“Avstraliya Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir”

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva Avstraliyanın Rayd şəhər Şurasında Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal edilmiş Xankəndi şəhəri ilə “dostluq əlaqələrinin yaradılması”na dair sənədin qəbul edilməsi ilə bağlı açıqlama verib.

XALQ.AZ xəbər verir ki, APA-nın sorğusuna cavab olaraq, L.Abdullayeva qeyd edib ki, Rayd Avstraliyanın ən çox erməni əsilli vətəndaşının cəmləşdiyi şəhərdir.

“Təsadüfi deyil ki, cəmi 2 nəfər tərəfindən qəbul edilmiş sözügedən sənədin layihəsi Rayd şəhər Şurasının məhz erməni əsilli üzvü Sarkis Yedelyan (Sarkis Yedelian) tərəfindən irəli sürülüb və şəhərin meri Cerom Laksal tərəfindən dəstəklənib”, – XİN sözçüsü bildirib.

O xatırladıb ki, Avstraliya Federal Hökuməti Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir: “Avstraliyanın inzibati ərazi vahidlərinin yerli icra hakimiyyəti və ya qanunverici orqanları tərəfindən ermənilərin lobbiçilik səyləri əsasında qəbul olunan bu kimi sənədlərə gəldikdə isə vurğulamaq istərdim ki, belə sənədlər hüquqi nöqteyi-nəzərdən heç bir əhəmiyyət kəsb etmir və yalnız müəyyən dairələrin və ya lobbi qruplarının maraqlarına xidmət edən kağız parçasıdır”.

 

Orxan