndiklərini, dövlət başçımızın Kürdəmir rayonuna göstərdiyi diqqət və qayğıları yüksək qiymətləndirdiklərini vurğuladılar.
Görüşdə kənd sakinlərinin təbii qaz, elektrik enerji, su təchizatı, sosial müdafiə, yol,  mədəniyyət, səhiyyə, məşğulluq məsələləri ilə əlaqədar təklifləri və şikayətləri dinlənilib. Qaldırılan məsələlərin əksəriyyəti elə yerindəcə həllini tapıb, digər problemlər barədə aidiyyəti təşkilatlara tapşırıq verilib.
Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov görüşdə qaldırılan təkliflərin tezliklə həyata keçiriləcəyini əminliklə qeyd edərək, cari məsələlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

 

 

Orxan