Azərbaycan Prezidentinə təbrik məktubları ünvanlanmaqda davam edir

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Milli bayramınız – Respublika Günü münasibətilə Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq hissi duyuram.
Dünyanın bu çətin dönəmində beynəlxalq əməkdaşlığa əvvəlkindən daha çox ehtiyac duyulur. “Biz – xalqlar” şüarı altında xoş məramla bir araya gələrək sülhü, davamlı tərəqqini və insan hüquqlarını dəstəklədikdə bütün dünya ölkələri bundan faydalanır.

Sizin bu milli bayramı qeyd etdiyiniz bir vaxtda mən Birləşmiş Millətlər Təşkilatının daha da möhkəmləndirilməsi və daha gözəl gələcək naminə səylərimizin gücləndirilməsi istiqamətində ölkənizin fəal dəstəyinə arxalanıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Respublika Günü münasibətilə bir sıra ölkələrin rəhbər şəxsləri də ölkə başçısı İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Laos Xalq Demokratik Respublikasının Prezidenti Bounyanq Voraçitdən: “Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına Laos xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaq istəyirəm.
Əminəm ki, Laos Xalq Demokratik Respublikası ilə Azərbaycan Respublikası arasındakı münasibətlər və əməkdaşlıq əlaqələri hər iki xalqın mənafeyi naminə bundan sonra da möhkəmlənəcəkdir.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Maldiv Respublikasının Prezidenti İbrahim Məhəmməd Solihdən: “Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Milli bayramınız – Respublika Günü münasibətilə Sizi, Azərbaycan Hökumətini və xalqını Maldiv Hökuməti və xalqı adından, həmçinin öz adımdan səmimi qəlbdən təbrik edir və ən xoş arzularımı çatdırıram.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına daimi inkişaf və rifah arzu edirəm”.
Cibuti Respublikasının Prezidenti İsmail Ömər Qellehdən: “Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, cənab Prezident.

Dost Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə cansağlığı, xoşbəxtlik, xalqınıza isə inkişaf, rifah arzu etməkdən şərəf və böyük məmnunluq hissi duyuram. Bu təbriklərə Cibuti Hökuməti və xalqı da qoşularaq, Azərbaycan xalqına rəğbət və dostluq duyğularını ifadə edirlər.
Son illərdə ölkələrimiz arasında qarşılıqlı əməkdaşlıq səviyyəsinin yüksəlməsindən qürur duyuruq. Şübhəsiz ki, ölkələrimiz arasında bu əhəmiyyətli yaxınlaşma digər amillərlə yanaşı, xalqlarımızın böyük oxşarlıqlarını xarakterizə edən məhsuldar zəmin üzərində qurulmuşdur.

Zati-aliləri, Sizi əmin edirəm ki, Cibuti Hökuməti və xalqı ölkələrimiz arasında münasibətləri möhkəmləndirmək üçün hər zaman və hər cür dəstək verməyə hazırdırlar.
Cənab Prezident, bir daha Sizə və bütün Azərbaycan xalqına ən xoş arzularımı çatdırır, milli bayramınız münasibətilə ən səmimi qardaşlıq salamlarımı qəbul etməyinizi xahiş edirəm”.

Bruneyin Sultanı Hacı Həssənal Bolkiahdan; “Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.
Əs-səlamu aleykum va rahmatullahi va barakatuhu.
Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram.
Ölkələrimiz arasındakı mehriban dostluq münasibətlərini yüksək qiymətləndirirəm. Ümidvaram ki, əməkdaşlığımız həm ikitərəfli, həm də beynəlxalq müstəvidə daha da inkişaf edəcəkdir.
Sizə ən xoş arzularımı çatdırır, möhkəm cansağlığı və xoşbəxtlik diləyirəm.
Vəssalamu aleykum va rahmatullahi va barakatuhu”.

Xalq.az