Azərbaycan BMT çərçivəsində fəal rol oynayır

Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində BMT Baş Assambleyasının prezidenti Ticani Məhəmməd-Bande ilə görüşüb.

XALQ.AZ xəbər verir ki, görüşdə Azərbaycan ilə BMT arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib, əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Milli səviyyədə Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi barədə məlumat verən nazir Elmar Məmmədyarov ölkəmizdə həyata keçirilən iqtisadi və sosial təmayüllü islahatlar barədə danışıb. Nazir Elmar Məmmədyarov Azərbaycanın dayanıqlı inkişaf üzrə 2030-cu il gündəliyinin icrasına tam sadiq olduğunu qeyd edib və Azərbaycanın Cənub-Cənub istiqamətində əməkdaşlığın və iqtisadi inteqrasiyanın təşviq edilməsi və canlandırılması istiqamətində konkret və praktiki addımların atılmasına əhəmiyyət verdiyini ifadə edib.

Nazir Elmar Məmmədyarov, həmçinin sədrliyimiz dövründə Qoşulmama Hərəkatı və Qrup 77 arasında əməkdaşlığın genişləndirilməsi imkanlarının nəzərdən keçiriləcəyini bildirib.

BMT Baş Assambleyasının prezidenti Ticani Məhəmməd-Bande Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün mükəmməl səviyyədə təşkilinə, qonaqpərvərliyə və ev sahibliyi edilməsinə görə Azərbaycan Respublikası Hökumətinə təbriklərini ifadə edib. O, ölkəmizin BMT çərçivəsində fəal rolunu vurğulayıb. Azərbaycanın dayanıqlı inkişaf məqsədlərinin icrası ilə bağlı ikinci könüllü milli hesabatının təqdim edildiyi məmnunluqla qeyd edilib.

Görüşdə tərəflər qarşılıqlı maraq doğuran və BMT-nin gündəliyində duran məsələlər barəsində geniş fikir mübadiləsi aparıblar.