“Azərbaycan inkişaf etmiş ölkələr sırasına çıxacaq” ŞƏRH

XALQ,AZ xəbər verir ki, “Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev andiçmə mərasimində həm son 15 ildə görülən işlərə nəzərə saldı, həm də gələcək perspektivlərimizi müəyyən edən çox dəyərli fikirlər söylədi, gələcəyə yönələn mesajlar verdi”. Bu fikirləri açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Musa Quliyev deyib.

Dövlət başçısının andiçmə mərasimində söylədiyi fikirləri xatırladan komitə üzvü söyləyib ki, Prezident İlham Əliyev andiçmə mərasimində bir daha qeyd etdi ki, Azərbaycanda həyata keçirilən siyasətinin əsas prioritetini əhalinin sosial rifahının gücləndirilməsi, sosial müdafiənin artması, ölkə iqtisadiyyatının yüksəlməsi bu sahədə uğurlu islahatların aparılması təşkil edir: “Bu mənada Cənab Prezident qeyd etdi ki, ötən 15 il müddətində əhalinin maaşları 7, pensiyalar 10 dəfədən çox artıb, sosial müdafiə güclənib, işsizlik 5, yoxsulluq 5,4 faiz həddinə düşüb. Bu müddət ərzində görülən işlərlə əlaqədar bir sıra dövlət tədbirləri görülüb, proqramlar həyata keçirilib. Bir sözlə həyata keçirilən siyasət Azərbaycanı inkişaf etməkdə olan dövlətlərin ön sırasına gətirib çıxarıb”.

“Azərbaycan prezidenti həmçinin bildirdi ki, ölkədə biznes mühiti getdikcə yaxşılaşır ki, bu da əhalinin iş, yüksək maaş və pensiya təminatını yaxşılaşdıran faktorlardır. Cənab Prezidenti onu da qeyd etdi ki, ötən müddət ərzində 3100-dən çox məktəb, 640-dan çox xəstəxana tikilib və təmir edilib. Əhalinin tibbi xidmətə olan ehtiyacları yüksək səviyyədə ödənilir. Təhsil məsələlərində hərtərəfli islahatlar gedir, dövlətin diqqət və qayğısı burada da özünü göstərir. Cənab Prezidentin sərəncamı ilə dövlət büdcəsindən ayrılan 5 milyon manat hesabına 3 mindən çox azərbaycanlı gənc dünyanın aparıcı ali məktəblərində təhsil alıb. Bu proqram bu gün də davam edir”,- deyə M.Quliyev qeyd edib.

Azərbaycan Prezidentinin andiçmə mərasimində gələcəyə yönələn mesajlar verdiyini dilə gətirən Milli Məclisin deputatı deyib: “Ölkə başçısı bildirdi ki, bundan sonra əsas məqsədimiz əhalinin sosial rifahını daha da yüksəltmək, Azərbaycanda yoxsulluğu minimum səviyyəyə endirib, əhalinin gəlirlərini artırmaqdır. Hesab edirəm ki, Prezidentin söylədiyi bütün fikirlər Azərbaycanı inkişaf etmiş ölkələr sırasına çıxaracaq. Bununla əlaqədar Dövlət başçısının imzaladığı proqram var ki, bura 11 istiqamət üzrə ölkəmizin yol xəritələri daxildir. Bu proqram uğurla davam edir. Həmin proqramda da Azərbaycanın 2025-ci ilə qədər inkişaf etmiş ölkələr sırasına daxil olması əsas məqsədlərdəndir”.

M.Quliyev əlavə edib ki, Azərbaycan Prezidentinin proqram xarakterli nitqi Milli Məclisin əmək və sosial siyasət komitəsinin qarşısına da müəyyən vəzifələri qoyur: “Belə ki, bununla bağlı Milli Məclisdə hüquqi, sosial islahatlar davam edəcək. Bu islahatların müasir, günün tələbləri səviyyəsində aparılması üçün hüquqi bazanın yaradılması işləri davam edəcək. Yeni “Məşğulluq haqqında” qanun qəbul olunacaq, “Əlillərin hüquqları” haqqında qanun isə hazırda müzakirədədir. Bu işlər əlbəttə ki, davamlı olacaq. Gələcəkdə də sosial müdafiə, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində yeni qanunlar hazırlanacaq”.

Elgün