Azərbaycan Ordusu zəfər yürüşünü davam etdirir.

İşğalçı Ermənistanın hərbi təxribatlarına cavab olaraq qəhraman Ordumuzun əks-hücum əməliyyatları uğurla davam edir. Cəbrayıl şəhəri də daxil olmaqla artıq bir sıra qəsəbə və kəndlərimiz işğaldan azad edilmiş, böyük strateji əhəmiyyəti olan Murovdağ və digər yüksəkliklər ələ keçirilmişdir. Düşmənin çoxlu sayda canlı qüvvəsi və müxtəlif təyinatlı hərbi texnikası məhv edilmişdir. Azərbaycan Ordusunun cəbhə bölgələrində göstərdiyi şücaət qürurvericidir. Milli Məclisin deputatı Məzahir Əfəndiyev XALQ.AZ-a açıqlamasında bildirib ki,xalqımız cəbhədən gələn qələbə xəbərlərini döyüş ruhlu çağırışlarla qarşılayaraq çox böyük coşqu və fərəh hissi ilə Ordumuza dəstəklərini ifadə edirlər.
Ermənistan nəinki hərb cəbhəsində, eyni zamanda siyasi-diplomatik müstəvidə də məğlubiyyətə uğramaqdadır. Dövlət başçımızın əməli addımları, xalqa müraciətləri, nüfüzlu telekanallara müsahibələrində qətiyyətli mövqeyi qəlbi Azərbaycanla döyünən hər kəsdə ruh yüksəkliyi yaradıb.
İşğaldan azad olunan yaşayış məntəqələrimizdə dalğalanan üçrəngli bayrağımız qələbə əzmimizi bir daha özündə ehtiva edir. Xalqımız Möhtərəm Prezidentimizin apardığı ədalətli və qətiyyətli siyasətin qalib gələcəyinə inanır.
Bu gün şanlı Ordumuzun şücaəti və qəhramanlığı, canı və qanı bahasına alınan kəndlərimizdə çoxdan gözlənilən tarixi ədalət bərpa olunmaqdadır. Bu baxımdan Madagiz kəndinin tarixi Suqovuşan adının bərpa edilməsi ilə bağlı qərarın bu gün Milli Məclisin Regional məsələlər komitəsində müzakirə olunaraq Milli Məclisin sabahkı iclasının gündəliyinə əlavə edilməsi dövlətimiz və xalqımızın birlikdə, həmrəy olaraq özünün yeni, şanlı tarixini yazmasına əyani sübutdur. Tarixi adlarla yanaşı, erməni separatçılarının dağıtdıqları şəhərlərimiz və ərazilərimizin infrastrukturları da bərpa ediləcək, məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıdışına, Qarabağ torpağında çoxdan gözlənilən sülhün və əminamanlığın bərqərar olunmasına nail olacağıq.
Bu gün düşmənin cəbhə xəttindən uzaqda yerləşən Gəncə, Mingəçevir, Xızı və Abşerondakı mülkü obyektləri, evləri raket və top mərmilərindən atəşə tutaraq dağıtmasına baxmayaraq hər kəs əmindir ki, bu Vətən müharibəsi qələbə ilə başa çatacaq.