Avropa vətəndaşlığı pulla satılacaq

02

 

 

Gələn ildən etibarən Avropa İttifaqı vətəndaşlığını pulla əldə etmək qanuni qaydada mümkün olacaqdır. Bununla bağlı qanun layihəsi Malta parlamenti tərəfindən qəbul olunmuşdur. Qanuna əsasən, 650 min avro ödəyən hər bir şəxs Malta vətəndaşlığı əldə etmək və bununla da avtomatik olaraq Avropa İttifaqı vətəndaşı olmaq və Şengen məkanında sərbəst hərəkət etmək hüququnu qazanacaqdır. Yeni Malta vətəndaşları sərhəd nəzarəti olmadan Şengen məkanında sərbəst hərəkət etməklə yanaşı, Avropa İttifaqı ərazisində iş bazarına giriş, səsvermə hüququ və ittifaq ərazisində yaşayış yerinin sərbəst seçimi kimi imtiyazlara da sahib olacaqlar.
Maltanın baş naziri Yozef Muskat bildirmişdir ki, qanun qəbul olunduqdan sonrakı ilk ildə 45 nəfərə Malta vətəndaşlığının satılması nəzərdə tutulur və dövlət büdcəsinə 30 milyon avro vəsait daxil olacaqdır. Sonrakı illərdə vətəndaşlığa müraciət edənlərin sayının 200-300 nəfərə kimi artacağı gözlənilir.
Parlamentdə təmsil olunan müxalifət partiyaları qanun layihəsini sərt tənqid edərək, vətəndaşlığa müraciət edəcək şəxslər qarşısında Maltada daimi yaşayışda olmaq, ölkə iqtisadiyyatına sərmayə yatırmaq və ölkənin iqtisadi və ictimai həyatına inteqrasiya etmək tələbi qoyulmadığını ciddi qüsurlar kimi diqqətə çəkmişlər. Maltanın tezliklə Karib adaları kimi “vergi cənnəti”nə çevrilməsi təhlükəsi ilə üz-üzə gələcəyini bildirən deputatlar vətəndaşlığın satışına dair parlament qərarına xalqın referendum vasitəsilə münasibət bildirməsini tələb etmişlər. Eyni zamanda, onlar vətəndaşlıq hüququnun bir növ hərraca çıxarılmasının təkcə Maltaya şamil olunmadığını, həmin əcnəbilərin avtomatik olaraq Avropa İttifaqı vətəndaşlığını əldə etməsinin ittifaq ölkələrinin narazılığına səbəb olacağına diqqəti yönəltmişlər.
Malta hökumətinin mövqeyinə görə, vətəndaşlığa müraciət edən şəxslər ciddi yoxlanışdan keçəcəkdir və eyni zamanda, digər Avropa ölkələri də bənzər planlar üzərində işləyirlər.
Avropa Komissiyası Malta dövlətinin planları ilə bağlı açıqlama verərək bildirmişdir ki, bu qərar hər ölkənin daxili işidir və miqrasiya siyasətinin bir hissəsidir.
Qeyd edək ki, bir sıra Avropa dövlətləri ölkəyə yatırılan investisiyaların həcmindən asılı olaraq əcnəbi vətəndaşlara daimi yaşayış hüququ və həmin hüquqi baza əsasında vətəndaşlıq vermək təcrübəsinə malikdirlər.