Avropa İttifaqı Ermənistana xəbərdarlıq

52

 

Ermənistanın Gömrük İttifaqına üzvlük qərarından sonra Avropa İttifaqı işğalçı ölkəyə qarşı Qarabağ məsələsi ilə bağlı təzyiqlərə başlayıb.

Bu barədə Ermənistan qaynaqlarına istinadən xəbər verir. Xəbərdə bildirilir ki, Avropa İttifaqı-Ermənistan Parlament Əməkdaşlığı Komissiyasının ötən həftə Strasburqda keçirilən iclasında birgə bəyanat qəbul etmək mümkün olmayıb. Buna səbəb bəyanat layihəsinin mətnində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın əleyhinə olan müddəaların yer almasıdır.

Ermənistanın parlamenti nümayəndə heyətinin üzvü Stepan Markaryan deyib: “Strasburqdakı iclas zamanı Avropa Parlamentinin nümayəndə heyəti bizə bəyanat layihəsi təqdim etdi və orada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı erməni tərəfi üçün qəbuledilməz müddəalar yer alırdı. Bu müddəalar əvvəlcədən razılaşdırılmamışdı. Əlbəttə ki, biz bu müddəaların qəbul edilməsinin qeyri-mümkünlüyünü bildirdik və onların çıxarılmasını istədik. Lakin Avropa Parlamentinin təmsilçiləri bildirdilər ki, mətni dəyişə bilməzlər, çünki müddəalar Avropa İttifaqının Şurası tərəfindən razılaşdırılıb”.

S.Markaryan bildirib ki, Avropa İttifaqı Ermənistanın “sadəcə olaraq” Dağlıq Qarabağ məsələsində güzəştə getməli olduğunu hesab edir. Bu da İrəvanı qane etmir.

“Onlar açıq mətnlə bizə dedilər ki, erməni tərəfi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı güzəştlərə getməlidir, münaqişənin nizamlanması prosesinin bu qədər ləngiməsindən və digər məsələlərdən narazılıqlarını ifadə etdilər” – deyə deputat bildirib.Ermənistanda hesab edirlər ki, Avropa İttifaqının Dağlıq Qarabağ məsələsinə dair mövqeyini sərtləşdirməsi rəsmi İrəvanın MDB Gömrük İttifaqına üzvlük qərarından sonra başlayıb. Ermənistan-Avropa İttifaqı Parlament Əməkdaşlığı Komissiyasının üzvü, İrs Partiyasından deputat Tevan Poqosyan “Azadlıq” radiosunun erməni xidmətinə bildirib ki, Strasburqda avropalı parlamentarilər Ermənistanı “birtərəfli güzəştlərə getmədiyinə görə” açıq şəkildə qınayıblar.

“Onlar sanki Azərbaycan tərəfinin mövqeyini ifadə edirdilər – 5 ildir heç bir irəliləyiş yoxdur, bu müddət ərzində siz heç nə etməmisiniz, hansısa birtərəfli güzəştə getməmisiniz və s. Deyirdilər ki, Minsk Qrupunda Fransanı Avropa İttifaqı ilə əvəzləməyin vaxtı çatıb, Ermənistan isə buna razılıq vermir. Aydın idi ki, onlar bizim izahatlarımızı heç eşitmək də istəmirlər. Ən maraqlısı da bu idi” – deyə Poqosyan bildirir.

Bildirilir ki, Ermənistan nümayəndə heyətinin üzvləri danışmaq istəyəndə və avropalı parlamentarilərin iradlarına cavab vermək istəyəndə onlara heç kim qulaq asmaq istəməyib. Bunu vaxtın olmaması ilə əsaslandırıblar.

Nümayəndə heyətinin digər üzvü Aqvan Vardanyan isə deyib ki, Strasburqda yekun bəyanatın imzalanmamasının günahı hakim partiyadan olan deputat, nümayəndə heyətinin rəhbəri Samvel Farmanyanda olub.Mənim qənaətimə görə, bizim nümayəndə heyətinin başçısı bu bəyanatın qəbul edilməməsində öz rolunu oynadı. Bəyanatda Qarabağa dair üç müddə var idi, onlardan cəmi biri problemi idi və neytrallaşdırmaq olardı” – deyə o bildirib.

S.Farmanyan isə bu məsələyə aydınlıq gətirmək istəmədiyini, daha sonra mətbuat konfransı keçirib açıqlama verəcəyini deyib.

Bununla belə Samvel Farmanyan facebook səhifəsində yazıb ki, Avropa İttifaqının Qarabağ məsələsində mövqeyini sərtləşdirməsi Ermənistanın Gömrük İttifaqına qoşulmaq qərarına cavabdır.

“Ən çox narahatlıq doğuran odur ki, Avropa Parlamentinin bəzi üzvləri Ermənistanın xarici siyasəti ilə bağlı qərarına cavabı Qarabağ məsələsində daha sərt mövqe tutmaqla verməyə çalışır” – deyə o yazıb.

Deputat Tevan Poqosyan da Avropa İttifaqının Qarabağ məsələsində daha sərt mövqe tutmasını Gömrük İttifaqı qərarı ilə əsaslandırır. O, qeyd edir ki, son 5-6 ildə Avropa İttifaqı heç vaxt Azərbaycanla birgə bəyanat imzalamamışdı. Çünki Bakını Avropa İttifaqının Qarabağ məsələsində balanslı yanaşmasına qarşı idi. Ancaq indi Ermənistan özü bu vəziyyətə düşdü.

Qeyd edək ki, bundan əvvəl Avropa Parlamenti Ermənistanı işğalçı kimi tanıyan, erməni işğalçı qüvvələrinin Dağlıq Qarabağ və ətraf rayonlardan çıxarılmasını tələb edən qətnamələr qəbul edib.Virtualaz.org