Azərbaycan Mətbuat Şurası haqqında qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq – Əflatun Amaşov

“Ayrı-ayrı tanınmış şəxslər və dövlət məmurları “reket jurnalistikası”ndan istifadə edərək, öz rəqibləri haqqında böhtan məlumatları yaydırmaqla onları “vururlar”, gözdən salırlar. Artıq bu məsələ sırf media müstəvisindən kənarda cərəyan edir”.

 

XALQ.AZ xəbər verir ki, bu fikirləri “Ölkə.Az”a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Ə.Amaşov deyib ki, Azərbaycan Mətbuat Şurası həmin media vasitələrinə xəbərdarlıqlar edir:

“Biz həmin media vasitələrini Mətbuat Şurasının “qara siyahısı”na salırıq. Əslində, özünü jurnalist hesab edən şəxs və ya media üçün “qara siyahı” ən ağır cəzadır. Cəmiyyət həmin KİV-lərin nə işlə məşğul olduğunu artıq dəqiq bilir. Bizim çıxardığımız qərarlarla həmin “qara siyahı”da olanlar cəmiyyətə bir mesajdır ki, bu KİV-lərdə yayımlanan məlumatlara inanmayın. Bu həm də ayrı-ayrı dövlət və özəl qurumlara bir mesajdır ki, həmin KİV-lərlə informasiya əməkdaşlığı qurmayın”.

Deputat qeyd edib ki, “reket jurnalistikası”na qarşı mübarizə məsələsi Mətbuat Şurasının İdarə Heyətinin noyabrın 1-də keçirilən iclasında da müzakirə edilib:

“Hazırda bu məsələ ilə bağlı təkliflər üzərində işləyirik. Bu təkliflərdən biri də Azərbaycan Mətbuat Şurası haqqında qanunun qəbul edilməsi ilə bağlıdır. Burada diqqət ona çəkilməlidir ki, görülən işlərdən Kütləvi İnformasiya Vasitələri haqqında qanunda nəzərdə tutulan prinsiplərə əməl edən media qurumları əziyyət çəkməsinlər. Burada fəaliyyət istiqaməti yalnız reketçiliklə məşğul olan KİV-lərə yönəlməlidir. Bununla bağlı biz dünya təcrübəsini də araşdırırıq. Misal üçün, İsveçdə Mətbuat Şurası qanunla tənzimlənir. Bəzi ölkələrdə isə Mətbuat Şurasına səlahiyyətlər veririlir ki, həmin qurumlar qanunu pozan KİV-ləri cərimələsinlər, müəyyən müddətdə fəaliyyətlərini məhdudlaşdırsınlar və sairə. Hazırda bu məsələlər müzakirə olunur. Çox güman ki, müzakirələrdən sonra Azərbaycan Mətbuat Şurasının sədri kimi mən sözügedən məsələləri Milli Məclisdə də qaldıracam. Yəni, parlamentdə də bu məısələlərin vacibliyi barədə öz deputat həmkarlarımı inandırmağa çalışacam”.

Şura sədri vurğulayıb ki, indi “reket jurnalistikası”na qarşı mübarizə məsələsi aktuallaşıb:

“Ümumiyyətlə, jurnalistikada reketçilik anlayışı hər zaman olub. Həmişə ayrı-ayrı şəxslər özlərinin şəxsi mənafeləri naminə çıxışlar ediblər. Son zamanlar bu cür hallar azalsa da, ancaq ayrı-ayrı qruplar tərəfinfdən intensivləşib. Əvvəllər ayrı-ayrı şəxlər bu işi görürdüsə, son zamanlar artıq bu məsələ qrup halında həyata keçirilir. Çox təəssüf ki, bəzi hallarda bu kifayət qədər aktiv nəzərə çarpır. Bütün bunların qarşısını almaq üçün Azərbaycan Mətbuat Şurası özünün Reketçiliyə qarşı Mübarizə Komissiyasını yaradıb, bu komissiya mütəmadi olaraq iş aparır. Təsəvvür edin ki, il ərzində Azərbaycan Mətbuat Şurasına 600-700 şikayət daxil olur. Bunların da xeyli hissəsi bu sayaq məsələlərlə bağlıdır. Əlbəttə ki, Mətbuat Şurası öz fəaliyyətində bu məsələləri daim diqqətdə saxlayaraq mübarizə aparır. Ancaq həmin insanların fəaliyyətində intensivlik artıb. Eyni zamanlarda ayrı-ayrı iqtisadi və siyasi qruplar, hətta bir zamanlar dövlət təşkilatları da həmin adamlardan özləri üçün istifadə edirdilər”.

 

 

Orxan