“Azərbaycan koronavirus pandemiyası ilə uğurlu mübarizə aparan ölkələrdəndir”

“Bütün dünyanın pandemiya ilə mübarizəyə səfərbər olduğu bir dövrdə şəhid ailələrinə, müharibə əlillərinə, o cümlədən milli qəhrəmanların ailələrinə göstərilən diqqət və qayğı dövlətin həm iqtisadi  qüdrətinin, həm də vətəndaşlarımıza verdiyi dəyərin bariz göstəricisidir”.

XALQ.AZ xəbər verir ki, bu sözləri ötən gün Gəncədə şəhid ailəsi və Qarabağ əlillərinə mənzillərin paylanması ilə bağlı  açıqlamasında millət vəkili Tamam Cəfərova deyib.

Deputat açıqlamasında bildirib  ki, belə bir çətin dövrdə şəhid ailələri və əlilliyi olan şəxslərə evlərin və avtomobillərin təqdim olunması, bütövlükdə bu prosesin ləngimədən davam etməsi Azərbaycanın iqtisadi potensialını ortaya qoymaqla yanaşı, dövlətin sahib olduğu dəyərləri, vətən uğrunda, ölkəmizin müstəqilliyi uğrunda canından keçən insanlara verilən ən yüksək dəyərin nümayişidir. İyulun 21-də cənab Prezidentin və birinci-vitse prezident Mehriban xanımın iştirakı ilə Xətai rayonunda şəhid ailələri və əlilliyi olan şəxslərə evlərin və avtomobillərin təqdim olunması mərasimində Cənab prezidentin dediyi sözlər bunu bir daha sübut edir:

“Müqayisə üçün deyə bilərəm ki, keçən il 934 mənzil verilmişdir, bu il isə 1500, ondan əvvəlki illərdə təqribən ildə 500-600-700. Yəni, bu, onu göstərir ki, bu problemi həll etmək və şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən nəzərdə tutulmuş evlərin təqdim edilməsi üçün çox fəal iş aparılır. Mən istəyirəm ki, biz bu proqramı tezliklə başa çatdıraq və buna nail olacağıq. Sirr deyil ki, bu məqsədlər üçün böyük vəsait nəzərdə tutulur və bildiyiniz kimi, dövlət büdcəsinin böyük hissəsi sosial məsələlərin həllinə xərclənir. Bu sosial xərclərin içində şəhid ailələrini, müharibə əlillərini, müharibə veteranlarını, məcburi köçkünləri əhatə edən çox böyük proqramlar icra olunur”.

Tamam Cəfərova qeyd edib ki, pandemiya ilə mübarizə dövründə vətəndaşların sosial müdafiəsi həmişə cənab Prezidentin diqqət mərkəzində olub və olmaqdadır:

“Heç bir sosial layihə təxirə salınmadı, əksinə pandemiyanın iqtisadi və sosial fəsadlarını aradan qaldırmaq məqsədilə məlum layihələr həyata keçirildi və bu davam etdirilir. Bütün bunlar bir daha göstərir ki, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı durur və  cənab Prezidentin həmişə öz vətəndaşının yanındadır.

Bütün bu işlərə qlobal iqtisadiyyatın çökdüyü bir zamanda 3,5 milyard manat maliyyə xərclənib, deyən millət vəkili qeyd etmişdir ki, Azərbaycan koronavirus pandemiyası ilə uğurlu mübarizə aparan ölkələrdəndir. Dünyada 150-dən çox ölkə pademiya ilə mübarizə aparmaq üçün beynəlxalq maliyyə institutlarından borc aldığı halda, Azərbaycan nəinki pandemiya ilə uğurlu mübarizə aparır, həm də bir çox ölkələrə və beynəlxalq təşkilatlara maliyyə yardımı göstərib. Bu təkcə Azərbaycanın dünyada güclü və nüfuzlu dövlətə çevrilməsinin göstəricisi deyil, həm də pandemiyaya qarşı qlobal mübarizənin təşəbbüskarı və təşkilatçısı olaraq, öz üzərinə götürdüyü bir məsuliyyətdir”.