Azərbaycan BTİ tərəfindən mükafatlandırılıb

XALQ.AZ xəbər verir ki, Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən mükafatlandırılıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, Cənubi Afrika Respublikasının Durban şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən təşkil edilən “ITU Telecom World” beynəlxalq sərgi-konfransının yekunlarına dair təltifetmə mərasimi keçirilib.

İnformasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində innovasiyaların inkişafı üçün qlobal platforma rolunu oynayan “ITU Telecom World 2018”də fəal iştirakına və üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirdiyinə görə, Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Beynəlxalq Telekommunikasiya İttifaqının xüsusi təşəkkürnamə sertifikatı ilə təltif olunub.

Nazirliyin tabeliyində fəaliyyət göstərən Dövlət Radiotezliklər İdarəsi isə sosial təsirli innovativ həllərin tətbiq və təşviqinə görə mükafatlandırılıb. Bununla da ölkəmiz tədbir çərçivəsində 3 sertifikata layiq görülüb.

Qeyd edək ki, ənənəvi olaraq hər il keçirilən “ITU Telecom World” beynəlxalq arenada telekommunikasiya sahəsinin ən qlobal tədbiri hesab olunur. Ölkəmiz 2009-cu ildən etibarən davamlı olaraq “ITU Telecom World” sərgilərində Milli Pavilyonla təmsil olunur. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi isə tədbirin əsas beynəlxalq tərəfdaşlarından biridir.

Orxan