“Azərbaycan Sənaye Korporasiyası”nda layihələrin təqdimatı keçirilib-Fotolar

Azərbaycan Sənaye Korporasiyası” ASC-də “İllik Biznes Plan və Büdcənin Hazırlanması”, həmçinin “Maliyyə Nəzarəti və Risklərin İdarəedilməsi” layihələrinin təqdimatı keçirilib.

Adı çəkilən layihələrə aid yeni təlimatları və işçi faylları təqdim edən Korporasiyanın Maliyyə departamentinin direktoru Rövşən Məmmədov çıxışında bildirdi ki, zamanın tələblərinə və yeni çağırışlara çevik reaksiya verərək düzgün biznes qərarlarının qəbulu prosesində qeyd olunan layihələr üzrə yeni yanaşmaların tətbiqinə daim ehtiyac vardır. Maliyyə departamentinin direktoru onu da əlavə etdi ki, təlimatlar beynəlxalq standartlara və təcrübəyə əsaslanaraq hazırlanıb və Korporasiyaya daxil olan müəssisələrin biznes modelləri, strategiyaları və iş proseslərinin xüsusiyyətləri nəzərə alınıb.

Təqdimat iştirakçılarını Korporasiyanın Maliyyə funksiyasının missiyası, dəyərləri və strateji istiqamətləri ilə də tanış edən Rövşən Məmmədov onu da vurğuladı ki, biznes planlaşdırması, maliyyə nəzarəti, risk mühitinin təhlili proseslərinin təşkili və mütəmadi monitorinqi bu işlərin əsas tərkib hissəsi sayılır.

Təqdimatda mövzu ilə bağlı suallar dinlənildi və müvafiq qaydada cavablandırıldı. Həmçinin o da qeyd edildi ki, gələcəkdə yeni tələblər yarandıqca bu təlimatlara dəyişikliklər olunacaq və onlar təkmilləşdiriləcəkdir.

Sonda Korporasiyanın baş direktoru Kamran Nəbizadə hər iki layihə ilə bağlı fikir və tövsiyələrini bildirdi və hamıya uğurlar arzuladı.

“Azərbaycan Sənaye Korporasiyası”nda layihələrin təqdimatı keçirilib (FOTO)