“Azərbaycan dialoq platformasını ortaya qoyaraq öz nümunəsini təqdim etmiş olur”

“Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyəti kimi mən VI forumun iştirakçı dövlətlərinin və onların sayının çoxluğundan görürəm. Kəmiyyət mahiyyət olmasa da, mahiyyəti gücləndirən amil kimi çıxış edir”.

XALQ.AZ xəbər verir ki, bu fikirləri SİA-ya açıqlamasında Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.

O bildirib ki, forumun açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev, eləcə də digər natiqlər Azərbaycanın getdikcə humanitar multikultural və mədəniyyətlər, sivilizasiyalararası əlaqələrin intensivləşdiyi mərkəzə, Bakının humanitar tədbirlərin paytaxta çevrildiyini vurğuladılar: “Bunun özü faktdır. Bura təkcə tədbirin özünün keçirilməsi deyil, onun qarşıya qoyduğu hədəflər, müzakirə edilən məsələlər, hər zaman vacib olan gündəliyidir”.

B.Muradova söyləyib ki, forumun gündəliyinin məqsədi dünyada bəşəriyyətin üzləşdiyi çətinliklər, o cümlədən ölkələrin və xalqların rastlaşdığı problemlərin bu kimi çox tərəfli əlaqələr, münasibətlər vasitəsilə aradan qaldırılmasına töhfə verməkdir: “Prezident İlham Əliyevin forumun açılış nitqində vurğuladığı kimi, həm İslam ölkələrini, həm də Avropanı bürüyən bir sıra ciddi problemlər var ki, insanlar onlardan əziyyət çəkirlər və bu problemlərin mövcudluğu humanitar fəlakətlərə, onların getdikcə daha da dərinləşməsinə şərait yaradır. Odur ki, bizə qarşı yönələn təhlükəli çağırışlara bizim birgə cavabımız olmalıdır. Bakı prosesi məhz bu birgə cavabın axtarışında öndə gedən forumdur. Bakı 10 illik yubileyinə çox böyük nailiyyətlərlə gəlib”.

Milli Məclisin sədr müavini söyləyib ki, tədbirdə çıxış edən bir sıra beynəlxalq təşkilatların rəsmilərinin öz çıxışlarında forumu yüksək dəyərləndirmələri sübut edir ki, Azərbaycan bu təşəbbüsü irəli sürməklə təkcə təhlükələrin mövcudluğunu bəyan etmir, həm də buna qarşı dialoq platformasını ortaya qoyaraq öz nümunəsini təqdim etmiş olur: “Azərbaycan göstərir ki, özünün yerləşdiyi ağır və çətin regionda və ümumiyyətlə, dünyada gedən ictimai siyasi kataklizmlərin fonunda ölkəmiz daxilində həm multikultural, həm etnik, dini və mədəni tolerantlıq əldə etmək mümkündürsə, nədən dünya bundan istifadə etməsin. Hesab edirəm ki, bu təcrübələrin öyrənilməsi və yayılması baxımından belə forumların keçirilməsi çox əhəmiyyətlidir. Burada bu kimi dəyərlərə xidmət etməyi özü üçün həyat yolu seçənlərin birliyi yaranır ki, ölkəmiz də bu işə çox ciddi töhfə vermiş olur”.

 

 

Orxan