Azərbaycan ən sabit ölkələrdən biridir

25

 

Azərbaycan müstəqillik əldə etdikdən sonra daxili işlər orqanları cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin qorunmasına qətiyyətli addımlar atıb, çətin və şərəfli vəzifələrinin öhdəsindən lazımınca gəlib”. Xalq.az xəbərinə görə, bu sözləri Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov 2 iyul – polis işçilərinin peşə bayramı ilə əlaqdar keçirilən tədbirdə çıxış edərkən deyib.

Hər zaman ictimai asayişin və sabitliyin keşiyində dayanan və Vətənin müdafiəsində qurbanlar verən Azərbaycan polisinin əməyini yüksək qiymətləndirən PA rəsmisi qeyd edib ki, müasir dövrün çağırışları destruktiv proseslərə, xüsusilə separatizmə və dini ekstremizmə qarşı daha çevik yanaşmanı və ictimai-siyasi sabitliyin təmin olunması, dövətçiliyin qorunmasında daha qətiyyətli olmağı tələb edir: “Sabitlik pozulduqda inkişafdan söhbət gedə bilməz. Sabitlik inkişafın əsas şərtidir. Bu gün dünyada cərəyan edən təhlükəli proseslər fonunda Azərbaycan insanların təhlükəsizliyinin yüksək səviyyədə qorunduğu ən sabit ölkələrdən biri hesab olunur. Sabitliyin təmin olunmasında şübhəsiz ki, daxili işlər orqanlarının rolu danılmazdır”.

Son 10 ildə ölkəmizdə bu sahə ilə əlaqədar görülən işlərdən danışan F. Ələsgərov qeyd edib ki, bu müddət ərzində polis əməkdaşlarının sosial müdafiəsinə xüsusi diqqət yetirilib: “Bu məqsədlə Prezident İlham Əliyev tərəfindən 9 sərəncam imzalanıb. Bu diqqət və qayğı bundan sonra da davam edəcək. Prezidenti İlham Əliyev tərəfindən qarşıya qoyulan tələb və vəzifələr daxili işlər orqanları tərəfindən lazımınca yerinə yetirilir, ölkədə cinayətkarlığa qarşı mübarizə böyük peşəkarlıqla həyata keçirilir”.