Avstriyada yaşayan azərbaycanlılarla görüş keçirilib

Noyabrın 12-də Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin Avstriyaya səfəri çərçivəsində Vyana şəhərində bu ölkədə yaşayan azərbaycanlılarla görüş keçirilib.

Görüşdə Avstriyada fəaliyyət göstərən Azərbaycan dərnəklərinin rəhbərləri, Azərbaycan icmasının fəalları, yerli ictimaiyyətin nümayəndələri və media təmsilçiləri iştirak ediblər. Tədbirin açılışında Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov çıxışında Azərbaycan icması ilə bağlı ümumi məlumat verib və səfirliyin diasporla apardığı işlərdən danışıb. Qeyd edib ki, səfirliyin diasporla iş üzrə fəaliyyətində azərbaycançılıq ideyasının təbliği diqqət mərkəzində dayanır. Bu fəaliyyət Azərbaycan icmasının Azərbaycan dilinə, mədəniyyətinə və tarixinə, eləcə də tarixi Vətənə daha sıx tellərlə bağlanmasına xidmət edir. Milli dəyərlərin qorunub saxlanması ilə yanaşı, diplomatik nümayəndəlik soydaşlarımızın qarşılaşdığı problemlərin həllində də yaxından iştirak edir.

Diqqətə çatdırılıb ki, gənc Azərbaycan dövlətinin diasporunun təşkilatlanmasında xaricdə yaşayan soydaşlarımızın üzərinə məsuliyyətli iş düşür. Həm dövlət qurumları, ilk növbədə Diasporla İş üzrə Dövlət Komitəsi ardıcıl fəaliyyət göstərir, həm də soydaşlarımız bu istiqamətdə təşəbbüslərlə çıxış edirlər.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxışında əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan komitənin yarandığı ilk gündən bəri fəaliyyətinə nəzər salıb. Qeyd edilib ki, Prezident İlham Əliyevin ölkədə həyata keçirdiyi islahatlar proqramı diaspor sahəsini də əhatə edir. Xaricdə yaşayan soydaşlarımız son illərdə fəallaşıblar, yeni təşkilatlar yaranır. Qloballaşan və sürətlə dəyişən dünyada xaricdə yaşayan soydaşları bir araya gətirmək, milli-mənəvi dəyərləri, ana dilini qorumaq və milli birliyə nail olmaq üçün yeni çağırışlar meydana çıxır. Bu vəziyyət isə həm diaspor təşkilatları və icmalar, həm də onların tarixi Vətənlə əlaqələrinin möhkəmlənməsini, koordinasiya işinin gücləndirilməsini tələb edir. Komitə sədri koordinasiya mərkəzlərinin gələcəkdə diaspor fəaliyyətinə təkan verəcəyinə ümidvar olduğunu bildirib.

Fuad Muradov çıxışında, həmçinin Azərbaycanın diaspor siyasəti və fəaliyyət istiqamətləri, atılan konkret addımlar, xaricdə yaşayan azərbaycanlıların şəbəkələşməsi, müasir onlayn platformalarda birləşərək daha mütəşəkkil fəaliyyətə nail olmaq haqqında məlumat verib.

Çıxışdan sonra Diasporla İş üzrə Dövlət Komitəsinin 2018-2019-cu illərdə fəaliyyətinə dair videohesabatı təqdim edilib. Sonra “Vətən uzaqda deyil“ təbliğat videoçarxı və diaspor haqqında infoqrafik videoçarx nümayiş olunub.

Tədbirdə Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının İdarə Heyətinin sədri Yaşar Musayev şuranın fəaliyyəti və gələcək planları haqqında çıxış edib.

Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Elşad Əliyev təşkilatın fəaliyyət istiqamətlərindən danışıb.

Avstriyada fəaliyyət göstərən Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin (AZER-DER) sədri Yardım Günəş, Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri Fərid Əzizli və Azərbaycan Akademik Birliyinin sədri Akif Abdullayev rəhbərlik etdikləri təşkilatların fəaliyyəti, cari məsələlər və gələcək layihələr barədə danışıblar.

Sonra ümumi müzakirələr keçirilib, gündəlikdə duran və digər cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Orxan