ATİ-da qanun pozuntusu

ATI

Hesabat ilində dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Azərbaycan Turizm İnstitutuna ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasının auditi aparılıb.

XALQ.AZ-ın Hesablama Palatasının 2013-cü ildə fəaliyyəti haqqında hesabatına istinadən verdiyi məlumata görə, auditlə əhatə olunan dövrdə audit tədbiri zamanı bəzi nöqsanlara da yol verildiyi müəyyən edilib. Belə ki, İnstitut tərəfindən bəzi xərc maddələri üzrə proqnoz göstəriciləri müvafiq iqtisadi əsaslandırma və hesablama aparılmadan hazırlanmış, mövcud normativlərin tələblərinə əməl edilməməsi nəticəsində yaradılmış Tədris şöbəsi, “İnformasiya texnologiyaları” kafedrası və Kadrlar şöbəsi üzrə əmək haqqı ödənilib, kafedralar üzrə dərs yükünün nəzərə alınmaması nəticəsində artıq müəllim ştatları proqnozlaşdırılsa da, əmək haqqı ödənilməyib, ixtisasları üzrə dərs deməyən pedaqoji işçilərin əmək haqqına elmi dərəcələrə görə əlavə, əvəzçilik üzrə işləyən pedaqoji işçilərə elmi adlara və elmi dərəcələrə görə əlavələr, elmi dərəcəsi olmayan müəllimlərin əmək haqqına elmi dərəcəyə görə əlavə hesablanaraq artıq əmək haqqı, artıq ezamiyyə xərci, istifadə edilməmiş məzuniyyət günlərinin düzgün hesablanmaması nəticəsində artıq kompensasiya, normativdən artıq saxlanılmış ştatlar üçün əmək haqqı ödənilib, normadan artıq yanacaq və təsdiqedici sənədlər olmadan dəftərxana ləvazimatlarının silgisinə yol verilib, vəsait müvafiq dövlət orqanının razılığı olmadan təyinatı dəyişdirilərək xərc edilib, texniki səhvlərə yol verilməsi nəticəsində artıq təqaüd ödənilib, Bolonya sisteminin tələblərinə düzgün əməl edilməməsi nəticəsində tədris ilinin birinci yarısında imtahanlardan qeyri-kafi qiymət almış tələbələrdən ibarət qruplar yaradılaraq “axşam məktəbləri” adı ilə tələbələrin kredit borcunun ödənilməsi həyata keçirilib, təhsil haqlarının vaxtında yığılması təmin edilməyib, İnstitutun yeməkxanaları icarə müqaviləsi olmadan ictimai iaşə fəaliyyəti ilə məşğul olmaq üçün fiziki şəxsin istifadəsinə verilib, mühasibatlıq üzrə qalıqda olmadığı halda İnstitutun anbarında və maddi-məsul şəxslərin öhdəsində mal-material olmuş, satın alınmış bəzi mal-materiallar audit dövrünədək təhvil verilməyib.

Bundan əlavə malların (işlərin və xidmətlərin) satın alınması zamanı bu sahəni tənzimləyən qanunvericilik aktlarının tələblərinə əməl edilməyib, satınalma metodu tətbiq edilmədən vəsait xərc edilib, qiymət cədvəlində göstərilməyən mal-materiallar alınıb, satınalma proseduru keçirilməzdən əvvəl qalib təşkilatdan satınalma predmeti olan dəftərxana və təsərrüfat malları alınıb, təmir işlərinin yerinə yetirilməsi zamanı podratçı təşkilata artıq vəsait ödənilib, müxtəlif tədbirlərin keçirilməsi üçün köçürülmüş vəsaitlərin silgisi müəyyən edilmiş qaydada rəsmiləşdirilməyib.

Hesablama Palatasının Kollegiyası auditin nəticələrini müzakirə edərək, aşkar olunmuş nöqsanların aradan qaldırılması istiqamətində qanunvericiliyə uyğun zəruri tədbirlərin həyata keçirilməsi və görülmüş işlərə dair Hesablama Palatasına məlumatın təqdim edilməsi barədə Qərar qəbul edib, həmin qərar icra üçün Azərbaycan Turizm İnstitutuna və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə göndərilib. Nəzarət tədbirinin nəticələri barədə Azərbaycan Respublikasının Milli Məclisinə məlumat verilib.

Aşkar olunmuş nöqsanların aradan qaldırılması istiqamətində görülmüş tədbirlər barədə təqdim edilmiş məlumatda dövlət büdcəsinə 14192,2 manat vəsaitin bərpa olunduğu, 152,0 min manat dəyərində inventar və avadanlığın təhvil verildiyi, 23692,0 manat dəyərində mal və materialların uçota alındığı qeyd olunub. Eyni zamanda, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən İnstitutun rektoruna xəbərdarlıq elan edildiyi bildirilib.