Aytən Səfərova xəsarət yetirdiyi xəstəyə barışıq təklif edib – Məhkəmə vaxt verdi

Bu gün əməliyyat zamanı sidik kisəsindən xəsarət alan Bakı şəhər sakini 33 yaşlı Gülçin Nəsib qızı Aslanovanın ginekoloq Aytən Səfərovaya qarşı iddiası üzrə çıxarılmış məhkəmə qərarından apellyasiya şikayəti əsasında məhkəmə prosesi keçirilib.

AFN Cebhe.info-ya istinadən xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində keçirilən prosesə hakim Elşad Şamayev sədrlik edib. Məhkəmə iclasında iddiaçı, onun vəkili və cavabdeh tərəfin nümayəndəsi iştirak edib. Açıq keçirilən məhkəmə prosesində hakim hər iki tərəfin birinci instansiya məhkəməsinin çıxardığı qərardan apelyasiya şikayəti verdiyini bildirib. Məlum olub ki, həkim A.Səfərova iddiaçı tərəfə barışıq təklif edir.

Qeyd edək ki, Səbail Rayon Məhkəməsində hakim Mədinə Bağırovanın sədrliyi ilə G.Aslanovanın həkim-ginekoloq Aytən Səfərovaya qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbi ilə iddiasına bu ilin martında baxılıb. Zərərçəkən tərəf həkimə cinayət işinin açılmasını, əməliyyat xərclərinin qaytarılmasını və əlavə olaraq 50 min manat təzminat ödənilməsini tələb edib. Məhkəmə hesab edib ki, G.Aslanovanın sağlamlığına məhz Aytən Səfərovanın icra etdiyi cərrahiyyə əməliyyatı zamanı ziyan dəyib.

Məhkəmənin qərarı ilə A.Səfərova iddiaçıya 7 min 108 manat 67 qəpik, eləcə də mənəvi zərər kimi 200 manat ödəməlidir. Ayrıca şikayətçinin Aytən Səfərovanın məsuliyyətə cəlb edilməsi ilə bağlı Səbail Rayon Məhkəməsinə verdiyi digər iddiasına da baxılıb və məhkəmə işin yenidən araşdırılmasına qərar verib.

Aytən Səfərova xəsarət yetirdiyi xəstəyə barışıq təklif edib -

Onu da vurğulayaq ki, Bakı Şəhər Prokurorluğuna həkim-ginekoloq A.Səfərovaya cinayət işinin açılması ilə bağlı edilən müraciət baxılması üçün Səbail Rayon Prokurorluğuna göndərilib. Hazırda Səbail RP-da işə baxılır.

Apelyasiya şikayəti üzrə keçirilən prosesdə iddiaçı tərəf hakimin sualına cavab olaraq bildirib ki, barışıq əldə olunsa belə, iddiasından geri çəkilməyəcək. Qeyd edilib ki, istənilən halda iddia təmin olunmalıdır və bu da barışıq haqqında məhkəmə sənədində əksini tapmalıdır. Yəni məhkəmə hüzurunda barışıq sazişi bağlanmalıdır. Orada isə cavabdeh tərəf təqsirinin olduğunu etiraf edəcək, ödəniləcək vəsait qeyd ediləcək.

Xatırladaq ki, G.Aslanova “Caspian İnternational Hospital”da qeysəriyyə əməliyyatı ilə 3-cü övladını dünyaya gətirərkən, əməliyyatı reallaşdıran həkim-ginekoloq Aytən Səfərova onun sidik kisəsini zədələyib. Belə ki, əməliyyatdan sonra xəstə özünü pis hiss edib və A.Səfərova G.Aslanovanı təkrar müayinə edib, qadına bağırsaq keçməzliyi diaqnozu qoyulub, müalicəyə başlanılıb. Ağrılar azalmadığından ailə başqa klinikaya müraciət edəndə bəlli olub ki, əməliyyat zamanı qadının sidik kisəsi deşilib, qarın boşluğuna maye yığılıb, üstəlik, yanlış diaqnoz əsasında qəbul edilən dərmanlar da bir tərəfdən orqanizmə mənfi təsir göstərib. G.Aslanova 5 ayın içində daha 2 ağır əməliyyat keçirib, sonuncu əməliyyat 4 saat çəkib, qarın boşluğundan 10 litrdən çox maye boşaldıblar, amma yenə də tam sağalmayıb, keçirdiyi sarsıntılar nəticəsində körpəsinə qulluq edə, ana südü ilə qidalandıra bilməyib. “Həkim mənə əməliyyatdan sonra fəsad yarandığını söyləmədi, halbuki əvvəlcədən bilsəydim dərhal əməliyyat olunardım, bu qədər əzab-əziyyət çəkməzdim. Sonradan bildim ki, səhvini gizlətmək üçün müalicə adı ilə məni yubadırmış. Yeganə istəyim odur ki, həkim cəzasız qalmasın, bizim aylarla çəkdiyimiz əzab-əziyyəti başqaları da yaşamasınlar”, deyə Aslanova bildirib.

Həkim Aytən Səfərova hər gün yerli telekanallarda reklam edilir, ekspert qismində şou-proqramlara dəvət olunur. G.Aslanova da etiraf edib ki, məhz buna görə də Səfərovaya inanıb.

Ailənin təqdim etdiyi ekspertiza rəyində göstərilir ki, Gülçin Aslanovada sidik kisəsinin perforasiyasının (toxuma tamlığının pozulması) olduğu müəyyən edilib. Bu zədələnmənin 18.05.2018-ci ildə hospitalda üzərində edilən keysər kəsiyi cərrahiyyə əməliyyatı zamanı baş verməsi inkar olunmur.

Qeyd edək ki, məhkəmə tərəflərə vaxt verib və növbəti prosesi iyunun 27-nə təyin edib.