Azərbaycan qazı Türkiyə-Avropa sərhədində

Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans-Anadolu qaz kəməri (TANAP) vasitəsilə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən qaz Türkiyə-Avropa sərhədinə çatdırılıb.
SOCAR-dan XALQ.AZ verilən məlumata əsasən, 2018-ci il yanvarın 23-də TANAP-a Gürcüstan-Türkiyə sərhədindən daxil olan “Şahdəniz” qazı 2019-cu il iyunun 15-də tarixi bir gündə – Qurtuluş günündə Avropa sərhədinə çatdırılıb.
İstifadədə olan bir il ərzində TANAP-la Türkiyəyə 1,8 mlrd. kubmetr qaz nəql edilib. Cari ilin sonunadək kəmərlə Türkiyəyə 3 mlrd. kubmetr qaz nəql etmək planlaşdırılır.
Xatırladaq ki, 1 850 km uzunluğa malik olacaq TANAP-ın illik gücünün 16 mlrd. kubmetr təbii qaz nəql edəcək. Bunun 6 mlrd. kubmetri Türkiyəyə, 10 mlrd. kubmetri isə Avropaya veriləcək.
Avropaya qazın nəqli Trand-Adriatik qaz kəmərilə təmin ediləcək. TAP-la qazın nəqlinə 2020-ci ildə start veriləcək. Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

Yeganə