Avtoşluq edib qəza törədən sürücü ilə bağlı açıqlama – Video

Paytaxtda “Mercedes Galendewagen”lə svetoforun qırmızı işığından sürətlə keçib, daha sonra qəza törədən sürücü ilə bağlı sosial şəbəkələrdə video paylaşılıb. Sürücünün bu hərəkəti ictimai qınağa səbəb olub.

XALQ.AZ məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovla əlaqə saxlayıb.

O bildirib ki, hadisə 29 mart saat 12 radələrində Səməd Vurğun küçəsi ilə Üzeyir Hacıbəyov küçələrinin kəsişməsində qeydə alınıb:

“Hadisədə işıqforun qırmızı işığında aşkar şəkildə hərəkət edən 10 ZO 211 dövlət nömrə nişanlı, “Mercedes Galendewagen” markalı avtomobilin sürücüsü Qocayev Rüfət Həsən oğlu, Vəliyev Zaur Eldar oğlunun idarə etdiyi 90 VB 101 dövlət nömrə nişanlı, “Mercedes ML” markalı avtomobillə toqquşub.

Sürücünün qırmızı işıqda keçməsi həm də təhlükəsiz şəhər kameraları vasitəsilə qeydə alınıb və sənədləşdirilib. Sürücü barəsində inzibati qaydada protokol tərtib olunub.

XALQ.AZ