“Azərbaycan mədəniyyətlərarası dialoqun təşviqində vacib rol oynayır” – Deputat

Regionun aparıcı dövləti olan Azərbaycanı beynəlxalq müstəvidə fərqləndirən səciyyəvi xüsusiyyətlərdən biri də ölkəmizdə multikultural və tolerant cəmiyyətin mövcud olması, eləcə də milli-mənəvi dəyərlərin qorunmasıdır.

XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, tolerantlıq ənənələrinin qorunub saxlanılmasına, multikultural dəyərlərə söykənən ictimai münasibətlərin təbliği Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin başlıca istiqamətlərindən biridir və məhz bunun nəticəsidir ki, Azərbaycan sivilizasiyalararası dialoqun inkişafına da mühüm töhfələr verir:

“Onu da qeyd edim ki, sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində keçirilən BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda videoformatda çıxış edən Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev bu məqamlara da xüsusi toxunub. Dövlət başçısı bildirib ki, Azərbaycan mədəniyyətlərarası dialoqun təşviqində vacib rol oynayır. Azərbaycan dünyanın tanınmış multikulturalizm mərkəzlərindəndir.

2008-ci ildə Azərbaycan tərəfindən başlanılmış “Bakı Prosesi” mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi məqsədini daşıyır. “Bakı Prosesi” İslam Əməkdaşlıq Təşkilatına və Avropa Şurasına üzv dövlətləri bir araya gətirib. İki ildən bir Azərbaycanda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT Baş Assambleyasının qətnamələri ilə mədəniyyətlərarası dialoqun təşviqi üçün əsas qlobal platforma kimi tanınmışdır. Cənab Prezidentin vurğuladığı kimi 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu Azərbaycanda keçirilib. Bundan əlavə, Azərbaycan 2015-ci ildə ilk Avropa Oyunlarını və 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarını təşkil edib.

Həmin idman yarışları da mədəniyyətlərarası dialoqa mühüm töhfə olmuşdur. Çıxışında ölkəmizdə bütün fundamental hüquqların, o cümlədən ifadə azadlığının, media azadlığının, toplaşma azadlığının, dini etiqad azadlığının və vətəndaş cəmiyyətinin inkişafının tam şəkildə təmin edildiyini bildirən Prezident İlham Əliyev “Əminəm ki, hazırkı müzakirələrimiz zamanı biz multikulturalizmin və beynəlxalq əməkdaşlığın simvolu olan BMT-yə açıq və güclü dəstək verəcəyik. Azərbaycan BMT-nin daha da güclənməsi, onun beynəlxalq münasibətlərdə əhəmiyyətinin və nüfuzunun yüksəlməsi üçün digər dövlətlərlə birgə işləməyə hazırdır” deyə əlavə edib.

Hesab edirəm ki, bu çıxış ölkəmizin demokratik, hüquqi prinsiplərə əsaslanan birgəyaşayışa, yüksək dözümlülük mühitinin, multikultural dəyərlərin təşviqinə xüsusi əhəmiyyət verdiyini, bu istiqamətdə xarici ölklələr və beynəlxalq təşkilatlarla əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu bir daha bütün dünyaya nümayiş etdiridi”.