“Azərbaycan 1990-cı ildəki Azərbaycan deyil”

“2016-cı ilin Aprel döyüşləri Azərbaycan Silahlı Qüvvələrinin ən parlaq qələbəsi kimi tarixə yazılıb. Bu döyüş Ermənistanın növbəti təxribatına qarşı verilən layiqli cavab idi. Aprel döyüşlərində Ordumuz sübut etdi ki, xalqımızın arzu və istəyini, işğal altında qalan torpaqlarımızı azad etməyə qadirdilər”.

XALQ.AZ xəbər verir ki, bu sözləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin rəisi Arzu Rəhimov deyib. O, bildirib ki, bu döyüşlər Silahlı Qüvvələrimizin gücünü, peşəkarlığını, əsgər və zabitlərimizin vətənpərvərliyini, vətən uğrunda hər cür fədakarlığa qadir olduqlarını göstərən parlaq qələbədir: “Hərb tariximizin şanlı qələbəsi olan Aprel döyüşləri bütün dünyaya Azərbaycan Silahlı Qüvvələrinin gücünü və erməni silahlı qüvvələrini işğalçılığının müvəqqəti olduğunu sübut etdi. Bütün dünya bildi ki, Azərbaycan artıq 1990-cı illərdəki Azərbaycan deyil. Parlaq Aprel səhifəsindən 3 il keçməsimə baxmayaraq, xalqımız bu qələbənin sevincini hələ də yaşayır, düşmən isə bu məğlubiyyətin acısını hələ də unuda bilmir. Bu gün hərbi xidmətə çağırılan hər bir gəncin arzusu düşməni məhv etmək, vətən və zəfər qəhrəman olmaqdır. Azərbaycan üçün zəfərlərin davamı hələ qarşıdadır”.

“Biz bir daha sübut etdik ki, Azərbaycan bir qarış torpağını belə düşmənə güzəştə getməyəcək. Azərbaycan ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu ola bilməz. Uzun illər dünya Ermənistanın saxta məlumatlarını eşitsə də, Aprel döyüşlərindən sonra dünya Azərbaycanın mövqeyi ilə barışmağa başlayıb. Aprel döyüşləri göstərdi ki, biz hərb yolu ilə işğal altında olan torpaqlarımızı ala bilərik. Ermənilərin təbliğat sahəsində 200 ildə gördüyü işlərə Azərbaycan son 10 ildə ideoloji cəhətdən layiqli cavab verib. İşğal altında olan torpaqlarımız tez bir zamanda azad olunacaq və Azərbaycanın bayrağı bu torpaqlarda dalğalanacaq. Qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıdacağı gün uzaqda deyil”, – deyə xidmət rəisi qeyd edib.

 

Orxan