“Avropa İttifaqı ilə razılığa gəlmişik” – Nazir müavini

“Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycan üçün prioritet məsələlərdən biridir”.

XALQ.AZ xəbər verir ki,  bunu Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasında xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib.

M. Məmmədquliyev deyib ki, hazırda qarşılıqlı faydalı əməkdaşlıq hər bir tərəfin marağındadır: “Tərəfdaşlıq və əməkdaşlıq sazişinin imzalanması, vizaların asanlaşdırılması, mobillik sahəsində tərəfdaşlığa dair müştərək bəyannamə və digər addımlar uğurlu əməkdaşlığa yol açıb. Azərbaycan hazırda Avropa İttifaqının Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Qarşılıqlı hörmət və ortaq maraqlarla bağlı saziş tərəfdaşlığımızın strateji bünövrəsini formalaşdırır, amma yeni sazişin imzalanması vacib məsələdir. Enerji sahəsində strateji anlaşma olduqca vacib idi. “Şərq Tərəfdaşlığı” çərçivəsində keçirilən Riqa sammitində Azərbaycan müvafiq mövqeyini açıqlayıb. 2016-2017-ci illərdə biz Azərbaycan və Avropa İttifaqı arasında  sazişlə bağlı görülən işlərdən danışa bilərik. Söhbət üç istiqamətdən gedir. Birincisi siyasi sahədə Azərbaycan üçün əsas məsələ qarşılıqlı öhdəliklərin əks etdirilməsidir. Bu, beynəlxalq çərçivədə tanınmış sərhədlərin tanınmasını özündə ehtiva edir. Azərbaycanın ərazi bütövlüyü həm də Avropa üçün vacib məsələdir, bütövlükdə regionun sabitliyi və inkişafı üçün önəmlidir. Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü qəbul etməsi tərəflərin münasibətləri üçün böyük əhəmiyyət kəsb edir. Biz insan hüquqları və demokratiya məsələləri barədə də razılığa gəlmişik. İkincisi ticarət və investisiya məsələləridir. Bu danışıqlar Ümumdünya Ticarət Təşkilatının prinsiplərinə uyğun aparılmalıdır. Keçmişdə Avropa İttifaqı müəyyən çevik yanaşmalar müəyyən edib. Bu, Ümumdünya Ticarət Təşkilatına üzv olmayan ölkələri əhatə edib. Üçüncüsü sektoral məsələlərdir, biz elm, təhsil və innovasiyalar, mədəniyyət, gənclər, turizm fəsillərini tamamlamışıq. Bir sıra məsələlər barədə də razılıq əldə edilib. Bura enerji sahəsində əməkdaşlıq da daxildir. Vətəndaş cəmiyyətinə dair məsələ ilə bağlı da müvafiq razılıq əldə etdik ”.

O, qeyd edib ki, iqtisadi inkişaf, ticarətin genişləndirilməsi, ətraf mühit, qanunun aliliyi, multikulturalizm məsələləri ilə bağlı da irəliləyiş əldə etmək mümkündür.

M. Məmmədquliyev Bakı-Tbilisi-Qars dəmir yolundan da danışıb: “Ələt limanının istifadəyə verilməsi Azərbaycanı nəqliyyat qovşağına çevirir”.

Readmissiya sazişinin imzalanmasının da önəmli məsələ olduğunu qeyd edən nazir müavini bildirib ki, bunun vətəndaşlarımıza faydaları olacaq.

Onun sözlərinə görə, 2020-ci ilə – Brüssel sammitinə qədər Avropa İttifaqı və Azərbaycan arasında razılaşma əldə edilə bilər: “Azərbaycanın işğal altında qalan torpaqları ilə bağlı məsələ həll olunmalıdır. İşğal altındakı ərazilərdən təbii sərvətlər, mal və xidmətlər Avropa İttifaqı ölkələrinin bazarlarına çıxarılır. Avropa İttifaqı beynəlxalq öhdəliklərə əsasən müvafiq qaydaların pozulmasına yol verməməlidir. Fərdi və hüquqi şəxslər tərəfindən Azərbaycanın ərazi bütövlüyünün pozulmasına şərait yaradılmamalıdır. Avropa İttifaqından olan şirkətlər, onların filialları və törəmə şirkətləri Dağlıq Qarabağ və ətraf ərazilərdə fəaliyyət göstərir. Onlar Azərbaycan qanunvericiliyini pozmuş sayılırlar. Mənşə ölkə kimi həmin mallarda Ermənistan göstərilir. Halbuki mineral sərvətlərdən və təbii ehtiyatlardan danışırıqsa, Ermənistan bu sərvətləri istismar edərək Avropa İttifaqına satır. Təklif edirik ki, İşçi Qrup yaradılsın və bu məsələlər hüquqi müstəvidə həllini tapsın”.

M. Məmmədquliyev Aİ və Azərbaycan arasında əməkdaşlığın inkişaf edəcəyini də vurğulayıb.

 

Elgün