“AzərEnerji” yeni layihə reallaşdırır

azern

“Azərenerji” ASC reaktiv gücün kompensasiyası istiqamətində əhəmiyyətli layihə gerçəkləşdirir. Bunun üçün 330 kilovoltluq “Yaşma” yarımstansiyasında 120 MVAr gücündə, 330 kilovoltluq “Goranboy” Paylayıcı Məntəqəsində isə 180 MVAr gücündə idarəolunan şuntlayıcı reaktor quraşdırılır.

Qurumdan XALQ.AZ-a verilən məlumata görə, yeni reaktorlar Azərbaycan enerjisisteminin 2 əsas düyün nöqtəsində qoyulur. Daha dəqiqi, sistem əhəmiyyətli yarımstansiyaları əlaqələndirən əsas 330 kilovoltluq yüksəkgərginlikli elektrik verilişi xətlərinin birləşdiyi və yük axınları olan yerlərdə böyük güclü idarəolunan şuntlayıcı reaktorlar quraşdırılır. Çünki hazırk vəziyyətdə 330 kilovoltluq sistemtəşkiledici xətlərdə mövcud olan reaktiv tutum gücləri onların yük ötürmə qabiliyyətini azaltmaqla bərabər, itkilərə səbəb olurdu. Layihə gerçəkləşəndən sonra isə şuntlayıcı reaktorlar yüksəkgərginlikli 330 kilovoltluq xətlərin reaktiv yükünü qəbul etməklə, reaktiv yükün tənzimlənməsi ilə rejim imkanlarını yaxşılaşdıracaq, yük axınını tənzimləyəcək və bununla da reaktiv yükün kompensasiyası təmin ediləcək. İdarəolunan şuntlayıc reaktorlar xətlərin ötürmə qabiliyyətini artırmaqla yanaşı texniki itkiləri azaldacaq və bununla yükün keyfiyyətini yüksəltməyə, böyük miqdarda elektrik enerjisinə və maliyyə vəsaitlərinə qənaət etmiş olacaq.

İndiki halda ölkə üzrə 2 ədəd idarəolunan şuntlayıcı reaktorun düyün nöqtələrində quraşdırılması enerjisistem üçün yetərli olsa da, 2030-cu ilin perspektiv inkişaf planına uyğun olaraq tələbatın, yüksəkgərginlikli yarımstansiyaların və elektrik verilişi xətlərinin sayının artmasına görə əlavə şuntlayıcı reaktorların qoyulması həyata keçiriləcəkdir.