Azərbaycan beynəlxalq aləmi erməni yalanlarından mühafizə etməyə çalışır

7

 

Umummilli liderimiz Heydər Əliyev hər zaman Azərbaycan gəncliyini, Azərbaycan aydınlarını, ziyalılarını, alimlərimizi, hər bir Azərbaycan vətəndaşını Dağlıq Qarabağ münaqişəsi başlayan gündən fəallığa çağırırdı. Çünki hər bir azərbaycanlı öz fəaliyyətində bu münaqişə istiqamətində ermənilərlə mübarizəni davam etdirməli və həyata keçirməlidir”.

Bu sözləri Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov bu gün keçirilən “Virtual Qarabağ” Mərkəzinin və internet səhifəsinin təqdimat mərasimində çıxış edərkən deyib.

O bildirib ki, hər bir azərbaycanlı məşğul olduğu sahədən asılı olmayaraq, ermənilərlə qonşuluğun məsuliyyətini və vəzifələrini unutmamalıdır: “Ermənilərlə qonşuluq Azərbaycan xalqına bir çox məsələlərdə əlavə məsuliyyət yaradıb. Ötən dövrlərdə biz ermənilərin fiziki, mənəvi, informasiya və digər basqılarına məruz qalmışıq. Bu, 1905-1907, 1918-1920, 1948-1953 və 1988-ci ildən başlayaraq bu gün də daxil olmaqla bu davam edir. 200 ildən artıq bir müddətdə Azərbaycan xalqına qarşı soyqırımı siyasəti həyata keçirilib. Bu siyasət müəyyən mənada ermənilərin, müəyyən mənada isə onların havadarlarının təşəbbüsü ilə baş tutub. Soyqırımı siyasəti təkcə azərbaycanlıları fiziki cəhətdən yox etmək deyil, onların malik olduğu əraziləri ələ keçirmək, onları dünyada biabır etmək və dünyanın gözündə Azərbaycan xalqının mədəniyyətinin, milli adət-ənənələrinin dəyərini aşağı salmaqdır”.

PA rəsmisi bildirib ki, buna görə də bizim nəslin qarşısında sözün əsl mənasında ciddi bir vəzifə dayanır: “Bu vəzifə ondan ibarətdir ki, ermənilərlə qonşu olduqca, onlardan gələn ziyanları, basqıları, millətimizə qarşı olan təhdidləri heç vaxt unutmamalı və mütəmadi olaraq onlara qarşı mübarizə aparmalıyıq. Faktiki olaraq ermənilərlə qonşuluq Azərbaycan xalqı qarşısında ömürlük geosiyasi, geoiqtisadi, təhlükəsizlik və digər vəzifələr qoyur. Mübarizə təkcə Azərbaycan xalqının, millətimizin, dövlətimizin fiziki təhlükəsizliyini təmin etməkdən ibarət deyil”.

Ə.Həsənovun sözlərinə görə, prezident İlham Əliyev Azərbaycan vətəndaşlarına dəfələrlə bəyan və xəbərdarlıq edib ki, hazırda beynəlxalq aləmdə erməni lobbisinin dəstəyi və bilavasitə iştirakı ilə bir anti-Azərbaycan kampaniyası aparılır: “Bu kampaniya hər gün, hər saat, hər dəqiqə aparılır. Bu kampaniya getdikcə öz miqyasını genişləndirir və millətimizə qarşı ciddi böhtanlarla müşayiət olunur. Bu gün faktiki olaraq Azərbaycan həqiqətlərinin dünyaya yayılması və dünya ictimaiyyətinə çatdırılması uğrunda beynəlxalq aləmdə ermənilərlə mübarizə aparırıq”.

Ə.Həsənov vurğulayıb ki, Azərbaycan beynəlxalq aləmi erməni yalanlarından mühafizə etməyə çalışır: “Əlbəttə, bu mübarizə tək dövlətin gücü ilə aparıla bilməz. Bu gün çox sevinirəm ki, bu mübarizəyə Azərbaycan gəncliyi də qoşulub. Biz çox sevinirik ki, Azərbaycan gəncliyi artıq ermənilərin qarşısına təkcə silahla, fiziki cəhətdən hazır çıxmaq haqqında deyil, beynəlxalq aləmdə, müasir dünyanın tələb etdiyi intellektlə və bu kimi vasitələrlə çıxmağa hazırlaşır və çıxır, özünün hazırlığını nümayiş etdirir”. /APA/