“Azərbaycan son illərdə bu sahələrdə çox böyük uğurlar qazanıb” – Cavanşir Feyziyev

Şərq Tərəfdaşlığı ölkələri arasında Avropa İttifaqı üçün ən önəmli tərəfdaş Azərbaycandır.

XALQ.AZ xəbər verir ki, bunu Aİ-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin həmsədri, millət vəkili Cavanşir Feyziyev müsahibəsi zamanı bildirib.

Müsahibəni təqdim edirik:

– Cavanşir müəllim, bir neçə gün öncə Avropa İttifaqı Şurası tərəfindən “2020-ci ildən sonra Şərq Tərəfdaşlığı siyasəti ilə bağlı Yekun Qətnamə” adlı qərar qəbul edildi. Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri olaraq bu qərarı və qərarda öz əksini tapmış müddəaları necə şərh edərdiniz, Şərq Tərəfdaşlığı Layihəsinin üzvü olan Azərbaycan üçün bu qərarın müsbət məqamları varmı, varsa hansılardır?

– Bəli, may ayının 11-də Avropa İttifaqı Şurası tərəfindən “2020-ci ildən sonra Şərq Tərəfdaşlığı siyasəti ilə bağlı Yekun Qətnamə” qəbul edildi və ictimaiyyətə açıqlandı. Əvvəlcə onu deyim ki, Şərq Tərəfdaşlığı Layihəsi Aİ-nin bütün qonşuları ilə münasibətlərinin əsas konsepsiyası olan “Avropa Qonşuluq Siyasətinin” xüsusi bir ölçüsüdür. Azərbaycan, Gürcüstan, Ukrayna, Belarus, Moldova və Ermənistan Şərq Tərəfdaşlığına daxil olan ölkələrdir və Aİ bu ölkələrlə əməkdaşlığını məhz Şərq Tərəfdaşlığı prinsipləri əsasında tənzimləməyə çalışır. Bir qayda olaraq, hər ilin may-iyun aylarında qəbul olunan Yekun Qərarda Aİ-nın ŞT üzvləri olan ölkələrlə növbəti il üçün əməkdaşlığının əsas istiqamətləri və prinsipləri öz əksini tapır. Bu ilki Qərarın 2-ci bəndində də Şərq Tərəfdaşlığı ideyasının həm siyasi-hüquqi aspektləri, həm də Şərq Tərəfdaşlığı çərçivəsində fəaliyyətin əsasını təşkil edən prinsiplər əks olunmuşdur. Qərarın 2-ci bəndində Şərq Tərəfdaşlığı çərçivəsində fəaliyyətlərin əsasını müəyyənləşdirən ümumi qarşılıqlı öhdəliklər təsvir olunub. Bu bənddə ŞT ərazisində demokratiya, rifah və sabitliyin qurulması Aİ və ŞT ölkələri üçün ümumi öhdəlik kimi təsbit olunub ki, bu da Aİ-nın ŞT ölkələrilə daha fəal əməkdaşlığına yol açır.

Bizim üçün mühüm əhəmiyyət kəsb edən digər bir məqam yenə də həmin bənddə qeyd olunmuş əməkdaşlıq prinsipləridir. Bu prinsiplərə görə ŞT ölkələrində “ərazi bütövlüyü, müstəqillik və suverenlik daxil olmaqla, beynəlxalq nizama, beynəlxalq hüquqa əsaslanan qaydalara, həmçinin fundamental dəyərlərə, azlıqlara mənsub şəxslərin hüquqları daxil olmaqla, bütün şəxslərin insan hüquqlarına və fundamental azadlıqlarına hörmət, demokratiya, qanunun aliliyi, səmərəli idarəçilik, gender bərabərliyi, davamlı inkişaf və bazar iqtisadiyyatı” Aİ ilə ŞT arasında əməkdaşlıqda ümumi öhdəliklər kimi qəbul olunur. Adətən bu sənədlə qəbul olunan qərarlar bir sonrakı Şərq Tərəfdaşlığı Sammitinin Yekun Bəyannaməsi üçün bir əsas təşkil edir. Belə olan halda, Avropa İttifaqı Şurası tərəfindən qəbul edilən hazırkı sənəddə ərazi bütövlüyü, müstəqillik və suverenlik prinsiplərinin qeyd edilməsi, bu prinsiplərin həm Aİ, həm də Şərq Tərəfdaşlığı ölkələri üçün ümumi və ortaq öhdəliklər olaraq müəyyən edilməsi olduqca müsbət haldır bizim milli maraqlarımıza tamamilə uyğundur.

– Bundan əvvəl qəbul edilən analoji sənədlərdə də bu prinsiplər yer alırdımı?

– Bundan öncəki sənədlərdən fərqli olaraq, Aİ Şurası ilk dəfə olaraq öz sənədində ərazi bütövlüyü, müstəqillik və suverenlik prinsiplərini, eləcə də beynəlxalq nizama və beynəlxalq hüquqa əsaslanan qaydaları “ümumi öhdəlik” (shared commitment) kimi qiymətləndirir və Aİ üçün strateji xarakter daşıyan “fundamental dəyələr”lə bir siyahıda qeyd edir. Bunu əvvəllər dəfələrlə Azərbaycan tərəfindən edilən çağırışlara müsbət cavab kimi də qiymətləndirə bilərik. Belə ki, Azərbaycan həmişə tərəfdaş dövlətlərin ərazi bütövlüyünün, suverenliyinin və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının Aİ tərəfindən qəbul olunan sənədlərdə dəstəklənməsinin birmənalı şəkildə ifadə olunmasını tələb edib və bu tələb hər zaman qüvvədə olacaq. Eləcə də bütün münaqişələrin beynəlxalq hüquq normaları əsasında həll olunmasının bir prinsip olaraq qəbul edilməsi və bunun da sənədlərdə öz əksini tapması Azərbaycanın bütün beynəlxalq təşkilatlar qarşısında, o cümlədən Aİ ilə əməkdaşlıq edərkən irəli sürdüyü ən vacib şərtdir. Bu baxımdan, bu il qəbul olunmuş Qərarda Azərbaycanın maraqları tam təmin olunub.

– Qeyd etdiyiniz məsələlər önəmlidir, amma hər halda bütün ŞT ölkələrinə aiddir. Bəs bu sənəddə sırf Azərbaycanla bağlı hər hansı ifadələr və ya fikirlər varmı?

– Bəli, var və bu Aİ ilə Azərbaycan arasında müzakirə olunan Yüksək səviyyəli Əməkdaşlığa dair yeni Müqavilə ilə bağlıdır. Sənədin 5-ci bəndində “Şura yeni çərçivə sazişi ilə bağlı Aİ və Azərbaycan Respublikası arasında davam edən danışıqlarda olan irəliləyişi təqdir edir” ifadəsi yer alır. Aİ Şurasının bu sənədində Aİ ilə Azərbaycan arasında bağlanması nəzərdə tutulan Müqaviləyə istinad olunması bizim üçün xüsusi əhəmiyyətə malikdir. Bildiyiniz kimi, Müqavilə üzərində işlər yekunlaşdıqdan sonra onun Layihəsi həm milli parlamentlər tərəfindən, həm də Avropa Parlamenti tərəfindən təsdiq olunmalıdır. Bu, bir tərəfdən, Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında imzalanacaq yeni və daha müfəssəl Müqavilənin Avropa İttifaqı dövlətlərinin diqqət mərkəzində saxlanılması deməkdir, digər tərəfdən isə Aİ-nın bu Müqaviləylə bağlı davam edən danışıqlar prosesini tezliklə yekunlaşdırmaqda maraqlı olduğunu özündə ehtiva edir.

Az öncə dediyim kimi, sənəddə üç əsas məsələ – “ərazi bütövlüyü, müstəqillik və suverenlik prinsipləri”nin qeyd olunması, Aİ-Azərbaycan arasında yeni sazişlə bağlı danışıqlara dəstək ifadə olunması və münaqişələrin beynəlxalq hüquq normaları çərçivəsində həllinin vacibliyi bizim üçün fundamental məsələlərdir və bütün bunlar Qərarda öz əksini tapıb. Bunlardan başqa, Qərarda nəqliyyat, enerji və rəqəmsal texnologiyarlar sahəsində əməkdaşlıq məsələsinə də ciddi diqqət ayrılmışdır. Azərbaycan son illərdə bu sahələrdə çox böyük uğurlar qazanıb və Şərq Tərəfdaşlığı ölkələri arasında Aİ üçün ən önəmli tərəfdaşdır. Həmçinin Aİ Şurası İttifaqın enerji təhlükəsizliyinin təmin edilməsi məsələsini də prioritet hesab edir və bu sahədə də Azərbaycanın oynadığı rol əvəzsizdir. Prezident İlham Əliyevin uğurlu enerji siyasəti ölkəmizi Avropanın enerji təminatında və enerji marşrutlarının şaxələndirilməsində ən vacib və etibarlı tərəfdaş kimi tanıtdırıb. Avropanın enerji təhlükəsizliyi sahəsində əməkdaşlıqdan danışarkən ŞT ölkələri arasında Aİ-nin yeganə tərəfdaşı məhz Azərbaycandır. Ona görə Qərarın bu hissəsində qeyd olunanların da bilavasitə Azərbaycana aidiyyatı var.

– Cavanşir müəllim, ATƏT-in Minsk Qrupunun 3 həmsədrindən biri olan Fransa Avropa İttifaqını təmsil edir. Avropa İttifaqının bu sənədində Dağlıq Qarabağ münaqişəsi və onun həlli ilə bağlı məsələyə də toxunulubmu?

– Əslində sənəddə heç bir münaqişəyə dair ayrılıqda fikir bildirilməyib. Amma Qərarın 17-ci bəndində ümumiyyətlə hərbi münaqişələr məsələsinə toxunulub, daha effektiv iqtisadi və sosial inkişafın təmin olunması, əməkdaşlıq əlaqələrinin intensivləşməsi üçün hərbi münaqişələrin həllinin, etimad mühitinin yaradılmasının və yaxşı qonşuluq münasibətlərinin formalaşdırılmaısnın əhəmiyyəti vurğulanıb. Aİ Şurası bu bənddə həm də münaqişələrin qarşısının alınması, etimad mühitinin qurulması və indiyədək razılaşdırılmış danışıqlar formatları çərçivəsində münaqişələrin danışıqlar və sülh yolu ilə həllini dəstəklədiyini bəyan edir. Bu sənəddə eləcə də münaqişələrin önlənməsində qadınların və gənclərin də əhəmiyyəti ön plana çəkilir.

– Viza məsələsinə heç toxunmadınız. Azərbaycan vətəndaşlarının Avropa ölkələrinə vizasız gediş-gəlişinin təmin olunması nə dərəcədə realdır və ya bunun reallaşmasını nə zamana gözləyə bilərik?

– Deyəsən, siz də tez-tez Avropaya səfər etmək istəyirsiz. Təbii arzudur və düşünürəm ki, bu da çox vacibdir. Zənnimcə, Avropa ölkələri ilə gediş-gəlişin asanlaşdırılması hər iki tərəf üçün çox faydalı olar. Bir tərəfdən, dünyagörüşümüzün genişlənməsi, qarşılıqlı iqtisadi əməkdaşlığın daha da fəallaşması üçün, digər tərəfdən isə Avropanı öyrənərək malik olduğumuz milli dəyərlərin özümüz tərəfindən bir daha qiymətləndirilməsi və bu dəyərlərin qorunması zərurətini anlamaq üçün humanitar əlaqələrin genişlənməsini faydalı hesab edirəm.

Hazırda üzərində müzakirə aparılan yeni Müqavilə layihəsinin 18-ci bəndində sərbəst viza rejimi və onun tətbiqi ilə bağlı müddəalar yer alır. Qeyd edilir ki, Avropa İttifaqı ölkələrinə səfər etmək sərbəst viza rejiminə sahib olan ölkələrlə mövcud fəaliyyət planının effektiv icrası təmin olunmalı, vətəndaşları hələ də viza almalı olan ölkələrlə bağlı viza verilməsi qaydalarının liberallaşdırılması barədə danışıqlara başlanması imkanları dəyərləndirilməlidir. Azərbaycanla Aİ arasında hazırda daha geniş əməkdaşlıq imkanları açacaq Müqavilə üzərində iş gedir və əminəm ki, bu işlərin yekunlaşdırılması ilə vizaların asanlaşdırılması istiqamətində də irəliləyiş əldə ediləcək.