“Azərbaycan dünya miqyasında çox böyük hörmətə və yüksək imicə malik olan ölkədir”

Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə mayın 19-da 3 saylı DOST mərkəzinin vətəndaşların ixtiyarına verilməsi davamlı olaraq həyata keçirilən sosial siyasətin məntiqi nəticəsidir. Eyni zamanda, yeni DOST mərkəzinin istifadəyə verilməsi Azərbaycan vətəndaşının firavan yaşayışının və vətəndaş məmnunluğunun təmin edilməsi sahəsində atılan addımlardandır.

XALQ.AZ xəbər verir ki, bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.

Deputat deyib ki, ölkəmizdə sosial sahədə əldə olunan uğurlarda, pandemiya ilə əlaqədar məşğulluğa və sosial rifaha dəstək tədbirlərinin həyata keçirilməsində sosial xidmətlərin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulmasının da öz payı var. Vətəndaş məmnunluğunun, sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsində Prezident İlham Əliyevin 2018-ci ildə imzaladığı Fərmanla sosial islahatlar proqramının əsas hədəfi kimi yaradılan DOST Agentliyi bu sahədə nümunəviliyi ilə seçilir. “ASAN xidmət”dən sonra birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə innovativ xidmət növünün – DOST layihəsinin reallaşdırılması ölkəmizdə həyata keçirilən sosial siyasətin daha bir uğurudur. Prezident İlham Əliyev yeni istifadəyə verilən DOST mərkəzi ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına müsahibəsində Azərbaycanın bu sahədə də liderlik göstərdiyini qeyd edib. Bildirib ki, DOST mərkəzlərinin fəaliyyətə başlaması sosial sahədə görülən işlərin, aparılan islahatların əyani təzahürüdür. Artıq üçüncü mərkəz açılır və ilk iki mərkəzin fəaliyyəti də çox uğurludur. Vətəndaşların bəyənmə əmsalı 96 faizə çatıb. Burada göstərilən xidmətlər, əlbəttə, sosial təminat sahəsində böyük bir yenilikdir və təsadüfi deyil ki, artıq bir neçə ölkə bu təcrübə ilə bağlı bizə müraciət edib və Azərbaycan öz təcrübəsini bölüşməyə hazırdır.

Deputat bildirib ki, koronavirusun ölkəmizə ayaq açdığı ilk gündən Azərbaycan özünün gücü hesabına gözəgörünməz “düşmən”in öhdəsindən gəlməyə qadir olduğunu dünyaya nümayiş etdirdi. Müsahibəsində Prezident İlham Əliyev Azərbaycanda koronavirusun qarşısının alınması ilə bağlı görülən işlərdən və həyata keçiriləcək tədbirlərdən danışarkən bildirib ki, Azərbaycan dünya miqyasında çox böyük hörmətə və yüksək imicə malik olan ölkədir.

Aydın Hüseynov əlavə edib ki, Qoşulmama Hərəkatının sədri, dünya birliyinin məsuliyyətli üzvü kimi Azərbaycan diqqəti Planetimizin üzərinə qara kabus kimi çökən bəlanın öhdəsindən qarşılıqlı dəstək və birgə səylərlə gəlməyin yollarına yönəldib. Dövlət başçısı Azərbaycanın pandemiyaya qarşı mübarizədə əldə etdiyi müsbət təcrübəni digər ölkələrlə bölüşməyə hazır olduğunu da hər zaman diqqətə çatdırıb. Koronavirusla bağlı işlər əvvəldən Azərbaycanda çox düzgün istiqamətdə aparıldı. Qabaqlayıcı tədbirlərin görülməsi Azərbaycanı böyük bəladan xilas etdi. Bunu həm Azərbaycan xalqı, həm də beynəlxalq təşkilatlar görür və təqdir edir. Pandemiyanın ilk günlərindən Azərbaycan Prezidentinə vətəndaşlar tərəfindən minlərlə minnətdarlıq məktubu ünvanlanıb.

Deputat vurğulayıb ki, çətin dövrdə Azərbaycanın özünü uğurla təsdiqləməsi, bütün problemləri aşması, dünyaya nümunə olması Prezident İlham Əliyevin uzaqgörənliyi və vaxtında düzgün qərarlar verməsi sayəsində mümkün olub. “Vətəndaşların sağlamlığı və onların sosial müdafiəsinin təmin edilməsi Azərbaycan dövləti üçün hər zaman prioritet məsələ olub”, – deyə A.Hüseynov qeyd edib.