Azərbaycanda ahıl insanlara dövlət qayğısı ildən-ilə artır

“BMT-nin Baş Məclisinin 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qəbul etdiyi qətnamənin prinsiplərinə uyğun olaraq, hər il oktyabrın 1-i bütün dünyada olduğu kimi, ölkəmizdə də Beynəlxalq Ahıllar Günü qeyd olunur. Bu günün beynəlxalq səviyyədə qeyd olunması isə ahıllara diqqət və qayğının artırılması məqsədi daşıyır”.

Bu sözləri XALQ.AZ-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Dilarə Cəbrayılova deyib. O bildirib ki, Azərbaycanda Beynəlxalq Ahıllar Günü 1993-cü ildən qeyd olunur: “Ulu Öndər Heydər Əliyevin ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşmasının nəticəsi olaraq, 22 iyun 2001-ci il tarixdə “Ahıllara sosial xidmət haqqında” Qanun qəbul olunub. Həmin Qanuna əsasən, ölkədə 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə, ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunur. Hazırda ölkəmizdə bu qəbildən olan minlərlə insan var”. Deputat qeyd edib ki, ahılların hərtərəfli dövlət qayğısı ilə təmin olunması, onların maddi və mənəvi tələbatlarının ödənilməsi Ulu Öndər Heydər Əliyevin sosial siyasət kursunun mühüm tərkib hissəsi olub: “Milli və bəşəri dəyərlərə söykənən bu siyasət cənab Prezident İlham Əliyev tərəfindən layiqli səviyyədə davam və inkişaf etdirilməkdədir. Belə ki, cənab Prezident tərəfindən imzalanan fərman və sərəncamlarda hər zaman ahılların maraqları, sosial statusu nəzərə alınır. Ötən illər ərzində, o cümlədən bu il cənab Prezident İlham Əliyev yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması, sığorta hissəsinin artırılması və s. bağlı sərəncamlar imzalayıb.

Bu gün tənha ahıl vətəndaşlara ictimai əsaslarla evlərində sosial xidmətlər göstərilir. Bu tədbirlər dövlət səviyyəsində həyata keçirilir. Dövlət başçısının bu təbəqədən olan insanlara diqqət və qayğısının ifadəsi kimi, yeni pansionatlar pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəsisəsi inşa olunaraq, istifadəyə verilir. Həmin pansionatlarda beynəlxalq təcrübədən irəli gələn meyarlara uyğun olaraq, tənha ahıl və əlillərin keyfiyyətli tibbi-sosial xidmətlə təmin edilməsi, onların asudə vaxtlarının mənalı təşkili üçün müasir tələblərə uyğun şərait yaradılır. Dövlət qarşısında xüsusi xidmətləri olmuş ahılların bir qismi əmək pensiyaları ilə yanaşı, Azərbaycan Prezidentinin təqaüdü ilə də təmin olunurlar. Ahıl şəxslərin dövlət hesabına bərpa-müalicə xidməti, reabilitasiya avadanlıqları, sanatoriya-kurort yollayışları ilə təminatı sahəsində də işlər ilbəil güclənir”. Deputat xatırladıb ki, bu il iyun ayının 1-də Prezident cənab İlham Əliyev tərəfindən “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” Sərəncam imzalanıb: “Cənab Prezidentin Sərəncamı sosial xidmətlər sistemində yeni bir istiqamət kimi, ahıllar üçün də günərzi xidmətlərin təşkilinə şərait yaradıb. Sərəncamın icrası işləri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət sifarişləri əsasında ilk mərhələdə 10 rayonda ahıllar üçün günərzi xidmət mərkəzlərinin yaradılması nəzərdə tutulub. Mərkəzlərin 4-ü Bakı şəhərində, 6-sı Sumqayıt, Gəncə, Mingəçevir, Abşeron, Xaçmaz, Lənkəran şəhər və rayonlarında yaradılacaq.

Bu mərkəzlərdə tənha ahıllar yarımstasionar şəkildə, yəni günərzi formasında sosial-məişət xidmətləri ilə təmin olunacaq, onların asudə vaxtlarının mənalı təşkili və s. istiqamətlərdə işlər aparılacaq. Hesab edirəm ki, bütün bunlar Azərbaycan dövlətinin və Prezidentinin ahıllara göstərdiyi diqqət və qayğısının bariz nümunələridir”. D. Cəbrayılova Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ahıllara göstərdiyi diqqət və qayğının da böyük rəğbətlə qarşılandığını deyib: “ Hesab edirəm ki, Mehriban xanım Əliyeva da ahılların ən böyük qayğıkeşidir. Hər zaman Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunda ahıllar, müharibə veteranları ilə görüşlər keçirilir, onların qayğı və problemləri öyrənilir, sağlamlıq imkanları diqqətdə saxlanılır. Heç də təsadüfi deyil ki, bu il Mehriban xanım Əliyeva öz doğum gününü Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə birlikdə Bilgəhdəki Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində yaşayan ahıllarla keçirdi. Hesab edirəm ki, ixtisasca həkim olan Mehriban xanım Əliyevanın yaşlıları, uşaqları, müalicəyə və qayğıya ehtiyacı olan insanları hər zaman diqqətdə saxlaması, öz əziz gününü onlarla birlikdə keçirməsi bir daha onu göstərir ki, həkimlik sənətinin mahiyyətini təşkil edən mərhəmət və insansevərlik onun təbiətinin və fəaliyyətinin qayəsidir”. Deputat qeyd edib ki, bütün görülən işlər, həyata keçirilən tədbirlər Azərbaycan dövlətinin artan qüdrətinin və onun hər bir vətəndaşına olan qayğısının göstəricisidir.