AXC-nin 100 illiyi İstanbul Kitab Fuarında qeyd olunub

Müxtəlif kitabların təqdimatı keçirilib

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, TÜRKSOY və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi çərçivəsində növbəti tədbir İstanbul Beynəlxalq Kitab Sərgisində təşkil olunub.

XALQ.AZ xəbər verir ki, tədbirin moderatoru Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Aslan Cəfərov çıxış edərək Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamına müvafiq olaraq respublikamızda və onun hüdudlarından kənarda təşkil olunan silsilə tədbirlərin əhəmiyyətindən danışıb.

A.Cəfərov çıxışı zamanı tədbir iştirakçılarına Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və milli dövlətçilik ənənələrinin formalaşmasında dövlət qurucularının həyata keçirdiyi müstəsna fəaliyyət barədə də geniş məlumat verib.

TÜRKSOY-un Baş katibi Düsen Kaseinov isə çıxışında son illər Mədəniyyət Nazirliyinin TÜRKSOY və Azərbaycan Milli Kitabxanası ilə birgə keçirdiyi tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. D.Kaseinov tədbir iştirakçılarına noyabrın 8-də TÜRKSOY-un iqamətgahında Azərbaycan xalqının dövlətçilik tarixində önəmli yer tutan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin yüksək səviyyədə keçirildiyini çatdırıb.

Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov iştirakçılara Xalq Cümhuriyyətinin 100 illik yubileyi çərçivəsində Milli Kitabxana tərəfindən təşkil olunan tədbirlərdən söhbət açıb və Cümhuriyyət mövzusunu, eyni zamanda görkəmli şəxsiyyətlərin yaradıcılığını ətraflı öyrənmək, araşdırmaq arzusunda olan insanlara kömək etmək məqsədilə kitabxana tərəfindən xüsusi biblioqrafiyaların hazırlandığını bildirdi.

Stenddə “Azərbaycan Xalq Cümhuriyyəti – 100. Biblioqrafiya”, “Qara Qarayev. Biblioqrafiya” və Lalə Kazımovanın “Qara Qarayev – həyat və yaradıcılığı haqqında qısa oçerk” kitablarının təqdimatı keçirilib.

Daha sonra Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Anar İsgəndərov və AMEA-nın Tarix İnstitutunun direktor müavini, professor Cəbi Bəhramov çıxış ediblər. Natiqlər müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsindən söz açıb, təqdimatı keçirilən kitabları Xalq Cümhuriyyətinə və Qara Qarayevin yaradıcılığına dair sanballı nəşr adlandırıblar.

Tədbirdə Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Başar Kömür də iştirak edib. O, Azərbaycan Xalq Cümhuriyyətinin və görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileylərinin qeyd olunmasından danışıb, bu tədbirlərin Türkiyədə keçirilməsinə böyük önəm verdiyini söyləyib. B.Kömür çıxışı zamanı bildirdi ki, dünyanın ən böyük 11 bəstəkarından 2-si Azərbaycana məxsusdur. Onlardan biri məhz Qara Qarayevdir.

Sonra Artkaspi.az saytının baş redaktoru Fərid Hüseyn Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı “Kaspi” qəzeti və “Kaspi” Təhsil şirkəti tərəfindən nəşr edilən “XX əsr Azərbaycanın görkəmli dövlət qurucuları” və Əlimərdan bəy Tobçubaşovun “Kaspi”dən seçmələr” adlı kitablarından danışıb. Gənc araşdırmaçı Dilqəm Əhməd isə Xalq Cümhuriyyəti barədə apardığı tədqiqatlar nəticəsində əldə etdiyi maraqlı tarixi məlumatları iştirakçılarla bölüşüb.

Sonda təqdimatı keçirilən kitablar və Milli Kitabxana tərəfindən hazırlanan Qara Qarayevin əsərlərindən ibarət disklər hədiyyə edilib.

 

 

Orxan