Azərbaycan dünyanın 20 ən islahatçı ölkəsi sırasındadır

Azərbaycan “Doing Business 2020” reytinqində islahatçı ölkələrin Top 20-nə daxil edilib.

XALQ.AZ Dünya Bankının bu gün dərc olunmuş illik məruzəsinə əsasən xəbər verir ki, “biznesə başlamaq” indikatoru üzrə bu il ötən ilki 9-cu yerdə qalan Azərbaycan “kredit almaq” indikatorunda müvafiq olaraq 22-ci yerdən 1-ci yerədək, “tikintiyə icazə almaq” indikatorunda da 61-ci yerdən 59-cu yerədək irəliləyib.

Bununla yanaşı, Azərbaycan “müqavilələrin icrasına təminat” indikatoru üzrə 28-ci yerdə, “vergitutma” indikatorunda 40-cı yerdə, “mülkiyyətin qeydiyyatı” indikatorunda 44-cü yerdə, “müflisləşmə prosedurunun sadəliyi” indikatorunda 47-ci yerdə, “elektrik şəbəkəyə qoşulma” indikatorunda 80-ci yerdə, “beynəlxalq ticarət” indikatorunda 83-cü yerdə, “kiçik sərmayədarların qorunması” indikatoru üzrə isə 105-ci yerdə qərarlaşıb.

Bütövlükdə isə Azərbaycanın 190 ölkə arasında 34-cü yer tutduğu “Doing Business 2020” reytinqində ilk iki yerdə ötən il olduğu kimi Yeni Zelandiya və Sinqapur qərarlaşıb. Üçüncü yerdə 3 il dalbadal davam gətirən Honkonqu bu dəfə Danimarka əvəzləyərək 4-cü pilləyə salıb. İlk 10-luqda həmçinin Cənubi Koreya, ABŞ, Gürcüstan, Böyük Britaniya, Norveç, İsveç yer alıb.

Bütövlükdə 115 ölkədə özəl sahibkarlıq mühitini yaxşılaşdırmaq məqsədi ilə 294 islahatın həyata keçirildiyi göstərilir.