Azərbaycan neft-qaz sənayesində qazma işlərinin tarixi, bu günü və perspektivləri

Neft Azərbaycanın milli sərvətidir

“Bu gün Azərbaycan dünyada neft və qaz hasil edən ölkə kimi tanınır. Bizim dünyadakı rolumuz, gücümüz artır və bunun təməlində Heydər Əliyev neft strategiyası dayanır”.

Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin bu önəmli, dəyərli fikirləri ümummilli liderimiz, dünya şöhrətli şəxsiyyət Heydər Əliyevin Azərbaycanın dünyada neft ölkəsi kimi tanıdılmasında, bu sahənin tərəqqisində, həqiqətən də önəmli rolu olduğunu bir daha təsdiq edir. Məhz görkəmli şəxsiyyət Heydər Əliyevin gərgin əməyi sayəsində ölkəmiz neft-qaz hasil edən ölkə olaraq dünyada nüfuz sahibi oldu, onun cəsarətli neft strategiyası bu sahənin inkişafına, dirçəlməsinə güclü təkan verdi. Hələ 1990-cı illərin əvvəllərindən başlayaraq siyasi-iqtisadi, sosial çətinliklərlə üzləşən respublikamızda Heydər Əliyevin “Neft Azərbaycanın milli sərvətidir” devizi ilə neft sənayesinin bərpasına başlanıldı, bütün sahələrdə olduğu kimi, bu sahədə də böyük nailiyyətlərə, uğurlara imza atıldı; “Əsrin müqaviləsi”nin imzalanması (1994-cü il 20 sentyabr) ilə Azərbaycanın neft sənayesində yeni eranın başlanğıcı qoyuldu; regionda ilk dəfə dünyanın tanınmış şirkətləri ilə neft-qaz yataqlarının birgə istismarına başlanıldı; görülən işlər, əldə olunan uğurlar ölkəmizin beynəlxalq aləmdə nüfuzunu artırdı, iqtisadi əlaqələr gücləndi və s.
Milli sərvətimiz olan neftdən əldə edilən gəlirlərin gələcək nəsillərə sərf edilməsi, eləcə də bu gəlirlərdən ölkəmizin sosial ehtiyaclarını, iqtisadi tərəqqi və inkişaf tələblərini nəzərə almaqla, bugünkü nəsillər üçün səmərəli istifadə edilməsi məqsədilə 1999-cu il dekabrın 29-da dahi şəxsiyyət, dövlət qurucumuz Heydər Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılması haqqında” fərman imzalamışdır.
13 sentyabr 1992-ci ildə isə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti yaradılmışdır (ARDNŞ – ingiliscə SOCAR). SOCAR-ın əsas vəzifəsi Azərbaycanda neft və qaz yataqlarının axtarışı, neft-qazın və qaz kondensatının hasilatı, emalı və nəqli, həmçinin neft və neft-kimya məhsullarının, qazın daxili və xarici bazarlarda satışına nail olmaqdan, ölkədə sənayeni və əhalini təbii qazla təchiz etməkdən ibarətdir. Dünyanın ən böyük milli neft şirkətləri sırasında yer alan ARDNŞ-də 3 istehsalat birliyi, 1 neft və 1 qaz emalı zavodu, Dərin Özüllər Zavodu, 2 trest, 1 institut daxil olmaqla hüquqi şəxs statusuna malik 23, qeyri-hüquqi şəxs statusuna malik 4 qurum fəaliyyət göstərir. Qeyd edək ki, 2007-ci ildə təsis olunmuş SOCAR AQŞ MMC SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən inteqrə olunmuş qazma və quyu xidmətlərini göstərən birgə müəssisədir.

Tarixlə qısa tanışlıq

Neft bizim tariximiz, ulu öndərimizin dediyi kimi, milli sərvətimizdir. Ona görə də, Azərbaycanın neft tarixi ilə bağlı təkrar-təkrar yazılsa belə, qısaca da olsa, bu tarixə yenidən toxunmadan bəhs ediləcək növbəti mövzuya keçmək, məncə, doğru olmazdı…
Məlumat üçün bildirək ki, dünyada ilk dəfə neftin çıxarılmasına Hacı Qasımbəy Mənsurbəyov nail olmuşdur. O, Bibiheybətdə yerləşən iki quyudan neft çıxarmış (1803-ci ildə), lakin onların istismar müddəti çox çəkməmiş, güclü fırtına (1825-ci ildə) quyuları yerlə-yeksan etmişdir…
Neft Azərbaycanda – Bakının Abşeron yarımadasında ta qədim zamanlarda, bizim eradan əvvəl VII-VI əsrlərdə çıxarılmağa başlamışdır. Tarixi sənədlərə istinad etsək, dünyada ilk neft quyusu Bibiheybətdə (1847-ci il), dənizdə isə XVIII əsrdə Abşeron yarımadasında – dənizdən 19 metr aralıda qazılmışdır.
Azərbaycan təkcə neft-qazı ilə deyil, eyni zamanda dünyada ilk neftayırma müəssisələrinə malik ölkə kimi də tanınmışdır. 1859-cu ildə Bakıda Dubinin qardaşlarının ilk iri neftayırma zavodlarının istifadəyə verilməsi buna nümunədir. Neft və neft məhsullarının dünya bazarlarına çıxarılması üçün 1897-ci ildə Bakıdan Batuma neft kəməri çəkilmişdir. 1844-cü ildə görkəmli alim F.N. Semyonovun böyük rolu nəticəsində qazma üsulu ilə Bakı mədənlərində dünyada ilk dərin quyu qazılmış və məhz bundan sonra əllə quyuqazma işi tarixə qovuşmuşdur.

1877-ci ildə neft məhsullarını daşımaq üçün “Zoroastr” (“Zərdüşt”) tankeri istismara buraxılıb. 1899-1901-ci illərdə Azərbaycanda neft hasilatı 11,5 milyon tona çatıb. 1905-ci ildə Balaxanıda dünya neft sənayesi tarixində ilk dəfə olaraq kompressor istismarı tətbiq edilmişdir. “Neft daşları” yatağının kəşfi isə (1949) dənizdə neft hasilatının inkişafının əsasını qoymuşdur.
Sonrakı illərdə də Azərbaycanda yataqların kəşfi davam etdirilmiş, quyuların qazılması, istismarı işi texnoloji baxımdan getdikcə təkmilləşdilmişdir.
Azərbaycanda neft sənayesinin inkişafında Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, İsa bəy Hacınski, Murtuza Muxtarov, Şəmsi Əsədullayev, Seyid Mirbabayev, Əjdər bəy Aşurbəyov, Murtuza Muxtarov kimi xeyriyyəçi neft maqnatlarının böyük əməyi olmuşdur. Onlar bu sahəyə xeyli vəsait ayırmışlar.
Nobel qardaşlarının Bakıya gəlişi neft sənayesinin yüksəlişində yeni mərhələ açmışdır; belə ki, qardaşlar 1876-cı ildə Bakıda neft hasilatı və emalı üzrə şirkət yaratmışlar.

SOCAR AQŞ-nin missiyası, görülən işlərə ötəri nəzər

2007-ci ildə təsis olunmuş SOCAR AQŞ MMC Azərbaycanda neft və neft-kimya məhsullarının, qazın daxili və xarici bazarlarda satışının təşkili ilə məşğul olan, ölkədə sənayeni və əhalini təbii qazla təchiz edən SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisədir. Adıçəkilən təsisçilər müəssisəyə sənaye üsulu ilə neft və qaz quyularının qazılması baxımından çoxillik təcrübə qazandırmaqla, qabaqcıl qazma texnologiyalarını və yeni idarəetmə metodlarını tətbiq edir. AQŞ, SOCAR AQŞ, Dənizdə Neft və Qaz Quyularının Qazılması və Quyu Təmiri Xidmətlərinin Göstərilməsi, Kəmər Endirmə Xidmətləri, Atqıya Qarşı Avadanlıqların və Quyuağzı Avadanlıqların Təmiri və Sınağı Xidmətlərinin göstərilməsi üçün ISO 9001:2015, ISO 14001:2015 və ISO 45001:2018 beynəlxalq standartlarının tələblərinə əsasən sertifikatlaşdırılmışdır. 2017-ci ildə isə SOCAR AQŞ dənizdə neft və qaz quyularının qazılması və quyu təmiri xidmətlərinin göstərilməsi sahəsi üzrə API Spec Q2 Keyfiyyət İdarəetmə Sisteminin tələblərinə əsasən sertifikatlaşdırılmışdır.
Qeyd edək ki, SOCAR AQŞ «Günəşli» yatağında yerləşən 7 və 11 saylı, «Qərbi Abşeron» yatağının 10 saylı və «Bulla» yatağında 6 saylı Dəniz Stasionar Özüllərində (DSÖ) qazma işləri aparmaqdadır.
Bu günlərdə şirkət daha bir işi – 65 nömrəli quyunun tikintisini yeni nəsil qazma avadanlığı vasitəsilə təhlükəsiz olaraq başa vurub sifarişçiyə çatdırmaqla, növbəti quyuda qazma işlərinə start verib. Müəssisə yenə də ənənəyə sadiq qalaraq gördüyü işi ətraf mühitin mühafizəsinə uyğun şəraitdə və keyfiyyətli şəkildə yekunlaşdırmaqla sifarişçiyə – “Azneft” İstehsalat Birliyinə təhvil verməyi planlaşdırır.

Şirkət tez-tez “Azneft” İstehsalat Birliyi ilə müzakirələr aparır, sifarişçinin təyin etdiyi parametrlərə uyğun olaraq quyunun vaxtında və keyfiyyətlə qazılması üçün yüksək peşəkarlıq göstərir.
Məlumat üçün bildirək ki, güclü və təcrübəli komandaya malik olan və aparıcı müəssisə kimi fəaliyyət göstərən SOCAR AQŞ bu il keçirilən 26-cı Beynəlxalq Xəzər Neft və Qaz konfransının iştirakçısı olmuş, konfransa sponsorluq etmişdir.
SOCAR AQŞ BP Azərbaycan şirkətinin yerli müəssisələr arasında elan etdiyi “Sahibkarlığın İnkişafı Mükafatı-2015” müsabiqəsinin (2 iyun 2015-ci il) “Qabaqcıl texnologiyaların uğurlu tətbiqi” nominasiyası üzrə İlin şirkəti mükafatına layiq görülmüşdür. Bu mükafatlandırma özlüyündə adıçəkilən müəssisənin qabaqcıl olduğunu bir daha vurğulamağa əsas verir.
SOCAQ AQŞ həmişə İnteqral qazma və quyu xidmətləri göstərən qabaqcıl beynəlxalq şirkət olmağı, neft ölkəsi kimi tanınan Azərbaycan qazmasının tarixi qabaqcıl rolunu müasir, dünya qazma sənayesində davam etdirməyi qarşısına məqsəd qoymuşdur. Sözügedən şirkət öz işini ortaq dəyərlər üzərində qurur və bu ənənəni daim davam etdirir; insan kapitalına dəyər verməyi, təhlükəsizliyi, qənaətcilliyi əsas götürərək daim yeniliklərə can atır, buna isə səmərəli fəaliyyəti ilə nail olur. Bütün sadaladığımız nümunəvi keyfiyyətləri, haqqında söhbət açdığımız müəssisə əsas missiya olaraq özündə cəmləşdirməyi bacarıb və bu yolu hər zaman davam etdirməkdədir.

İstedadlı, peşəkar gənclərə dəstək

İstedadlı gənclərə hər cür dəstək vermək SOCAR AQŞ-nin qarşıya qoyduğu mühüm vəzifələrdən biridir. Bu il SOCAR AQŞ və ABŞ-Təhsilli Azərbaycan Məzunları Assosiasiyasının (AAA) ilə birgə əməkdaşlığı çərçivəsində keçirilən karyera sərgisi də dediklərimizi bir daha təsdiqləyir. Sərginin keçirilməsində məqsəd, Azərbaycanda, həmçinin xaricdə təhsil almış, təcrübəli gənclərimizi sözügedən müəssisədə iş imkanları və perspektivli, uğurlu karyera yüksəlişinə necə nail olmağın, belə demək mümkünsə, sirlərini açmaq, bu barədə onları məlumatlandırmaq idi.

SOCAR AQŞ mütəmadi olaraq öz üzərində çalışan, bacarıqlı gənclərlə, universitetlərlə əlaqə saxlayır, tələbələrlə ünsiyyət qurur, dəyərli tövsiyələri ilə gələcəyin qurucularına daim dəstək olur. Şirkət bundan sonra da yeni-yeni layihələrin həyata keçirilməsini, savadlı kadrları üzə çıxararaq onların yerli iqtisadiyyata uğurlar qazandırmasına şərait yaratmağı qarşısına məqsəd qoyub.

Yeganə Məmmədova

Yazı SOCAR-AQŞ MMC və Azərbaycan Mətbuat Şurasının “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illiyi münasibəti ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi müsabiqəyə təqdim olunur.