Azərbaycan dünyanın ən yaxşı ölkələrinin siyahısında

U.S. News & World Report” jurnalında 2018-ci il üçün dünyanın ən yaxşı ölkələrinin siyahısı dərc olunub. Siyahıda Azərbaycan 64 –cü pillədə qərarlaşıb.

XALQ.AZ xəbər verir ki,  ötən ilki reytinq cədvəlində Azərbaycan 69 yerdə göstərilmişdi. Builki siyahıda Azərbaycanın “yaxın qonşuları”  Myanma və Tunisdir.

Reytinqdə ilk beş yeri müvafiq olaraq İsveçrə, Kanada, Almaniya, Böyük Britaniya və Yaponiya tutur. Ötən illə müqayisədə  liderlər faktiki olaraq dəyişilməz qalıb.  Siyahının sonunda isə Serbiya (78-ci), Anqola (79-cu) və Əlcəzair (80-ci) qərarlaşıb.  Siyahıya eyni zamanda Rusiya (26-cı yer), Latviya (59-cu il), Ukrayna (69-cu yer) , Qazaxıstan ( 70-ci yer) kimi ölkələr də yer alıb.

Reytinq cədvəlinə ümumilikdə 80 ölkə daxil edilib.

Siyahı tutulan zaman ölkənin bir sıra keyfiyyət və üstünlükləri, o cümlədən  turistlərin cəlb edilməsi, təbiətin gözəlliyi, siyasi təsirlər, təhsil səviyyəsi və s. amillər nəzərə alınıb.

Ekspertlər ümumilikdə 36 ölkədən 21 mindən çox insanla sorğu aparıb. Sorğuda respondentlər bu və ya digər keyfiyyətlərin  siyahıda olan ölkələrə nə dərəcədə uyğun olduğunu göstərib.