“Azərbaycan koronavirusun qarşısını alınmaq üçün çevik addımlar atıb”

Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirildi. Türk Şurası dostluq və qardaşlıq təməlləri əsasında qurulub. Dostluq və qardaşlıq isə ən ağır və keşməkeşli günlərdə öz təsdiqini tapır. Bu baxımdan Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü müstəsna əhəmiyyətə malik tədbir kimi birliyin, həmrəyliyi təcəssüm etdirir.

XALQ.AZ xəbər verir ki, bu sözləri açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputatın sözlərinə görə, Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşünü təşkil edib. Böyük qürur hissi ilə qeyd olunmalıdır ki, bu cür mötəbər tədbir məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə baş tutub və bu həm də ölkəmizin bölgədə aparıcı söz sahibliyinə malik olmasının göstəricisidir.

Zirvə görüşünün türkün coğrafiyasında koronavirusla mübarizə tədbirlərinin effektivliyinin artırılması baxımından öz töhfələrini verəcəyinə əminliyini ifadə edən K.Nurullayeva deyib: “Azərbaycan koronavirus pandemiyasının yayılmasının qarşısının alınması üçün çevik və qabaqlayıcı addımlar atıb və bu istiqamətdə tədbirlər davam etdirilir. Bu görüş həm də ölkəmizin təcrübəsinin öyrənilməsi, eləcə də Azərbaycana koronavirusla mübarizədə digər dövlətlərin müsbət nəticələr verən təcrübələrini nəzərdən keçirmək imkanı qazandırdı.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən koronavirusla mübarizə sahəsində Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilib. ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus COVID-19 pandemiyasının təsirinin və miqyasının məhdudlaşdırılması istiqamətində Azərbaycan Prezidentinin yürütdüyü siyasəti və atılan addımları təqdir edir. Tedros Qebreyesus beynəlxalq ictimaiyyətə müraciət edərək, bir sıra fundamental addımların atılmasını xahiş edib. Nədir, bu tələblər və atılması zəruri olan addımlar? Bu addımlar sırasında dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi, ictimai toplantıların dayandırılması, test, izolyasiya və karantinin həyata keçirilməsi üçün dövlət qurumlarının yeni şəraitə uyğunlaşdırılması, səhiyyə qurumlarının və ön sırada olan işçilərin müvafiq resurslarla təmin edilməsi, əhaliyə bu xəstəliyin ciddiliyinin izah olunması, bütün şübhəlilərin təcrid olunması, pandemiyadan ən çox zərər çəkmiş insanlara iqtisadi yardımın göstərilməsi, dövlətlər arasında həmrəyliyin gücləndirilməsi, yoluxma halları və nəzarət tədbirləri barədə ÜST ilə operativ şəkildə informasiyanın paylaşılması və digərləri yer alır”.

Deputat diqqətə çatdırıb ki, Azərbaycan infeksiyanın yayılmasına qarşı olduqca çevik reaksiya verib. Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb, dövlət qurumları arasında əlaqələndirmə təmin edilib, infeksiyadan qorunmaq üçün əhaliyə sosial məsafə kimi tədbirlərin önəmi geniş izah olunub, quru sərhədləri bağlanıb, aviareyslərin sayı kəskin azaldılıb, məktəblər, uşaq bağçaları, ali məktəblər bağlanıb, məhdudlaşdırıcı qaydalar qüvvəyə minib, karantin rejimi tətbiq olunub. Xaricdə olan Azərbaycan vətəndaşları dövlət hesabına təşkil olunmuş çarter reysləri vasitəsilə təxliyə edilib. Xaricdən qayıdan çoxlu sayda insan karantinə alınıb. Ölkə üzrə 10-dan çox xəstəxana koronavirus xəstələrinin sərəncamına verilib. Azərbaycanda operativ şəkildə və qısa zaman kəsiyində tibbi ləvazimatların istehsalı təşkil olunub. Aparılan testlərin sayına görə Azərbaycan dünyada 30-cu yerdə qərarlaşıb.

K.Nurullayeva Azərbaycanda iqtisadi sabitliyin təmin edilməsi və əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirib. Vurğulayıb ki, vətəndaşlarımız dövlətimizin başçısının dediyi ki, məsuliyyətli olmalı, özlərini, yaxınlarını qorumalı və qaydalara riayət etməlidirlər. Hər bir vətəndaş öz dəstəyini göstərməlidir. Bunsuz bəlanın öhdəsindən gələ bilmərik.

“Belə çətin günlərdə vətəndaşlarımızın Azərbaycan dövlətinə dəstəyi təqdirəlayiqdir və hər birimizin qəlbini qürur hissi ilə doldurur. Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələrin toplanmasında Azərbaycan cəmiyyəti öz birliyini, həmrəyliyini nümayiş etdirdi. Maddi imkanı çox olan da, az olan da bu kampaniyadan kənarda qalmadı. Bu isə bizim həmrəyliyimizin və xalq olaraq çətin anlarda vahid məqsəd ətrafında birləşə bilməyimizin təzahürüdür”, – deyə Könül Nurullayeva sözlərini yekunlaşdırıb.