Azərbaycan gənclərinin seçimi dəyişməyib

XALQ,AZ xəbər verir ki, seçicilərin yüksək fəallığı ilə müşayiət olunan görüşü giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov qeyd etdi ki, Azərbaycan gənclər ölkəsidir. Gənclərə diqqət və qayğı müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə həyata keçirilən siyasətin önündə dayanıb. Ümummilli Lider bildirirdi ki, cəmiyyətin gələcək tərəqqisi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılıdır.

H.Mirələmov son 15 ildə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, gənclərə diqqət və qayğının dövlət siyasətinin əsasında dayandığını diqqətə çatdırdı. Vurğuladı ki, gənclərin cəmiyyətdə yeri və rolunun artmasına, potensial imkanlarından səmərəli istifadəyə, həmçinin onların xarici ölkələrlə təhsi almalarına dair biri-birindən əhəmiyyətli Dövlət proqramları qəbul olunub və uğurla icra edilir. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 2007-ci ilin ölkəmizdə «Gənclər ili» elan edilməsi də bu diqqət və qayğıdan qaynaqlanır. Gənclər Fondunun, gənclər üçün Prezident Mükafatının təsis edilməsi də bu qayğının tərkib hissəsidir. Bu fakt da hər kəsə məlumdur ki, dövlətimizin başçısı İlham Əliyev dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında gənclərin təmsil olunmasını qarşıya mühüm vəzifə kimi qoyub. Ölkə Prezidentinin bu tapşırığına uyğun olaraq Yeni Azərbaycan Partiyası ötən parlament və bələdiyyə seçkilərində gənclərin təmsilçilik faizinin artırılması istiqamətində mühüm addımlar atmış və nəticə göz qabağındadır. Yeni Azərbaycan Partiyası gənclərin ictimai-siyasi fəallığının artırılması, asudə vaxtlarının səmərəli təşkili, beynəlxalq əlaqələrinin genişlənməsi, ümumiyyətlə, ayrı-ayrı sahələr üzrə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Bu gün YAP-ın 700 mindən artıq üzvünün 40 faizini gənclər təşkil etməsini şərtləndirən əsas amillərdən biri məhz onlara öz potensial imkanlarını ortaya qoymaq üçün lazımi şəraitin yaradılmasıdır.

H.Mirələmov dövlətimizin başçısı İlham Əliyevin bu fikirlərini xatırlatdı: «Gənclərimizin əksəriyyəti böyük qürur hissi ilə deyə bilərlər ki, onlar artıq müstəqillik illərində formalaşmış nəslə mənsubdurlar. Azərbaycançılıq məfkurəsi ruhunda tərbiyə almış bu nəsil dövlətimizin iqtisadi və mədəni inkişafında mühüm rol oynayaraq ildən-ilə potensialının gerçəkləşdirilməsi üçün daha geniş imkanlar əldə edir.»

H.Mirələmov bildirdi ki, gənclər onlara göstərilən etimadı əməli işləri ilə doğrultmağa çalışır, həyata keçirilən siyasətə dəstəklərini möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşməklə təsdiqləyirlər.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, professor Səməd Seyidov bildirdi ki, bu gün görülən işlər, gələcək üçün müəyyənləşdirilən prioritetlər gənclər üçündür. Dövr, zaman özünəməxsus xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlərdən biri budur ki, gənclik hər zaman qalib olub. İnformasiya cəmiyyətinin bərqərar olması ilə əlaqəli proseslər sübut edir ki, müasirlik, yüksək keyfiyyətli təhsil və işgüzarlıq olan yerdə gəncliyə xas yenilikçi düşüncə sivilizasiyanın bütövlükdə simasını dəyişdirə bilər. Məhz bu keyfiyyətlərə söykənərək belə bir inam ifadə olunur ki, hazırda müasir dünyada qarşılaşdığımız bir çox problemlərin həlli məhz gəncliyin tükənməz enerjisi və qətiyyəti sayəsində həllini tapacaq.

S.Seyidov gənclərimizin hərtərəfli inkişafına geniş yol açan amilləri diqqətə çatdıraraq bildirdi ki, Heydər Əliyev siyasətinin son 15 ildə uğurla davam etdirilməsi Azərbaycanı ən yüksək zirvələrə qaldırıb. Ən əsası ölkəmizdə sabitlik qorunub, təhlükəsizlik təmin edilib. Bu sabitliyi, təhlükəsizliyi qorumaq üçün 11 aprel prezident seçkilərində fəal olmalı, Azərbaycanın sözünü imzası qədər qüvvətli edən Heydər Əliyev siyasətinə səs verməliyik. «İlhamla irəli» deyək ki, növbəti 7 ildə daha möhtəşəm uğurlara yol açan hədəflərin gerçəkləşməsinə nail olaq.

Azərbaycan Respublikasının “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”, Əməkdar məşqçi, Olimpiya kateqoriyalı Beynəlxalq dərəcəli hakim, idman ustası Hicran Şərifov Azərbaycanın uğurlarından geniş bəhs edərək bildirdi ki, bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı belə güclü, qüdrətli dövlətin vətəndaşı olması ilə qürur duyur. Elə bir sahə yoxdur ki, ölkəmiz önəmli uğurlara imza atmasın, təcrübəsi beynəlxalq aləmdə təqdir edilməsin.

YAP Xətai rayon təşkilatı Qadınlar Şurasının sədr müavini Könül Əfəndiyeva, təşkilatın Gənclər Birliyinin sədri Sərxan Əliyev bildirdilər ki, biri-birindən önəmli Dövlət proqramlarının uğurlu icrasına nail olmaqla ölkə iqtisadiyyatının davamlı inkişafını təmin edən, sosial problemlərinin həlli üçün möhkəm təməl yaradan, ölkə əhalisinin həyat şəraitinin daha da yaxşılaşdırılmasını dövlət siyasətinin əsas prioriteti kimi daim diqqətdə saxlayan, gənclərin hərtərəfli inkişafı üçün lazım olan şəraiti formalaşdıran, Azərbaycanı beynəlxalq münasibətlər sisteminin fəal üzvünə çevirən Prezident İlham Əliyevə milyonların sevgisi şəksizdir. Azərbaycan gəncliyi uğurlarımızla qürur duyur, «İlhamla irəli» deyir.

11 aprel prezident seçkilərində ilk dəfə səs verəcək gənclərdən Ülvi Ələkbərov, Orxan Zeynalov, Məşədi Həsənov, Sadiq Mirzəzadə və başqaları daha qüdrətli Azərbaycan naminə Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklərini bildirdilər.

 

Elgün