Azərbaycanda xəbər portalına haker hücumu oldu – Sayt fəaliyyətini məcburi dayandırıb

“Pravda.az” xəbər portalına haker hücumu olub.

Bu barədə KONKRET.az-a saytın baş redaktoru İlkin Pirəli məlumat verib.

İ.Pirəli hücumun “”Lotu Quli”nin qətlə yetirildiyi otel hansı azərbaycanlı məmura aiddir?” başlıqlı yazı ilə əlaqədar olduğunu bildirib:

“Məqalədə “Lotu Quli”nin öldürüldüyü otelin rəhbəri Sərxan Babayevin Azərbaycan Respublikası Prezident Administrasiyası Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun yaxın adamı olduğu bildirilir. Yazı ötən gün – avqustun 21-də günorta saatlarında sayta qoyulduqdan sonra zənglər gəlməyə başladı. Zənglərin səbəbi yazının çıxarılması ilə bağlı idi. Təbii ki, bütün təkliflərdən imtina etdik. Hətta SOCAR-a bağlılığı olan şəxslər də əlaqə saxladılar, yazının saytdan çıxarılmasının mümkünsüzlüyünü bildirdik. Bizə öncədən də bəlli idi ki, yazıların çıxarılmasının qarşılığında nə təklif olunur. Biz də məhz o məsələlərə görə dirəndik. Danışıqlar nəticə vermədiyinə görə “ddos” hücumlar başladı, hətta təhdid də olundum.

Baxın, bizim saytda ölkə Prezidentini tənqid edən yazılar da dərc olunur, tam normal qarşılanır. Bəs necə olur, birinci şəxs tənqid olunanda təzyiq olmur, məmurları tənqid edəndə, az qalırlar adamı öldürsünlər?… Bunlar balaca “xan”dılar?. Bu, kibercinayətdir…”.

Baş redaktor Azərbaycan Prezidenti İlham Əliyevə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə, Daxili İşlər naziri Vilayət Eyvazova, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəyə müraciət ünvanlayacağını qeyd edib:

“Xahiş edirəm, bu məsələni nəzarətə götürsünlər. Belə problem ilk dəfə deyil baş verir. Dəfələrlə başqa saytların başına bu cür oyunlar açılıb. Prezident deyir, yazın, göstərin, hökumət həll etməyə çalışsın.

Bu məmurların əlindən azad medianın fəaliyyəti mümkün deyil. Dünyanın inkişaf etmiş ölkələrində belə hoqqabazlıqlar olmur. Bu məmurların ucbatından ölkə mediası beynəlxalq reytinqlərdə aşağı səviyyədədir. Ümid edirəm, aidiyyatı qurumlar müraciətimə reaksiya verəcək”.