Azərbaycanın Qoşulmama Hərəkatının lider dövlətlərindən birinə çevrilib

Məlum olduğu kimi, bu günlərdə Bakı Konqres Mərkəzində “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransı keçirilib. Bu nüfuzlu beynəlxalq tədbirdə bir sıra aktual qlobal məsələlər geniş müzakirə olunub. Bu zaman çox sayda maraqlı fikir və mülahizələr səsləndirilib, dəyərli təkliflər irəli sürülüb.

Qeyd edək ki, tədbirin materialları mediada geniş işıqlandırılıb. Konfrans barədə məlumatlar həm ölkə ictimaiyyətində, həm də yaxın və uzaq xarici ölkələrdə geniş əks-səda doğurub. Konfransın əhəmiyyəti barədə söz düşəndə Dünya Azərbaycanlıları İctimai Mərkəzinin sədri Zaur Mirzə-Zadə ­bunları dedi:

– Təbii ki, Azərbaycan paytaxtının qlobal əhəmiyyətli belə bir tədbirə ev sahibliyi etməsinə çox sevinirəm. Bu, sıradan bir tədbir deyil. Belə ki, Qoşulmama Hərəkatı yarandığı gündən bu vaxta qədər beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsində əsaslı rol oynayıb. Bu gün də hərəkata üzv dövlətlər ortaq prinsip və dəyərləri qoruyub saxlamağa, ­qarşılıqlı etimadı və əməkdaşlığı gücləndirməyə çalışırlar. Azərbaycanın Qoşulmama hərəkatının lider dövlətlərindən birinə çevrilməsi hamı kimi məni də çox sevindirir.

Bakıda tədbirdə iştirak edən bir sıra görkəmli dövlət adamları, nüfuzlu siyasətşilər, mədəniyyət və incəsənət xadimlərinin dilindən səsləndiyi kimi, həqiqətən, bu gün Qoşulmama Hərəkatı beynəlxalq hüququn normalarına, ərazi bütövlüyü prinsiplərinə, bütün üzvlərin suverenliyinə və müstəqilliyinə sadiqdir. Görünən budur ki, hərəkat dünyada sabitlik, sülh və təhlükəsizliyin bərqərar olmasında vacib rol oynayır.

Etiraf etmək lazımdır ki, çağdaş dünyada sülhə və təhlükəsizliyə hər zaman olduğundan daha böyük ehtiyac yaranıb. Belə ki, son illər planetimizdə sülhə, təhlükəsizliyə təhdidlər çox artıb. Bir anlığa son illər Yaxın Şərqdə baş verən qanlı qarşıdurma və zorakılıqları gözləriniz önünə gətirin. Belə bir çətin dövrdə Qoşulmama Hərəkatının öz səylərini birləşdirərək həmrəylik göstərməsi sevindirici haldır.

Azərbaycan Respublikası Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiqdir. Bəlli olduğu kimi, 2019-cu ildə hərəkata sədrlik məhz Azərbaycana keçəcək. Əminəm ki, sədrliyi dövründə rəsmi Bakı hərəkatın təməlini təşkil edən məqsəd və məramların inkişafı naminə çalışacaq. Eyni zamanda, müstəqil Azərbaycanın dünya birliyindən gözləntiləri var. Fikrimcə, bu gözləntilərin hüququ əsası var.

İyirmi ildən çoxdur ki, Azərbaycan torpaqları Ermənistanın işğalı altındadır. İşğal bu gün də davam edir. Beynəlxalq təşkilatların, BMT-nin, ATƏT-in, Avropa Şurasının qərarlarına baxmayaraq, Azərbaycan torpaqları işğal altında qalmaqdadır. Dünya birliyi təcavüzkara qarşı adekvat mövqe tutmalı, prinsipiallıq göstərməlidir. Biz inanırıq ki, haqq-ədalət öz yerini tapacaq. Əks təqdirdə, Azərbaycan öz torpaqlarını öz igid oğullarının gücü ilə azad edəcək. Qoy buna heç kimin şübhəsi qalmasın!