Azərbaycan Ordusu “həyəcan” çağırışına rekord sürətlə hazır oldu

“Vətəndaşlarımızın səfərbərlik üçün davamlı müraciətləri, fərqli siyasi baxışlara malik 40-dan artıq siyasi partiyanın Ermənistanın son təxribatları fonunda milli həmrəyliyə dair bəyanatı bir daha onu göstərir  ki, Azərbaycan xalqı ağır günlərdə bir nöqtəyə vura bilir”

İyulun 12-dən etibarən dövlət sərhədinin Tovuz istiqamətində erməni silahlı qüvvələrinin Azərbaycan mövqelərini artilleriya atəşinə tutması, hərbçilərimizin həlak olması və yaralanması, ahıl yaşda mülki şəxsin öldürülməsi, evlərə və fərdi təsərrüfatlara ziyan vurulması ilə müşahidə olunan təcavüz aktı özlüyündə bir sıra mühüm nüansları meydana çıxardı.

Bildiyimiz kimi, Tovuz  rayonu Azərbaycan və Ermənistanın beynəlxalq səviyyədə tanınmış dövlət sərhədinin keçdiyi ərazilərdən biridir. Bu rayonda beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq sərhədləri Azərbaycan tərəfdə milli ordu hissələri yox Dövlət Sərhəd Xidmətinin hərbçiləri qoruyurdu. Zaman-zaman özünün münaqişə tərəfi olmaması barədə absurd bəyanatların fonunda ermənilərin məhz birbaşa dövlət sərhədlərindən hücumu ağlabatan deyildi. Lakin düşmənin kifayət qədər sürətli, hazırlıqlı hücumu oldu, bu da, yuxarıda qeyd etdiyimiz kimi Azərbaycan tərəfin müəyyən sayda itkiləri ilə nəticələndi. Lakin, burada ən vacib və diqqət yetirilməli məqam ondan ibarətdir ki, Azərbaycan Ordusu “həyəcan” çağırışına rekord sürətlə hazır oldu, qısa zaman kəsiyində nəinki normal müdafiə təşkil edilə bildi, hətta tam üstünlük ələ alındı. Bir daha diqqət etməliyik, ərazinin Milli Ordunun hissələri tərəfindən təhvil alınması, müdafiənin qurulması, düşmənə cavab verilməsi, yüzdən artıq (ermənilər sosial mediada 131 nəfər barədə yazır) düşmən əsgərinin məhv edilməsi  hamısı bir neçə saatın içində baş tutdu. Əslində bu mobillik, çeviklik dünyada çox az sayda ordularda mümkündür və bu amil əlbəttə dünyanın hərb ictimaiyyətinin diqqətindən yayınmadı. Habelə, döyüşlərin qızğın çağında, hava hücumundan müdafiə sistemlərinin maksimal sayıqlığı və hazırlığı nəticəsində Azərbaycanın erməni tərəfin təhlükəsizlik məqsədi ilə təmas xəttindən kənarda yerləşən artilleriya  atəş nöqtələrini, habelə təcavüz aktının təminatının həyata keçirildiyi hərbi bazaları, silah-sursat anbarlarını yerlə-yeksan etməsi, bu əməliyyatlarda heç bir texniki itkiyə yol verməməsi xüsusi ilə diqqət çəkdi.

Bundan başqa, Azərbaycan beynəlxalq humanitar hüququn tələblərinə tam riayət etməklə əks-hücumun adekvat xarakteri və seçmə üsulu ilə zərbə endirməklə qarşı tərəfin mülki sferasına ümumiyyətlə zərər vurmadı. Təbii ki, bu, qısa müddətdə, humanitar kriteriyaları qorumaqla əks hücumla ərazidə üstünlüyün ələ alınması və vəziyyətə nəzarət edilməsi Ali Baş Komandanın ordunun gücü və peşəkarlığı barədə dediklərinin bariz nümunəsi idi.

Hərb meydanında tam məğlub olan, erməni tərəfi informasiya cəbhəsindən həmləyə can atdı. Saxta profillər, uydurma xəbərlərlə ictimai rəyə təsir göstərmə meylləri də nəticə vermədi. Keçirdiyi hər bir iri miqyası əməliyyatın, düşmənin məhv edilmə anının videosunu yayan, habelə verdiyimiz itkilər barədə mütəmadi, dəqiq və operativ məlumat paylaşan Azərbaycan Müdafiə Nazirliyindən fərqli olaraq erməni tərəfi Azərbaycanın ərazilərini guya ələ keçirməsi, müxtəlif hərbi vasitələrini məhv etməsinə dair bəyanatlarını doğrulayacaq bir dənə də olsun sübut göstərə bilmədi. Bundan başqa, Müdafiə Nazirliyinin operativ informasiya siyasəti, Azərbaycanın ictimai-siyasi xadimlərinin, millət vəkilləri və media mənsublarının əməliyyat şəraitinin imkan verdiyi səviyyədə döyüş bölgəsində olması, əhalinin və hərbçilərin ruh yüksəkliyi erməni təbliğatını alt-üst etdi.

Ermənilərin növbəti həmləsi guya əməliyyatların Tovuz rayonu yox, Ermənistanın Tavuş əyalətində getməsi barədə dünya mediasına saxta  məlumatlar tirajlaması oldu. Bununla da Azərbaycanın təcavüzkar və işğalçı kimi tanınmasına nail olmaq istəyən Paşinyan rejimi məqsədinə nail olmamaqla yanaşı, həm də bir-neçə gün öncə Azərbaycan ərazilərini işğal etmələri barədə başlatdıqları uğursuz təbliğatlarının boş hay-küy olduğunu etiraf etmiş oldu. 

Tovuz döyüşləri dünya ictimaiyyətinin Azərbaycanın hərbi gücü və siyasi iradəsinə yanaşmada baxışlarına ciddi təsir etdi. Bir neçə dövlət aşkar formada özünü münaqişənin tərəfi kimi göstərəcəyini ifadə etdi. Bu, tarixdə çox az müşahidə olunan prosesdir. Erməni tərəfinə bu kimi dəstək birmənalı olaraq gəlmədi. Əlbəttə gizli hərbi-siyasi dəstək istisna deyil, lakin, ermənilərə aşkar formada  güc və kömək vədinin olmaması, hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından belə, deyil hərbi, adi siyasi dəstək bəyanatının olmaması İrəvanın küncə sıxışdığının göstəricisidir. Paşinyanın Şimala üz tutması da nəticə vermir. Bu gün yeganə ümid Rusiyanın “barışdırıcı” missiyasına və dünyada erməni insanının siması olan Kim Kardaşyana qalıb. 

Azərbaycanda isə əksinə, ordumuzun uğurlu əməliyyatı və əldə edilmiş nəticələr, hərbi qələbə, təbii olaraq Azərbaycan ictimaiyyətində ruh yüksəkliyi yaratdı. Bu gün vətəndaşlarımızın hərbi səfərbərlik üçün davamlı müraciətləri, habelə, bəzən iqtidara qarşı çox barışmaz mövqe sərgiləyən, fərqli siyasi baxışlara malik 40-dan artıq siyasi partiyanın Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və son təxribatları fonunda milli həmrəyliyə dair bəyanatı bir daha onu göstərir  ki, Azərbaycan xalqı ağır günlərdə bir nöqtəyə vura bilir.  Ölkədə nail olunmuş bu daxili vəhdətin kökündə cəmi bir nüans dayanır – real iş. Adi bir smartfonla dünyaya çıxa bilən müasir insanı, quru təbliğatla yönləndirmək, inandırmaq əsla mümkün deyil, sosial kommunikasiyanın müasir inkişaf səviyyəsini yaşayan insanları real  nəticə maraqlandır. Reallıq isə ondan ibarətdir ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən hərbçilərimizin intiqamı misli ilə alınmış, şəhid olan hərbçilərin və mülki şəxsin qanı yerdə qalmamış və düşmənə elə bir zərbə endirilmişdir ki, bunu uzun illər sonra da yaddan çıxarmayacaqlar. Əlbəttə bu fonda vətəndaş-dövlət həmrəyliyi, birliyi ən təbii siyasi mənzərə hesab edilməlidir. 

Bəhruz Məhərrəmov,

Milli Məclisin deputatı, hüquq üzrə fəlsəfə doktoru, dosent