Avropa Azərbaycan Cəmiyyəti 5 illiyini qeyd etdi

03

Tale Heydərov başçılıq etdiyi təşkilatın 5 illik fəaliyyətindən danışdı

Dekabrın 3-də Avropa Azərbaycan Cəmiyyətinin (AAC) yaranmasının 5-ci ildönümü münasibətilə Böyük Britaniya Xarici İşlər Nazirliyinin “Locarno Suite” zalında – 1925-ci ildə Lokarno müqaviləsinin imzalandığı zalda təntənəli mərasim keçirilib.
Mərasimə 300-dən artıq qonaq, deputatlar, biznes və siyasət adamları, diplomatlar, həmçinin Azərbaycanın dostları qatılıb.
AAC-nin direktoru Lionel Zetter tədbiri açıb. Daha sonra AAC-nin sədri Tale Heydərov çıxış edib. O, geniş nitqində Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, Şərqdəki ilk demokratik respublika quruluşunun 1918-20-ci illərdə əldə etdiyi uğurlardan danışıb. Deyib ki, AXC bütün qadınlara Böyük Britaniyadan 10 il əvvəl seçmə və seçilmə hüququ verib.
T.Heydərov müasir Azərbaycanın nailiyyətlərindən də söz açıb: “Müasir dövrün ən önəmli hadisəsi prezident Heydər Əliyevin səyləri nəticəsində 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”dir. Bu müqavilə keçmiş sovet xaosundan sonra ölkədə sabitliyin yaranmasına səbəb oldu. Prezident İlham Əliyev iqtisadiyyatı gücləndirməklə və ölkənin infrastrukturunu dəyişdirməklə bu siyasəti davam etdirir”.
T.Heydərovun sözlərinə görə, AAC 5 ildir fəaliyyət göstərir: “Cəmiyyətimizin 6 ölkədə nümayəndəliyi var. Bu təşkilat Azərbaycan mədəniyyətini tanıdır və ölkəmizlə Avropa arasındakı ticarət və investisiyalar üçün şərait yaradır. Cəmiyyət Azərbaycanın dini dözümlülüyünü işıqlandırır və Qərbin Azərbaycanın Kosovo, İraq və Əfqanıstanda keçirilən sülhməramlı əməliyyatlardakı dəstəyini dərk etməsini təmin edir. AAC həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolunu işıqlandırır. Bunun əvəzində Qərbdən Qarabağ münaqişəsindən əziyyət çəkən 1 milyon qaçqın-köçkünü unutmamağı, bizə beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Ermənistanla münaqişənin diplomatik həll yolunu tapmaqda kömək etməsini xahiş edirik.
AAC ölkəsinin nailiyyətləri ilə fəxr edir. Əlbəttə, ölkə barəsində neqativ məqamları işıqlandırmağı qarşısına məqsəd qoyan və bizim qaçqın-köçkünlərin hüquqlarından söhbət getdikdə susanlar var. Bunlar necə Azərbaycanın əsl dostu ola bilərlər? Bizsə əksinə, Azərbaycan, Böyük Britaniya və Avropa ölkələrinin ümumi maraqlarına faydalı məqamları görürük. Biz yalnız ölkəmiz barədə bilikləri, o cümlədən ölkəmiz tərəfindən bütün dünyaya təklif edilən biznes imkanlarını təşviq edirik”.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov da mərasimdə çıxış edib. O deyib ki, son 5 ildə AAC Azərbaycanın təbliğində böyük iş görüb: “Britaniya ilə Azərbaycan arasında münasibətlərin günbəgün gücləndiyini vurğulamaq mənim üçün xoşdur. Xüsusilə AAC xalqlar arasındakı münasibətlər vasitəsilə əvəzsiz töhfələr verib. Çox şadam ki Azərbaycanı Böyük Britaniyada və ümumilikdə Avropada dəstəkləyən AAC kimi bir təşkilatı var. Növbəti beş ili səbirsizliklə gözləyirəm”.
Böyük Britaniya Enerji və İqlim Dəyişikliyi Nazirliyinin beynəlxalq enerji, Avropa Birliyi və enerji davamlılığı departamentinin rəhbəri Edmund Hosker çıxışında deyib ki, Azərbaycan əsas enerji istehsalçılarından biridir və mexaniki üsulla neft hasilatı və müasir neft nəqlinin başlandığı ölkədir.