Azərbaycan parlamentinin 100 illik yubileyində 44 ölkənin nümayəndəsi iştirak edib

“Azərbaycan parlamentinin 100 illik yubiley tədbirləri çox yüksək səviyyədə keçirilib. Ölkə rəhbərliyi, həm Milli Məclisin rəhbərliyi , həm də ölkəmizdə səfərdə olan nümayəndə heyətləri  parlamentin 100 illik yubileyi ilə bağlı keçirilən iclası və tədbirləri yüksək qiymətləndirib.  Hətta onlar yubiley tədbirlərində iştirakdan sonra öz ölkələrinə qayıtdığı zaman həmin ölkələrin aparıcı mətbuat orqanlarında da Azərbaycan parlamentinin 100 illik yubileyinin çox yüksək səviyyədə keçirildiyi qeyd olunub”.

XALQ.AZ xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkklüoğlu Azərbaycan Xalq Cümhuriyyəti (AXC) parlamentinin yaranmasının 100 illik yubileyi ilə bağlı keçirilən xüsusi iclasa münasibət bildirərkən deyib.

Qurum rəsmisi bildirib ki, Azərbaycan parlamentinin 100 illik yubileyi ilə əlaqədar keçirilən təntənəli iclasa dünyanın bir çox ölkələrinin  nümayəndələri qatılıb.

“Onlar burada həm Azərbaycan reallıqlarının şahidi oldular, həm də ölkəmizdəki inkişafı gördülər.  Həmçinin Azərbaycanın beynəlxalq aləmdə günü-gündən artan  nüfuzunun şahidi oldular”.

 

A.Təvəkküloğlu qeyd edib ki, təntənəli iclasda 44 ölkənin nümayəndəsi iştirak edib.

“Bunlardan 14 ölkə spiker, 20 ölkə vitse-spiker səviyyəsində təmsil olunub. Ümumilikdə isə tədbirdə 300-ə yaxın nümayəndə iştirak edib.  300-ə yaxın nümayəndənin 140-ı  deputatlardan ibarət olub. Qalanları isə onları müşayiət edən nümayəndələr idi. Həmçinin 9 beynəlxalq təşkilatın yüksək səviyyəli nümayəndələri Azərbaycan parlamentinin 100 illik yubileyi ilə əlaqədar keçirilən təntənəli iclasda və tədbirlərdə iştirak edib. Bir daha qeyd edirəm ki, tədbir çox yüksək səviyyədə keçirilib. Milli Məclis rəhbərliyinin bu sahədə gördüyü işlər öz nəticəsini və səmərəsini verdi”.

A.Təvəkküloğlu bildirib ki, bəzi KİV-də  təntənəli iclasda iştirak edən nümayəndə heyətlərinin, deputatlarının sayı ilə bağlı rəqəmlər səhv salınıb və ya göstərilib.

“Ancaq mənim sizə dediyim rəqəmlər isə tam rəsmidir”.

 

 

Orxan