Azərbaycan şirkətləri Serbiyada fəaliyyət göstərən müəssisələrin özəlləşdirilməsində maraqlıdır.

eldar
Azərbaycan şirkətləri Serbiyada fəaliyyət göstərən müəssisələrin özəlləşdirilməsində maraqlıdır. “APA-Economics” xəbər verir ki, bunu Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov bu ölkənin energetika naziri Aleksandr Antiçlə görüşü zamanı bildirib.
“Prioritet sahə kimi neft-kimya sektoru götürülüb”, – deyə səfir qeyd edib.
Diplomat həmçinin A. Antiçə Azərbaycanın energetika naziri Natiq Əliyevin “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının III iclasında iştirak üçün dəvətini çatdırıb.
E. Həsənov nazirə TANAP və TAP layihələrinin gedişatı barədə məlumat verib.
Tərəflər ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib.
A. Antiç iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdırıb. Eyni zamanda, nazir son zamanlar Azərbaycan tərəfindən Serbiya iqtisadiyyatına yatırılan investisiyaların həcminin artdığını qeyd edib.
Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının III iclası Bakıda bu il fevral 23-ə təyin edilib.