“Azərbaycanın işğal altındakı torpaqları məhz ordusunun gücü ilə azad edəcək” – Deputat

VUQARR

Bu gün öz inkişafına görə regionun lider dövləti olan Azərbaycanda bütün sahələrdə uğurlar əldə edilir. Eyni zamanda ölkəmizdə əldə edilən uğurlardan gənclərə xüsusi pay düşür desək, heç də yanılmarıq.

XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, Azərbaycan dövləti gənclərə xüsusi diqqət və qayğı göstərməklə yanaşı onların vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik, milli mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunması məsələsinə xüsusi həssaslıqla yanaşır:

“Yəni dövlətin siyasəti ondan ibarətdir ki, Azərbaycan gəncləri bilikli, savadlı, Vətənə bağlı olsunlar və ölkəmizin gələcək inkişafına töhfələrini versinlər. Azərbaycan gəncləri vətənpərvərdir, milli ruhda tərbiyə alır. Son hadisələr də bunu bir daha təsdiq etdi. Məlumdur ki, Azərbaycan özünün ərazi bütövlüyünün pozulması faktı ilə heç vaxt barışmayıb və bundan sonra da barışmayacaq. Ölkəmiz bizim üçün bir nömrəli milli məsələ olan Dağlıq Qarabağ probleminin həllində belə prinsipial yanaşma sərgiləyərkən ilk növbədə özünün ordusuna arxalanır.

Azərbaycan Ordusu getdikcə güclənir. Son illərdə qoşunların təmas xəttində düşmən ölkənin törətdiyi təxribat cəhdlərinin qətiyyətlə dəf edilməsi onu deməyə əsas verir ki, Azərbaycan sülh danışıqları nəticə verməyəcəyi təqdirdə işğal altındakı torpaqları məhz ordusunun gücü ilə azad edəcək. Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində işğalçı dövlətin hərbi bölmələrinin iyulun 12-də və sonrakı günlərdə törətdikləri təxribatların qarşısının qətiyyətlə alınması silahlı qüvvələrimizin zəfər tarixinə növbəti şanlı səhifə kimi yazılıb. Təbii ki, ordumuzun bu uğurları bir tərəfdən dövlətin silahlıq qüvvələrimizə göstərdiyi diqqət və qayğıdan aslıdırsa, digər tərəfdən də orduda xidmət edən gənclərin vətənpərvərlik ruhundan aslıdır”.

V.İskəndərov onu da deyib ki, Azərbaycan cəmiyyəti, o cümlədən də gənclərimiz dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmən təxribatının qarşısını rəşadətlə alan ordumuza qətiyyətli dəstək göstərdilər: “Prezident, Ali Baş Komandan İlham Əliyevin çağırışına qoşulan gənclərimiz könüllü olaraq cəbhəyə getmək və düşmənə qarşı vuruşmaq istəklərini bildirərək, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müvafiq qaydada müraciət etdilər.

Qurumdan verilən məlumata əsasən, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çağırışına səs verən onminlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə elektron qaydada müraciət ünvanlayıb və onlar müvafiq formada qeydiyyata alınıblar. Bu isə gənclərimizin vətənpərvərlik ruhunu, işğaql altındakı torpaqlarımız düşmındən azad etmək istəyini bütün dünyaya nümayiş etdirdi. Azərbaycanın belə bir gəncliyinin olması bizlərdə qürur hissi yaradır”.Trend