“Azərbaycan dövləti, dövlət başçısı öz yolunda, öz işindədir”

“Prezidentin fərman və sərəncamları, xüsusilə, kadr məsələləri ilə bağlı qərarları hər hansı müzakirəyə, dartışmaya açıq olan bir məsələ deyil”.
XALQ.AZ-ın məlumatına görə, bu barədə ölkə başçısının rəhbər strukturlarda kadr islahatları haqqında danışarkən deputat Kamilə Əliyeva bildirib. Onun sözlərinə görə, kadr məsələləri, təyinatlar prezidentin konstitusion hüququdur və bu məsələyə heç kim qarışa bilməz:
“Ölkə Prezidenti kiminlə işləyib-işləməyəcəyinə özü qərar verir. Kimi məsləhət biləcək, onunla işləyəcək, kimi məsləhət bilməyəcək, işindən razı qalmayacaq, onunla yollarını ayıracaq. Bu, hər zaman belə olub, bundan sonra da belə olacaq. Ancaq mən heç cür anlaya bilmirəm ki, niyə bəziləri onlara aid olmayan məsələlərə müdaxilə edir, bilmədikləri məsələləri yalan-yanlış şəkildə təqdim etməyə çalışırlar?
Onlar öz yalanlarına özlərinin inanmadıqları halda, başqalarını necə öz yalanlarına inandıracaqlar? Görəsən, onlarda bir dəfə olsun belə, məntiq, düşüncə deyilən bir şey olacaqmı? Hər halda bu, onların problemidir, bizim problemimiz deyil. Azərbaycan dövləti, dövlət başçısı öz yolunda, öz işindədir, Azərbaycan gündən-günə inkişaf, tərəqqi etməkdədir, hər bir sahədə islahatlar eninə və uzununa dərinləşməkdədir”.
K. Əliyeva vurğulayıb ki, elə son 3-4 gün yaşananlar hər şeyi bir daha gözlər önünə sərir:
“Minimum əməkhaqqının, maaşların, pensiyaların artırılması və digər addımlar Azərbaycanın hansı inkişaf mərhələsində olmasının əyani göstəricisidir. Yəni, Azərbaycan dövləti, Azərbaycan hakimiyyəti xalqına bu cür xidmət yolunu tutmaqdadır və bu prosesin davamı da gələcək. Kimsənin buna şübhəsi olmasın”.
Xatırladaq ki, Prezident İlham Əliyev dünən imzaladığı sərəncamlarla general-polkovnik Ramil Usubovu daxili işlər naziri vəzifəsindən azad edərək, Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi postuna gətirib. Onun əvəzinə DİN rəhbəri isə Vilayət Eyvazov təyin edilib. Vilayət Eyvazov buna qədər isə daxili işlər nazirinin birinci müavini vəzifəsində idi.
Bundan başqa prezidentin digər bir sərəncamı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev vəzifəsindən azad edilərək, müdafiə sənayesi naziri təyin olunub.
DTX rəisi vəzifəsinə isə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, general-mayor Əli Nağıyev gətirilib.

Yeganə