Azərbaycan ərazilərinin işğalı məsələsində mətbuatın xüsusi rolu olub

 

24

Yeni Azərbaycan Partiyası (YAP) hər zaman mətbuata böyük diqqət yetirib. Xalq.azxəbər verir ki, bunu YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov  bu gün Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında 22 iyul – Milli Mətbuat günü münasibətilə bir qrup jurnalistlə görüşü zamanı deyib.

O bildirib ki, Azərbaycan mətbuatı çox şərəfli tarixi yol keçib. “1875-ci ildən başlayaraq müxtəlif tarixlərdə, quruluşlarda olmamıza baxmayaraq, mətbuatımız xalqımızın inkişafı üçün, onun informasiya alması üçün, cəmiyyətdə olan problemlərin qabardılaraq üzə çıxması üçün və müəyyən məsələlərin həlli yollarında mətbuatımızın rolu olub. İstər bu Çar Rusiyası dövründə, istərsə də Azərbaycan Sovetlər Birliyində, istərsə də müstəqillik dövründə mətbuatımızın Azərbaycan xalqının həyatında hərtərəfli rolu olub. Xüsusilə, müstəqillik dövrünə toxunmaq istərdim ki, bu dövrdə demək olar ki, mətbuatın rolu həddən artıq böyükdür”.

Onun sözlərinə görə, hələ televiziya kanalları o qədər də yaranmamışdı, lakin Azərbaycanın müstəqilliyi ilə bağlı, həmçinin milli azadlıq dövründən başlamış bu günə qədər mətbuat çoxşaxəli və hərtərəfli rol oynayıb.

“Xüsusilə də, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan ərazilərinin işğalı məsələsində mətbuatın xüsusi rolu olub. Belə ki, neçə-neçə mətbuat nümayəndələrimiz öz həyatını qurban verərək, şəhid olublar”.

S.Novruzov deyib ki, bundan sonrakı dövrdə də mətbuatın inkişafı hərtərəfli olub: “Qeyd etmək istərdim ki, ümummilli liderimizin yenidən hakimiyyətə qayıdışından sonra mətbuat-dövlət əlaqələri həddindən artıq yaxın və sıx olub. Birlikdə isə bu əlaqələr inkişaf etməyə başlayıb. Azərbaycan mətbuatında ilk dəfə 1998-ci ildə ümummilli lider tərəfindən senzuranın ləğvi, mətbuata xüsusi diqqətin göstərilməsi kimi halları mətbuatımızın inkişafına təkan verdi”.

Millət vəkili vurğulayıb ki, biz siyasət adamları mətbuat nümayəndələrinin xüsusi diqqət mərkəzində olması və dördüncü hakimiyyət rolunu tamamilə həyata keçirilməsinin hər gün şahidi oluruq. “Biz siyasət adamları da görürük ki, Azərbaycan mətbuatı günü-gündən irəli gedir. Bu gün Azərbaycanda 240-dan artıq mətbu vasitə nəşr olunur ki, onun da 40-ı gündəlik, 200-ü isə həftəlik və aylıq olaraq dərc olunur”.

S.Novruzov diqqətə çatdırıb ki, Azərbaycanda internet azaddır: “Bir çox ölkələrdə bilirsiniz ki, vəziyyətdən asılı olaraq, mütəmadi olaraq internet üzərində nəzarət qoyulur. Azərbaycan istər Avropanın, istərsə də digər dövlətlərdən fərqli olaraq belə etmir. Ölkəmizdə çox sayda internet portalı fəaliyyət göstərir. Bu da insanların həm dünyada,  həm regionda, həm də ki, ölkə daxilində baş verən hadisələrlə bağlı mütəmadi olaraq məlumatlandırır. Bu da inkişafın elə göstəricilərindən biridir ki, dövlət-mətbuat əlaqələrinin inkişafından xəbər verir”.

Onun sözlərinə görə, bu səbəbdən də ümummilli liderimiz mətbuatın dostu mükafatına layiq görülüb: “Bundan başqa cənab prezident də bu mükafata layiq görüldü. Bunun da arxasında diqqət, əməl və qayğı durur. Azərbaycanda  Mətbuat və İnformasiya Nazirliyi ləğv olunduqdan sonra Azərbaycan jurnalistlərinin özlərinin yaratdığı və seçdiyi Mətbuat Şurası yarandı. Bu gün bu qurum doğrudan da çox geniş şəkildə fəaliyyət göstərir”.

S.Novruzov deyib ki, bundan əlavə KİV-ə Dəstək Fondunun yaradılması mətbuata diqqətin bir nümunəsidir ki, mətbuatımız hər il mükafatlandırılır.

“Həmçinin, mənzillərin verilməsi də mətbuatımıza olan diqqətdir. Onu da deyim ki, növbəti bina da hazırlanır. Gələn ilin sonlarına kimi 250 mənzildən artıq bina mətbuat işçilərinə veriləcək.

Partiya olaraq biz mətbuat orqanları ilə mütəmadi əlaqədəyik. Milli Məclis olaraq da mətbuat daim diqqət mərkəzindədir.

İqtisadi inkişaf artdıqca mətbuatımızda da bunların işıqlandırılması artır. Buna görə də son illərin ən mötəbər tədbirləri ölkəmizdə keçirildi. Bu da mətbuatımızın əməyindən xəbər verir”.