Azərbaycan Prezidentinin Sarkisyanın dəstəyinə ehtiyacı yoxdur

novruz mammadov

Serj Sarkisyan Azərbaycandakı növbəti prezident seçkisi ilə bağlı müəyyən fikirlər səsləndirib.

Bu, ciddi siyasətçinin qonşu ölkədə keçiriləcək seçkiyə münasibətindən çox, populizmi xatırladır. Əslində, Ermənistan prezidenti öz ampluasında qalır.

Xalq.az  Gün.az saytına istinadən  xəbər verir ki, Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovbu məsələ ilə bağlı mövqeyini bildirib.

– Novruz müəllim, Ermənistan prezidenti Sarkisyanın erməni gənclər yığıncağının iştirakçıları ilə görüşü zamanı qarşıdan gələn seçkilərlə bağlı fikirlərinə münasibətiniz necədir?

– Deyəsən, Ermənistan prezidenti Sarkisyan çoxlu təmsil oxuyur. Son zamanlar atdığı addımlar bunu açıq-aydın göstərir. O, bu dəfə isə özünü lap dəvəquşu kimi aparır. Başını soxub kolluğa, ona elə gəlir ki, ora-burasını heç kim görmür. Maraqlısı isə odur ki, Sarkisyanın bu özünəməxsus məkrli kampaniyası Azərbaycanda da bəzilərinin diqqətini cəlb edir. Guya onlar bilmirlər ki, Sarkisyan heç zaman Azərbaycan və onun Prezidentinə münasibətdə səmimi fikir bildirməz?! Amma məsələ bunda da deyil. Ondadır ki, müxalifət donkixotluq etməklə məşğul olsa da, Sarkisyanın öz məqsədləri var.

Birincisi, Sarkisyan dünyaya bəyan etmək istəyir ki, Ermənistan demokratik dövlətdir və o, demokratik yolla prezident seçilib. Halbuki Sarkisyanın hansı yolla seçilməsi hamıya yaxşı məlumdur.

İkincisi, Sarkisyan ictimaiyyəti inandırmaq istəyir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səylər göstərir. Amma bu da məkrli, yalan mövqedir. Azərbaycan ərazilərinin 20 faizini 20 ildən artıq müddətdə işğal altında saxlayan bir dövlətin rəhbərinin belə cəfəng fikirlər söyləməsi, əlbəttə, yalnız proseslərə qərəzli mövqe nümayiş etdirənlər üçün maraqlı ola bilər.

Sarkisyanın özünün bir “kukla” olduğunu, öz iradəsi ilə deyil, ona edilən diktələr vasitəsilə ölkəni idarə etdiyini guya heç kim bilmir? Amma Ermənistanın faciəsi ondadır ki, erməni xalqı Sarkisyan və onun kimilərinin girovuna çevrilib. Buna görə də Ermənistan əhalisi ölkəni tərk etmək üçün əlindən gələni edir.

Söhbət iradə nümayiş etdirməkdən gedəndə isə burada Sarkisyana ümumiyyətlə yer yoxdur. Çünki iradəsizdir. O, yalnız erməni xalqını yox, özünü də avantürist siyasətinin girovuna çevirib.

Amma Sarkisyan çox yaxşı bilir ki, nə qədər məkrli bəyanatlar versə də, nə qədər məkrli planlar qursa da Azərbaycan öz torpaqlarını mütləq qaytaracaq.

Eyni zamanda, müxalifət də yaxşı bilir ki, Azərbaycan Prezidentinin əli azərbaycanlıların qanına batmış Sarkisyanın dəstəyinə ehtiyacı yoxdur. Bütün bunları bilə-bilə bəzilərinin bu cür çirkin kampaniyaya qoşulması, fikrimizcə, həm gülüncdür, həm də onların faciəsidir.

Dünyada, regionda gedən və Azərbaycanla bağlı prosesləri izləyən hər kəsə məlumdur ki, Prezident İlham Əliyevi üstüörtülü olsa da hansı dünya dövlətlərinin rəhbərləri (etika xatirinə bu haqda geniş danışmağa ehtiyac yoxdur) dəstəkləyir. Əgər bundan xəbərləri yoxdursa, qoy onlar gedib Prezident Barak Obamanın məktublarını oxusunlar, Prezident Putinin, İtaliyanın Baş naziri Enriko Lettanın bəyanatlarına qulaq assınlar, Türkdilli Dövlətlərin başçılarının bəyanatlarına yenidən nəzər salsınlar.

Əlbəttə, şübhə etmirik ki, Sarkisyan özünü onlarla yanaşı qoymaq istərdi. Amma… bu, bizim müxalifətin xoşuna gəlib-gəlməsə də, Sarkisyan buna layiq deyil.