Avstraliyada yanğınsöndürən təyyarə qəzaya düşdü – Ölənlər var

Avstraliyada Amerikaya məxsus “C-130” tipli hərbi- nəqliyyat təyyarəsi meşə yanğınlarını söndürərkən qəzaya düşüb. 

XALQ.AZ xəbər verir ki, bu barədə “The Daily Mail” məlumat yayıb.

Qəza nəticəsində göyərtədə olan hər üç nəfər ölüb.

Hadisə Yeni Cənubi Uels əyalətində baş verib. “C-130”un dağıntıları ştatın cənubundakı Kuma şəhəri yaxınlığında aşkarlanıb. Hadisənin baş verə səbəbi hələlik məlum deyil.

Bildirilir ki, əvvəlcə yanğın təyyarəsi ilə əlaqə itib, bundan sonra axtarış-xilasetmə əməliyyatı başlayıb.

Xatırladaq ki, Avstraliya keçən ilin sentyabrından bəri flora və faunaya çox böyük ziyan vuran meşə yanğınlarının görünməmiş bir dalğasına məruz qalıb. Hələ də söndürülməyən təbii yanğınlar nəticəsində milyonlarla hektar ərazi yanıb. Dekabrda isə 27 nəfər ölüb, 2 mindən çox ev dağılıb.

Sidney Universitetin təxmini hesablamasına görə, yanğınlarda milyarddan çox heyvan ölüb.